Bakıda 12 mərtəbədən yuxarı bina tikilməsi dayandırıla bilər
Tikinti və Arxitektura Komitəsi hökumətə müraciət edib
Dövlət Tikinti və Arxitektura Komitəsi Nazirlər Kabinetinə paytaxtda çoxmərtəbəli binaların tikintisinin məhdudlaşdırılmasına dair təklifləri təqdim edib. Sənəddə yeni tikiləcək yüksək mərtəbəli binaların arxitektura qaydalarına ciddi nəzarət olunması ilə bağlı təkliflər öz əksini tapıb. Yeni hazırlanmış əsasnaməyə görə, bundan sonra Bakının mərkəzi hissəsində tikiləcək binaların hündürlüyü 12 mərtəbədən yuxarı olmayacaq. Daha yüksək mərtəbəli binalar isə ərazinin relyefindən asılı olaraq paytaxtın nisbətən ucqar rayonlarında inşa ediləcək. Komitənin şöbə müdiri Cahangir Qocayevin bildirdiyinə görə, sənəd tikinti sahəsindəki nöqsanların aradan qaldırılması ilə bağlı bir sıra elementləri nəzərdə tutur. Reallıq ondan ibarətdir ki, bir sıra binaların inşası zamanı tikinti normativlərinə əməl olunmayıb, qanunvericiliyin tələbləri kobud şəkildə pozulub. C.Qocayev vurğulayıb ki, DTAK bu yaxınlarda yeni tikilən çoxmərtəbəli binalarda norma və qaydaların yerinə yetirilməsi səviyyəsini öyrənmək üçün müvafiq yoxlamalar aparıb. Tikintiyə Nəzarət Müfəttişliyi ilə birgə aparılan yoxlamalar zamanı bir sıra şirkətlərin tikdiyi binalarda layihədə nəzərdə tutulmayan detallara rast gəlinib. Belə ki, tikinti şirkətləri ayrılmış torpaq sahəsində iki bina əvəzinə üç hündürmərtəbəli yaşayış evi inşa edib. Tikinti şirkətləri layihəyə görə, 12 mərtəbəli bina tikməli olduğu halda 16 mərtəbə inşa edir. Layihəyə əsasən, binada quraşdırılan kanalizasiya və kommunal xidmət növlərinin gücü, elektrik enerjisi, qaz və su xətləri yalnız 12 mərtəbədə yerləşə biləcək əhalinin tələbatına uyğun nəzərdə tutulur və 16 mərtəbəli binanın sakinlərinin tələbatını ödəyə bilməz. Ona görə də normadan artıq yüklənmə infrastrukturların sıradan çıxması ilə nəticələnir. Bu, daha çox zəlzələ zamanı ağır fəsadlara səbəb ola bilər. Dövlət Layihə İnstitutunun memarı və paytaxtın Baş Planının müəlliflərindən biri olan Feyzulla Quliyev isə hesab edir ki, tikintiyə nəzarətin gücləndirilməsi və texniki təhlükəsizlik qaydalarına əməl olunması vacibdir. Ekspert yeni inşa olunan binalarda layihədən kənaraçıxma hallarının müşahidə edildiyini, bəzi yüksək mərtəbəli yaşayış binalarının tikintisi üçün ayrılan sahələrin düzgün seçilmədiyini, eləcə də onların çoxunda zəlzələyə davamlılığın nəzərə alınmadığını bildirir. Ən əsası isə odur ki, tikinti zamanı Bakının Baş Planının tələbləri pozulur. Şəhərin yaşayış, sənaye, kommunal, istirahət və digər təsərrüfat zonalarının sxemi, nəqliyyat, kommunal xətləri və qurğularının, sosial-xidmət mərkəzlərinin yerləşdiyi ərazi nəzərə alınmır.
|