DÜNYA İQTİSADİYYATI ÇÖKÜR

2008-Cİ İLDƏ İQTİSADİ BÖHRAN 1 MİLYON İNSANIN ACLIQDAN ÖLÜMÜNƏ SƏBƏB OLACAQ

2008-ci il dünya iqtisadiyyatı üçün yaxşı nəticələr vəd etmir. Bu il 2007-ci ildə başlayan qlobal iqtisadi problemlərin bir qədər də gərginləşməsi ilə müşayiət olunacaq. Dünyanın aparıcı dövlətlərinin üzləşdiyi mənfi tendensiyaların daha da kəskinləşəcəyini proqnozlaşdıran ekspertlər buna əsasən neft və qaz bazarındakı gərginliklərin təsir göstərəcəyini güman edirlər.
Ümumdünya İqtisadi Forumunun yeni hazırladığı hesabatda bildirilir ki, 2008-ci ildə dünyanın inkişaf etmiş dövlətləri ən yüksək iqtisadi və siyasi risklərlə üzləşməli olacaq.
Ümumdünya İqtisadi Forumunun hesabatında gözlənilən risklər iqtisadi, geosiyasi, təbii, sosial və texnoloji elementlər üzrə xüsusi qruplara ayrılıb. 2008-ci ildə dünya ölkələrini gözləyən əsas təhlükələr yenə də maliyyə böhranı, neft məhsullarının bahalaşması və bunun fonunda ərzaq mallarının qiymət artımı ilə bağlı ola bilər.
Artıq Beynəlxalq Enerji Agentliyi ilə OPEK-in apardığı danışıqlar da səmərə vermir və təşkilatın iqtisadçıları ötən gün yeni açıqlamalarında bu il "qara qızıl"ın bir barelinin qiymətinin görünməmiş dərəcədə fantastik göstəriciyə - 200 dollara çatacağını bildiriblər. Onların qənaətinə görə, bu tendensiya iqtisadi baxımdan orta inkişafa malik ölkələrdən daha çox, inkişafına görə ilk onluğa daxil olan dövlətlərin iqtisadiyyatına daha çox zərbə vuracaq. Hesablamalara görə, hazırda dünya neft bazarında 2 milyard tondan çox neft satılır. Neftin bahalaşma tendensiyasına təsir göstərən amillər sırasında ABŞ-ın apardığı məntiqsiz siyasətin də başlıca faktor olması istisna edilmir. Belə ki, İrana qarşı sanksiyalar və superdövlətin Tehranı təcrid siyasəti vəziyyəti ABŞ-ın dünya iqtisadiyyatında və maliyyə bazarlarında böyük itkilərlə qarşılaşmasına gətirib çıxarıb. İranın OPEK-də güc mərkəzlərindən biri olması və dünya bazarının 40 faizini neftlə təmin edən bu təşkilatın İslam həmrəyliyi nümayiş etdirməsi Amerikanın həm ərzaq, həm də maliyyə bazarlarında nüfuzunun aşağı düşməsi ilə nəticələnib. Dünya üzrə neft ixracının demək olar üçdə iki hissəsinə OPEK nəzarət edir. Mütəxəssislər hesab edir ki, yaxın gələcəkdə OPEK-in dünya neft bazarına nəzarəti daha da güclənəcək. Türkiyə ilə ABŞ-ın münasibətlərində ötən ilin sonlarında yaranan gərginlik də neft bazarındakı vəziyyətə təsirsiz ötüşməyib. Bununla yanaşı, Venesuela, Qətər və digər anti-Amerika mövqeyə malik dövlətlərin ABŞ-ın dünya hegemonluğunun qarşılığında iqtisadi vasitə kimi neft amilindən yararlanması qlobal iqtisadi təhlükələrin artmasını sürətləndirir. Dünya iqtisadiyyatında baş verən mənfi tendensiyalara Rusiyanın apardığı "çirkin siyasət" də təsirsiz ötüşməyəcək.
Bu ölkənin yeni ilin ilk günlərindən qazı n qiymətini yenidən qaldırması Avropa ölkələrinin yanacaq problemini bir qədər də gərginləşdirib. Xatırladaq ki, Rusiya Litvaya, Latviyaya, Ukraynaya, Moldovaya, Rumıniyaya və digər ölkələrə qazın 2 dəfə bahalaşmasına dair xəbərdarlıq edib.
Məsələ ondadır ki, əksəriyyəti Avropa Birliyinin üzvü olan bu dövlətlərə qarşı bu cür siyasətin yürüdülməsi Rusiyanın Avropanın enerji təhlükəsizliyinə qarşı planlarının tərkib hissəsi kimi qiymətləndirilir. İqtisadçıların fikrincə, neft və qazın qiymətlərinin dünya bazarında bahalaşması təkcə bu il dünya iqtisadiyyatına 250 milyard - 1 trilyon dollar ziyan vuracaq.
Beynəlxalq İqtisadi Forumunun hesabatını tərtib edən ekspertlər 2008-ci ildə neftin 100 dollardan 200 dollaradək yüksəlməsinin ciddi şəkildə ərzaq və məişət məhsullarının bahalaşmasına təkan verəcəyini də güman edirlər. Avropanın əksər ölkəsində xammal və avadanlıqların qiymətləri yüksələcək.
Ekspertlər hesab edirlər ki, ərzaq mallarından ən çox taxıl, şəkər çuğunduru, yağ, süd məhsulları bahalaşmaya məruz qalacaq. İş ondadır ki, bəzi iri şirkətlər neftin bahalaşmasından sonra taxıl və şəkər çuğundurundan yanacaq almaq üçün sənaye məqsədi ilə istifadə etməyə başlayıb.
Həmin məhsullardan alınan yeni yanacaq növü - bioetalon istehsalı neftdən xeyli ucuz başa gəlir. Bioetalonun istehsalı təxminən 35-40 dollara başa gəlir. Taxıl və şəkər çuğundurunun bioetalon istehsalına yönəldilməsi insanların qida rasionu üçün nəzərdə tutulan bu strateji məhsulların azalmasına, nəticədə qiymətlərin artmasına və inflyasiyanın dərinləşməsinə səbəb olacaq.
Ərzaq çatışmazlığı 21-ci əsrin ən böyük təhlükəsi kimi qiymətləndirilir. Bu riskin artması insanların yaşayış səviyyəsini çətinləşdirəcək. Hesabat müəllifləri belə qənaətdədirlər ki, ərzaq probleminin kəskinləşməsi əhalinin həyat səviyyəsinin pisləşməsinə, yoxsulluğun artmasına, hətta aclıqdan insan ölümlərinə gətirib çıxaracaq.
Hesablamalara görə, 2008-ci ildə 1 milyon insan ərzaq ehtiyacından ölümə düçar olacaq. Neftin bahalaşması həmçinin ABŞ dollarının ucuzlaşması, qiymətli metalların, xüsusilə də qızılın qiymətinin kəskin şəkildə artmasına təsir göstərəcək. Qızılın bir unsiyası (330 qramı) 1000 dolları ötəcək. Hətta ağ qızılın 1 unsiyasının qiyməti rekord səviyyəyə - 2000 dollara çatacaq.



«DÜNYA İQTİSADİYYATI ÇÖKÜR»   -
«Ülfət Qazeti»   -