TOYLARDA SÜFRƏYƏ VERİLƏN MAL VƏ TOYUQ ƏTİ ZƏHƏR MƏNBƏYİDİR

GİGİYENA VƏ EPİDEMİOLOGİYA MƏRKƏZİ ŞADLIQ EVLƏRİNDƏ YOXLAMALARA BAŞLAYIB

Binə, Bərdə və Xanlarda toy məclislərində baş verən kütləvi şəkildə zəhərlənmələrin baş verməsi Gigiyena və Epidemiologiya Mərkəzini şadlıq evlərində yeməklərin və içkilərin saxlanma şəraiti ilə bağlı araşdırmaları gücləndirməyə məcbur edib.
Mərkəz qida zəhərlənmələri ilə əlaqədar ictimai iaşə müəssisələrində, restoranlarda, şadlıq evlərində və digər ticarət obyektlərində yeyinti məhsullarının keyfiyyətini yoxlamaq məqsədi ilə monitorinqlərə başlayıb. Mərkəzin şöbə müdiri İmran Abdullayev bildirib ki, gigiyenik rejimə riayət etməyən obyektlərə qarşı cərimələr tətbiq olunacaq, bəzi obyektlərin fəaliyyətinin dayandırılması istisna edilmir.
İ.Abdullayev bildirib ki, zəhərlənmələrin baş verməsində əsas faktor isti hava şəraitində yeyinti məhsullarının tələb olunan rejimə uyğun saxlanmamasıdır. Belə ki, istər mal əti, istər toyuq və digər qida məhsulları bişirildikdən bir neçə saat sonra süfrəyə gətirilir.
Bu zaman həmin məhsulun tərkibindəki stafilakok bakteriyaları aktivləşir və insan orqanizminə daxil olduqdan sonra zəhərlənmələrə səbəb olur. Gigiyenik rejimə əsasən, toy məclislərində mal və toyuq əti, eləcə də digər qida əlavələri hazırlandıqdan sonra soyuducularda saxlanmalıdır.
Həmin məhsulların saxlandığı yerdə havanın temperaturu 5 müsbət dərəcədən artıq olmamalıdır. Amma reallıq bundan ibarətdir ki, əksər toy məclislərində yeməklərin saxlandığı yerdə havanın temperaturu 20-25 dərəcə olur.
Bundan əlavə, həmin qida əlavələri hazırlandıqdan 5-6 saat sonra süfrəyə qoyulur. Bu isə stafilakok çöplərinin aktivləşməsinə və zəhərlənmələrin yaranmasına gətirib çıxarır. İ.Abdullayev bildirir ki, toy sahibləri bu amilləri nəzərə alaraq yeməyin saxlanma şəraitinə ciddi fikir verməlidir.
İqtisadi İnkişaf Nazirliyi isə əhalinin zəhərlənməsində başlıca rol oynayan qida məhsullarının istehsal və satış obyektlərində ciddi yoxlamalara başlanılacağını xəbərdar edib. Nazirlik Respublika GEM-in apardığı müayinələrdən sonra hansı məhsulların zəhərlənmələrdə əsas yer tutmasının məlum olmasından sonra həmin malların istehsal şəraitinin araşdırılacağını bildirir.



«TOYLARDA SÜFRƏYƏ VERİLƏN MAL VƏ TOYUQ ƏTİ ZƏHƏR MƏNBƏYİDİR»   -
«Ülfət Qazeti»   -