Qacqınlar zəbt etdikləri mənzillərdən çıxarılacaqmı?
"Dövlətqaçqınkom" qaçqınların yeni qəsəbələrə köçürülməsi ilə əlaqədar məskunlaşdıqları mənzillərdən çıxarılacaqlarına əmin edir
2010-cu ildə Bakı şəhərindəki yataqxana və sanatoriyaların binalarında yerləşən məcburi köçkünlərin köçürülməsinə başlanacaq. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, hazırda Bakı şəhərində 60 yataqxanada 6100 ailə və ya 24 min məcburi köçkün yaşayır. Həmçinin sanatoriya binalarında 2836 ailə yaşayır ki, bu da 10 min nəfər deməkdir. Bundan başqa, paytaxtda vətəndaşların mənzillərinə sığınmış qaçqınların da oradan çıxarılması nəzərdə tutulur. Ə.Həsənov bildirib ki, köçürülməyə ilk olaraq ali məktəblərin yataqxanalarından başlanması nəzərdə tutulur. Bu proseslə bərabər, digər rayondan olan məcburi köçkünlər də yeni salınan qəsəbələrə köçürüləcək. Bundan başqa, Müşfiq və Hacı Zeynalabdin Tağıyev qəsəbələrindəki hərbi hissələrdə məskunlaşmış məcburi köçkünlərin başqa yerə köçürülməsi üçün torpaq sahəsi ayrılıb. Hazırda onların köçürülməsi istiqamətində müvafiq işlər görülür. İmişli və Yevlax rayonlarındakı fin qəsəbələrinin köçürülməsi layihəsi də hazırdır. Məktəblərdən və fin qəsəbələrindən köçürmələr eyni vaxtda başlayacaq. "Dövlətqaçqınkom"un sədri paytaxtda və digər ərazilərdə vətəndaşların fərdi mənzillərini zəbt etmiş qaçqınların köçürülməsi ilə bağlı araşdırmaların aparılacağını bildirsə də, bu proses barədə geniş məlumat verməyib. "Dövlətqaçqınkom"un hüquqşünası Telman Hüseynov isə hesab edir ki, fərdi mənzillərdə yaşayan qaçqınların sayını tam müəyyənləşdirmək mümkün deyil. Çünki bəziləri yataqxana və digər yaşayış sahələrində qeydiyyatda olduğundan onların fərdi mənzillərdə yaşayıb-yaşamamasını da araşdırmaq çətinlik törədir. Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin məlumatına görə, qaçqınların böyük əksəriyyəti yeni salınmış qəsəbələrdə evlə təmin olunsalar da, normal şəraitə malik evlərdən məhrum olan insanların sayı minlərlədir. Təkcə, Bakıda 200 minə yaxın məcburi köçkün yaşayır. Onların yarısı yataqxana və sanatoriyalarda, uşaq bağçalarında məskunlaşıb. Vətəndaşların fərdi mənzillərində yaşayan qaçqınların sayı da çoxdur. Hüquqşünas Sahib Məmmədovun fikrincə, paytaxtda vətəndaşlara məxsus fərdi mənzillərdə sığınacaq tapmış qaçqınların bir hissəsi artıq onlara verilmiş yeni evlərə köçüblər. Amma onların çoxu yenə də zəbt etdiyi evlərdə yaşayırlar. Ekspert bildirir ki, onların sayını indiyədək dəqiqləşdirmək mümkün olmayıb. Məlumatlara görə, onların sayı 5 min nəfərə yaxındır. Məsələ ondadır ki, qaçqınların bir çoxu artıq neçə ildir ki, yaşayış yerləri ilə təmin olunsalar da, yenə də vətəndaşların evlərini tərk etmək istəmirlər. Hətta elə məcburi köçkün ailəsi var ki, onlara Ramanıda və Goranboyda yeni salınmış qəsəbələrdə evlər verilib, amma Bakıdakı zəbt etdiyi mənzili boşaltmaq istəmir. Bəzi ailələr buradakı evlərdə öz övladlarını yerləşdirib, qəsəbələrdə isə özləri yaşayır. Elə qaçqın ailəsi də var ki, hökumətin verdiyi mənzildə kirayənişin saxlayır. Dövlətdən güzəştli şəkildə ipoteka kreditləri ilə 4 otaqlı mənzil almış qaçqın ailələri də mövcuddur, onlar öz mənzillərinə köçdüyü halda digər qohumlarını qanunsuz zəbt etdiyi evlərə yerləşdirib. Qaçqınların bəziləri müvəqqəti sığındığı evlərin həqiqi sahiblərinin sosial vəziyyətini nəzərə alaraq özləri könüllü olaraq buranı tərk edirlər. Amma elələri də var ki, 2-3 evi olsa belə buranı qənimət bilib əl çəkmək istəmir. Evlərin həqiqi sahibləri onları məhkəməyə verəndə isə hökumətin 1994-cü ilə qədər müxtəlif evlərdə məskunlaşmış qaçqınların oradan çıxarılmasını qadağan edən göstərişini ortaya atırlar. Halbuki 15 il əvvəl onların yaşayış yeri olmadığına görə, hökumət belə tapşırıq vermişdi. İndi onlara ev verilsə də bu cür əsassız bəhanələr gətirirlər. "Dövlətqaçqınkom"dan isə bildiriblər ki, həmin problemin həlli üçün ciddi şəkildə araşdırmalar aparılacaq. Həmin şəxslər yeni qəsəbələrdə evlərlə təmin edilərkən zəbt etdikləri mənzillərdən çıxarılacaqlar.
|