15 yaşı tamam olmayan azyaşlıların işə götürülməsi qanunla qadağan edildi
Ziyafət Əsgərov: "Sərəncam imzalanan zaman Nazirlər Kabinetinə uşaqların işləməsi mümkün olan iş yerlərinin siyahısının hazırlanması tapşırılacaq"
Milli Məclisin növbəti plenar iclasında Əmək və Ailə Məcəlləsinə əlavə və dəyişikliklər qəbul edilib. Ailə Məcəlləsinə edilən düzəlişdə qeyd olunur ki, uşaq hüquqlarının həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanları nəzarət etməlidir. Əmək Məcəlləsində edilən dəyişiklikdə isə göstərilib ki, bundan sonra 15 yaşı tamam olmayan uşaqların işə götürülməsi və azyaşlılarla əmək müqavilələrinin bağlanması qəti qadağandır. Əks təqdirdə uşaqları işəgötürən tərəf məsuliyyətə cəlb oluna bilər. Əmək və Ailə Məcəlləsinə edilən əlavə və dəyişikliklər barədə millət vəkillərinin fikrini öyrəndik. Məsələyə münasibət bildirən deputat Fazil Qəzənfəroğlu dedi ki, əlavə və dəyişikliklərin bu formada qəbulu bir sıra çox ciddi problemlər yaradacaq: "Həmin dəyişikliklər zəruri olsa da, elə formada qəbul edilməlidir ki, uşaqların peşə öyrənməsinə, gələcəkdə özlərinə iş yerləri tapmalarına, valideynlərdən ayrı, müstəqil formada yaşamalarına problemlər yaratmasın". Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov isə qeyd etdi ki, qanuna əlavə və dəyişikliklər qəbul olunduqdan sonra Prezident onun qüvvəyə minməsi haqda sərəncam imzalayacaq. Sərəncam imzalanan zaman Nazirlər Kabinetinə uşaqların işləməsi mümkün olan iş yerlərinin siyahısının hazırlanması tapşırılacaq. Millət vəkili Qənirə Paşayeva isə vurğuladı ki, 15 yaşa çatmayan uşaqların işə cəlb olunmasına görə vəzifəli şəxslər cərimələnəcək. Amma bəzi işəgötürənlər çox kiçik vəsaitlər ödəyərək uşaqları əməyə cəlb edə bilərlər: "Mən qorxuram ki, sabah o uşaqların əməyə cəlb olunması hesabına bəzi istismar halları ortaya çıxsın. Çox kiçik vəsaitlər ödəyərək uşaqları əməyə cəlb etsinlər. Ona görə də Məcəllədə nəzərdə tutulan müddəaları həyata keçirəcək təşkilatlar ortaya çıxacaq subyektivlikləri aradan qaldırmaq üçün ciddi işləməlidirlər. Ən çox narahatlıq doğuran məsələlərdən biri də küçə uşaqları ilə bağlıdır. Bizim mübarizəmizin əsas məqsədi belə uşaqların əməyindən istifadə edənlərə qarşı olmalıdır". Müzakirələrdə uşaqların ailələrə övladlığa verilməsi ilə bağlı şərtlərin asanlaşdırılması məsələsi də diqqətdən yayınmadı. Plenar iclasda daha bir neçə qanuna əlavə və dəyişikliklər müzakirə olunub.
Gülər KƏRİMLİ.
|