Aeroporta sərnişin avtobusu işləyə bilər
Samir Həsənov: "Hazırda həmin xətt üzrə sərnişin avtobuslarının işləməsinin vəziyyəti öyrənilir"
Dünyanın əksər ölkələrində hava limanlarından şəhərin müxtəlif istiqamətlərinə sərnişin avtobusları işləsə də, respublikamız istisna təşkil edir. Bu gün də Heydər Əliyev adına Beynəlxalq Hava Limanına getmək üçün ancaq taksi xidmətindən istifadə etmək lazım gəlir. Taksilərin qiyməti isə heç də bütün vətəndaşların istifadəsi üçün əlverişli deyil. Metronun “Əzizbəyov” stansiyasından hava limanına getmək üçün ən azı 8 manat ödəmək lazım gəlir. Məsələyə münasibət bildirən "Bakı Şərnişin Nəqliyyatı" Məhdud Məsuliyyətli Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Samir Həsənov dedi: "Azərbaycanda sərnişin daşınması ilə ancaq sahibkarlar məşğul olur. İndiyədək nədənsə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına avtobus marşrutu açmaq barədə onlardan təklif gəlməyib. Hazırda bu məsələ öyrənilir. Yaxın vaxtlarda yəqin ki, sahibkarlara tərəfimizdən müraciət olacaq". Taksilərə sayğacların quraşdırılmasına gəldikdə isə S.Həsənov hələlik əsas diqqətin sərnişin avtobuslarının hərəkətinin normallaşdırılmasına yönəldiyini bildirdi: "İritutumlu avtobusların gətirilməsindən sonra sərnişin daşınmasında müəyyən irəliləyişə nail olunub. Hazırda "Nəqliyyatın intellektual idarəetmə sistemi"nin qurulması layihəsi çərçivəsində işlər davam etdirilir. Buna görə də taksilərlə bağlı məsələ bir qədər ləngiyir. Yaxın gələcəkdə taksi xidmətinə xarici görünüşü və xidmət səviyyəsi yüksək olan avtomobillərin cəlb edilməsi nəzərdə tutulur. Artıq paytaxta 30 ədəd "Toyota" avtomobili gətirilib. Əlavə olaraq "Mercedes" və "Passat" markalı avtomobillərin gətirilməsi də nəzərdə tutulub. Hazırda yeni taksilərin gətirilməsində müəyyən problemlər olduğu üçün çox güman ki, gələn ildən yeni gətirilən taksilərdə sayğaclar quraşdırılacaq. Eyni zamanda hərəkət marşrutuna nəzarət ediləcək ki, taksi sürücüsü sərnişinləri uzaq yolla mənzil başına aparıb əlavə pul almasın". Xalid.
|