“İcbari tibbi sığorta işlədikcə həkimlərin xəstələrdən asılılığı aradan qalxacaq”
Məsələyə münasibət bildirən Milli Məclisin Sosial Siyasət daimi Komissiyasının üzvü, millət vəkili Musa Quliyev əhaliyə pulsuz tibbi xidmətin göstərilməsi və səhiyyə sahəsində bu kimi problemlərin qarşısının alınması üçün ilk növbədə icbari tibbi sığortanın tətbiqini vacib sayır: "İcbari tibbi sığorta işlədikcə həkimlərin xəstələrdən asılılığı aradan qalxacaq. Eyni zamanda xəstə və həkim arasında subyektiv münasibətlərə son qoyulacaq. Çünki sığorta olunan şəxs müayinə olunmaq üçün istədiyi klinikanı seçə biləcək və yüksək səviyyəli tibbi xidmət alacaq. Digər tərəfdən həkimlərin maaşları o səviyyəyə çatdırılmalıdır ki, onlar xəstələrdən maddi baxımdan asılı olmasınlar. Mərkəzi Kliniki Xəstəxananın və Neftçilər Xəstəxanasının bu sahədə gözəl numunəsi var. Həmin xəstəxanalar, o cümlədən bir neçə özəl klinikada həkim və xəstə arasında ödəniş məsələsi yığışdırılıb. Klinikaya rəsmi ödəniş aparıldıqdan sonra xəstələr yüksək səviyyədə tibbi xidmət ala bilir". M.Quliyevin qənaətinə görə, ödənişli tibbi xidmətdən imtina vaxtından əvvəl atılan addım olub: "Nümayişkaranə şəkildə ödənişli tibbi xidmətdən imtina lazım deyildi. Çünki həkimlərin əməkhaqqısının indiki səviyyəsində bu addım ancaq neqativ halların artmasına səbəb olacaqdı. Nəzərə almaq lazımdır ki, inzibati metodlarla bu məsələləri həll etmək mümkün deyil. Sovet dövründə də həkimlərə az maaş verildiyi üçün onların rüşvət almasının qarşısını almaq mümkün olmayıb. Həkimlərin xəstələrdən pul alması o zamanadək davam edəcək ki, onlar öz zəhmətinin müqabilində lazımi əməkhaqqını alsın. Həkim çəkdiyi zəhmət müqabilində kifayət qədər əməkhaqqı almalıdır. Onun üçün fərqi yoxdur ki, həmin əməkhaqqını ona dövlət, özəl klinikanın rəhbəri, yoxsa xəstə verəcək". İqtisadçı Vüqar Bayramov isə səhiyyə sistemində neqativ halların qarşısının alınması üçün köklü islahatların aparılmasına ehtiyac olduğunu bildirir: "Hazırda səhiyyə işçilərinin orta aylıq əməkhaqqı 100 manatdan da aşağıdır. Amma bu həmin sahədə qeyri-leqal ödəmələrin aparılmasına haqq qazandırmır. Dünya Bankının açıqlamasına görə, Azərbaycanda səhiyyənin maliyyələşdirilməsinin 70 faizi "stolaltı ödənişlər"dir. Yəni xəstələrdan alınan pullar səhiyyə sahəsində çalışanların əsas gəlir mənbəyidir. Buna görə də səhiyyə sahəsinə dövlət tərəfindən ayrılan vəsaitlər bataqlığa axıdılan suya bənzəyir. 2000-ci illə müqayisədə səhiyyə sahəsinə ayrılan vəsait 2006-cı ildə 4 dəfə, 2007-ci ildə 6 dəfə, 2008-ci ildə isə 8 dəfə artıb. Həmin xərclərin 70 faizinin əməkhaqqının ödənilməsinə yönəldilməsinə baxmayaraq, bu sahədə problemlərin həllinə yardımçı ola bilməyib. Buna görə də səhiyyə sistemində köklü islahatlar aparılmalıdır".
A.Xalid.
|