“Sahil bağı"nın sökülməsi ilə ərazini su basa bilər

Layihəyə əsasən, parkda yaşıllıq saxlanılmaq şərtilə 2-3 mərtəbəli yeraltı qaraj tikiləcək, fontan quraşdırılacaq. Bağda Bakı komissarlarına qoyulan monumentin sökülməsi də bununla əlaqədardır. Abidənin altındakı məzarların köçürülməsinə gəlincə isə, icra hakimiyyətindən bildiriblər ki, cəsədlərin hansı qəbiristanlığa köçürülməsi barədə qərarı Bakı Şəhər İcra Hakimiyyəti verəcək.
Məlumat üçün bildirək ki, dəfələrlə həmin ərazidə tikinti işləri aparılmasına baxmayaraq, təhlükəli olduğuna görə bu plan təxirə salınıb. Maraqlıdır, indi ərazidə hansı təhlükəsizlik tədbirlərinə əməl edilməklə, tikinti işlərinə icazə verilib? Əməkdar memar Emil Axundov bildirdi ki, həmin ərazidə hər hansı tikinti işlərinin aparılması çox təhlükəlidir: ""Sahil" metrostansiyası tikiləndə də ərazini su basmaq təhlükəsi yaranmışdı. Ərazi dənizə yaxın olduğundan burada metro stansiyasının tikilməsinə hələ o vaxtlar metropoliten işçiləri etiraz etmişdilər. Lakin etiraza məhəl qoyulmadı. Nəticədə metronu su basmağa başladı. Bunun qarşısını almaq həmin vaxtlar çox çətin oldu. Yalnız Moskvadan gələn və yerli memarların köməyi ilə həmin təhlükənin qarşısı alındı".
Memar həmçinin bildirdi ki, ərazidə yeraltı qarajların tikilməsi barədə əvvəlcədən məlumat verilməli və bununla bağlı istər yerli memarların, istərsə də xarici ölkələrdəki peşəkar memarların fikri öyrənilməli idi: "Mənim zənnimcə, həmin ərazidə nəinki 2-3 mərtəbəli, heç 1 mərtəbəli yeraltı qaraj da tikmək olmaz. Çünki Xəzər dənizinin səviyyəsi günbəgün qalxmaqda davam edir. Suyun səviyyəsinin qalxdığı bir vaxtda, bu, çox təhlükəlidir. Bağ bu günə kimi dəfələrlə sökülüb, dəyişdirilib. Həmişə də dəyişikliklər zamanı abidələr sökülüb, ağaclar məhv edilib. Bu dəfə də ediləcək dəyişikliklər zamanı yeraltı qaraj hazır olduqdan sonra heç bir parkın salınmayacağını düşünürəm. Ərazini dağıtdıqdan sonra heç olmasa kol-kos da əkməyəcəklər. Sizi inandırım ki, yeraltı qaraj tikildikdən sonra onun üzərində işıq dayaqları tikiləcək".
E.Axundov həmin ərazidə qaraja, özü də 2-3 mərtəbədən ibarət yeraltı qaraja ehtiyac olmadığını bildirdi: "O ərazidə bu gün əhalinin neçə faizi yaşayır? Və həmin yeraltı qaraj kimlərə lazım olacaq? Hazırda ərazidə Pedaqoji Universitet, 2-3 mərtəbəli bir yaşayış binası, bir sıra inzibati orqanların ofisindən başqa heç nə yerləşmir. Əgər park tikmək istəyirdilərsə, Nobel prospektində böyük ərazi boşdur. Plansız çox sayda tikililərin tikilməsi artıq Bakının tikinti sektorunu təhlükə altında qoyub. Artıq baş plandan heç bir əsər-əlamət qalmayıb. Heç olmasa, belə tikililərin inşa edilməsində şəhər əhalisi ilə məsləhətləşsinlər. Axı onlar bu obyektdən yararlanmalı olacaqlar".
E.Axundov memarlıq abidəsinin sökülməsi əvəzində onun üzərində kiçik bir dəyişiklik edilməsini daha optimal variant saydığını dedi.
GÜLƏR.



«“Sahil bağı"nın sökülməsi ilə ərazini su basa bilər»   -
«Ülfət Qazeti»   -