ƏMANƏTLƏR QAYIDACAQ

LAZIMİ SƏNƏDLƏR HÖKUMƏTƏ TƏQDİM EDİLMƏK ÜÇÜN HAZIRLANIR

Milli Məclisə hələlik batmış əmanətlərin qaytarılması ilə bağlı qanun layihəsi daxil olmayıb. Amma bunun mexanizmləri dəqiqləşdirildikdən sonra məsələyə qayıdılacaq. Bunu Milli Məclisin iqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə bildirib.
Onun sözlərinə görə, batmış əmanətlərin qaytarılması hökumətin diqqət mərkəzindədir. Hazırda Baş nazirin rəhbərliyi ilə yaradılmış dövlət komissiyası artıq Maliyyə Nazirliyi, "Kapital bank" və digər təşkilatların iştirakı ilə araşdırmalar aparır.
Əmanətlərin qaytarılmasında müəyyən problemlərin olduğunu deyən Z.Səmədzadə qeyd edib ki, əsas fikir ayrılıqlarından biri əmanətlərin necə indeksasiya ediləcəyi ilə bağlıdır. "Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın və məcburi köçkünlərin yaranması öz növbəsində çoxsaylı saxta kitabçaların peyda olmasına da gətirib. Belə hallar aşkar edilib" deyən millət vəkili qeyd edib ki, hazırda həmin kitabçaların dəqiqləşdirilməsi ilə əlaqədar arxiv materiallarına müraciət edilir.
Z.Səmədzadə bu günlərdə hökumətin üzvləri və Maliyyə Nazirliyi ilə danışıqlar aparıb. "Onlar lazımi sənədi hökumətə təqdim etmək üçün hazırlayırlar. Qanun layihəsini hazırlamaq problem deyil. Amma elə mexanizm seçməliyik ki, onun tətbiqi nəticəsində ölkədəki maliyyə sabitliyi davam etsin, eyni zamanda əmanətçilərin də hüquqları bərpa olunsun". Qeyd edək ki, Maliyyə naziri Samir Şərifov isə lazım olan qanun layihəsinin hazır olduğunu və müzakirə edildiyini, qaytarılma mexanizmi dəqiqləşdirildikdən sonra əmanətlərin qaytarılmasına başlanacağını demişdi. Nazir əmanətlərin 2007-ci il yanvarın 1-də qaytarılacağını göstərmişdi.
2005-ci il parlament seçkiləri ərəfəsində Prezident İlham Əliyev əhalinin sovet dövründən əmanət banklarında qalan vəsaitlərinin qaytarılmasının təşkili üçün dövlət komissiyası haqqında fərman imzalayıb.
Həmin fərmanda qeyd olunur ki, yaradılan komissiya sovet dövrünün Əmanət Bankına 1992-ci ilin yanvarın 1-dək qoyulan pulların qaytarılası üçün qanun layihəsi və mexanizm hazırlayıb Prezidentə təqdim etməlidir. İlham Əliyev həmçinin banklarda əhaliyə olan borcun hesablanmasını da tapşırmışdı.



«ƏMANƏTLƏR QAYIDACAQ»   -
«Ülfət Qazeti»   -