2010-cu ilin iş vaxtı norması

Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq 2010-cu il üçün işçilərin iş vaxtı normasının düzgün hesablanması və tətbiq edilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi aşağıdakıları bildirir:
Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin "2010-cu ildə Novruz, Ramazan, Qurban bayramları və bayram günləri ilə əlaqədar iş günləri hesab olunmayan istirahət günləri haqqında" 26 noyabr 2009-cu il tarixli, 183 nömrəli qərarına əsasən 2010-cu ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1-2 Yanvar
Yeni il bayramı;

20 Yanvar
Ümumxalq Hüzn Günü;

8 Mart
Qadınlar Günü;

20, 21, 22, 23, 24 Mart
Novruz bayramı;

9 May
Faşizm Üzərində Qələbə Günü;

28 May
Respublika Günü;

15 İyun
Azərbaycan Xalqının
Milli Qurtuluş Günü;

26 İyun
Azərbaycan Respublikasının
Silahlı Qüvvələri Günü;

9-10 Sentyabr
Ramazan bayramı;

9 Noyabr
Azərbaycan Respublikasının
Dövlət Bayrağı Günü;

16-17 Noyabr
Qurban bayramı;

31 Dekabr
Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin "2010-cu ildə Novruz, Ramazan, Qurban bayramları və bayram günləri ilə əlaqədar iş günləri hesab olunmayan istirahət günləri haqqında" 26 noyabr 2009-cu il tarixli, 183 nömrəli qərarına əsasən, 2010-cu ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 4 yanvar, 25, 26 mart, 10 may və 28 iyun tarixləri, altıgünlük iş həftəsində isə 25 mart və 10 may tarixləri iistirahət günləridir.
2010-cu ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.
2010-cu ildə beşgünlük iş həftəsində 242 iş günü (onlardan 8-i bayramqabağı və 1-i Ümumxalq hüzn günü qabağı gündür), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan 5-i iş günü hesab edilməyən bayram günü ilə üst-üstə düşən həftələrarası istirahət günlərinin əvəzinə verilən istirahət günüdür), iş günü hesab edilməyən 18 bayram (5-i istirahət günü ilə üst-üstə düşən) və 1 Ümumxalq Hüzn Günü vardır (242+109+ +18+1-5=365).
Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən, Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.
2010-cu ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.
Qanunvericiliyə uyğun olaraq, 2010-cu il üçün 40 saatlıq iş həftəsində illik iş vaxtının norması 1927 saat təşkil edir (233x8+9x7=1927 saat).
İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən, altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz. Əmək Məcəlləsinin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn Günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan müəssisə və təşkilatlarda 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2010-cu ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1927 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.
İş vaxtının qeydiyyat (uçot) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz.
İş vaxtının illik normasına görə, altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla, bilavasitə müəssisənin kollektiv müqaviləsində nəzərdə tutulmaqla həll olunur.



«2010-cu ilin iş vaxtı norması»   -
«Ülfət Qazeti»   -