Ali məktəblərə qəbul planı azaldılacaq

Dünən Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında Təhsil naziri bildirib ki, gələn ildən ali təhsil sisteminə bir sıra dəyişikliklər tətbiq olunacaq. Belə ki, hazırda bakalavr pilləsində tədris olunan bəzi ixtisasların sayı azaldılacaq. Bundan əlavə, gələcəkdə ali təhsildə qəbulla bağlı bəzi dəyişikliklər də gözlənilir. TN ali təhsil müəssisələrinə qəbul aparılarkən tələbi nəzərə alacaq. Yəni müxtəlif sahələr üzrə təşkilatlarda nə qədər kadr tələb olunursa, dövlət ali məktəblərinə həmin ehtiyaca uyğun tələbə qəbul olunacaq. Özəl ali məktəblərə isə belə məhdudiyyətlər qoyulmayacaq.
2008-ci ildə Təhsil Nazirliyinin qarşısında duran əsas vəzifələrə toxunan Misir Mərdanov başlıca məqsəd kimi təhsil sisteminin ayrı-ayrı pillələri üzrə təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasının dayandığını söyləyib. Bu il büdcədən həmin tədbirlərin həyata keçirilməsi üçün 196 milyon manat vəsait ayrılıb ki, həmin maliyyə hesabına 523 təhsil obyektində iş aparılacaq. Xatırladaq ki, 2004-cü illə müqayisədə bu il hökumətin təhsil sahəsinə yönəltdiyi investisiyaların həcmi 32 dəfə artıb. 2004-cü ildə bu sahəyə sərf olunan investisiyalar cəmi 5,8 milyon manat təşkil edib. Son 4 ildə ümumilikdə dövlət büdcəsindən təhsilə bütün sahələr üzrə ayrılan vəsaitlərin məbləği 3,5 dəfə çoxalıb. 2003-cü ildə büdcənin 243 milyon manatı təhsilə yönəldilirdisə, 2008-ci ildə bu rəqəm 974 milyon manata çatıb. Təkcə ötən il təhsil sahəsində 14 dövlət proqramı üzrə tədbirlər həyata keçirilib. "Məktəbəqədər təhsilin yeniləşdirilməsi proqramı"na uyğun olaraq son illərdə 254 min yerlik 1217 yeni məktəb inşa olunub. Hökumət bununla yanaşı, orta məktəblərin istilik təchizatına böyük diqqət yönəldib. M.Mərdanov deyib ki, bu il 243 məktəbin istilik sistemi təmin olunacaq. Müqayisə üçün bildirək ki, ötən il 270 məktəbin istiliklə təminatı həll edilib. 2008-ci ildə Təhsil Nazirliyinin xətti ilə 115 yeni məktəb tikilib istifadəyə veriləcək. 32 məktəbin əlavə korpusu tikilməklə yanaşı, 94 orta məktəbin əsaslı təmiri aparılacaq. Bundan əlavə, 21 uşaq bağçası əsaslı şəkildə təmir ediləcək. Təhsil Nazirliyi bu ildən etibarən texniki-peşə məktəblərinin də yenidən qurulmasına diqqət ayıracaq. Bu il 4 peşə məktəbinin əsaslı təmiri nəzərdə tutulur. M.Mərdanov ilin sonuna kimi 4 rayonun təhsil şöbəsinin də tikilməsinin başa çatdırılacağını vurğulayıb. Nazirlik 10 internat məktəbinin əsaslı təmirinə də vəsait xərcləyəcək.
Onu da əlavə edək ki, Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində 2005-ci ildə 132 məktəb tikilib, 2006-cı ildə 29 internat məktəbi əsaslı təmir edilib. 2006-2007-ci illərdə isə 52 yeni məktəb və korpuslar inşa edilərək ən müasir avadanlıqlarla təmin olunub. Ümumilikdə Fondun təşəbbüsü ilə son 3 ildə 34 min yerlik 184 məktəb tikilib, 37 məktəb isə əsaslı təmir olunub. M.Mərdanov yeni istifadəyə verilən məktəblərin kompyuter və digər informasiya texnologiyaları ilə təmin olunduğunu xatırladıb. Son 3 ildə 325 məktəb həmin avadanlıqlarla təmin edilib. Nazir hazırda əsas diqqətin kompyuterlə təmin olunmuş təhsil müəssisələrində informasiya texnologiyalarından səmərəli istifadədən və internet şəbəkəsinin genişləndirilməsindən ibarət olduğunu söyləyib.
2008-2009-cu illər üzrə tədris proqramının məzmununa toxunan nazir bildirib ki, bu il yeni çap olunan dərsliklər milli kurrikulum sənədinə əsasən hazırlanacaq. Birinci sinif üçün 123 min ədəd müxtəlif adda çap olunan dərsliklərlə bərabər, müəllimlər üçün də dərs vəsaitlərinin nəşri nəzərdə tutulub. Bu il fransız, alman, rus dillərində birinci sinif dərsliklərinin nəşri təzələnəcək. 2008-ci ildə ümumilikdə Təhsil Nazirliyi 81 adda 4 milyon 205 min nüsxəyə yaxın dərslik, müəllimlər üçün isə 21 adda 79 min 500 nüsxə vəsait nəşr edəcək. Bundan əlavə, 19 adda 351 mindən çox xəritə məktəblərə paylanacaq. M.Mərdanov Prezidentin sərəncamı ilə təsdiq edilmiş ilin ən yaxşı 100 müəllimi və şagirdinin müəyyən olunması haqqında proqrama uyğun olaraq tədbirlərin icrasına başlandığını diqqətə çatdırıb. Bu məqsədlə Nazirlikdə yaradılmış Təşkilat Komitəsi üç mərhələdə iki müsabiqə keçirəcək. Hazırda bununla əlaqədar Nazirlikdə sənəd qəbulu prosesi aparılır. Bu il 11-ci sinif şagirdləri üçün test imtahanları mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.
Təhsil naziri "Təhsil haqqında" Qanunun parlamentin iclasında müzakirəyə çıxarıldıqdan sonra qəbul olunacağını əmin edib. Onun fikrincə, qanun layihəsində problem yarada biləcək detallar olmadığından sənədin qəbuluna hansısa maneənin olacağından danışmaq mümkün deyil.



«Ali məktəblərə qəbul planı azaldılacaq»   -
«Ülfət Qazeti»   -