Xocalı soyqırımı Milli Məclisdə anıldı
Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirildi. İclasda Milli Məclisin Sədri Oqtay Əsədov çıxış edərək bildirdi ki, Xocalıda 20-ci əsrdə insanlığa qarşı törədilən ən dəhşətli faciənin artıq 18-ci ildönümü tamam olur. Spiker Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Soyqırımı qurbanlarının xatirəsi yad edildikdən sonra parlamentin plenar iclası öz işinə başlayıb.
Cari məsələlər zamanı çıxış edən deputat Əhəd Abıyev bir neçə gün əvvəl cəbhə xəttindəki atışma zamanı həlak olmuş Azərbaycan Ordusunun əsgəri, Masallı rayon sakini Röyal Fərəcovun yas mərasiminə qatıldığını bildirdi. Ə.Abıyev qeyd etdi ki, həlak olmuş əsgərin həyat yoldaşı və körpə uşağının yaşayış vəziyyəti çox pisdir. Ə.Abıyev Masallı rayonunda şəhid ailələri üçün yaşayış binası tikildiyinə diqqət çəkərək, Milli Məclisin Sədri Oqtay Əsədovdan bu ailəyə mənzil verilməsini xahiş etdi. Millət vəkili Musa Quliyev isə 1948-53-cü illərdə Ermənistan SSR-dən köçürülən azərbaycanlılara repressiya qurbanları statusu verilməsini təklif etdi. Deputat Aynur Quliyeva Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən tədbirlərdən danışdı. Qeyd etdi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində dünyada ciddi işlər görülür. Deputat ölkədə fəaliyyət göstərən QHT-ləri də bu işdə fəal olmağa çağırdı. Millət vəkili Qüdrət Həsənquliyev spikerin başçılığı ilə İrandan səfərdən qayıdan nümayəndə heyətinin keçirdiyi görüşlər haqqında məlumat verilməsini xahiş etdi. Millət vəkili İranda Azərbaycana qarşı aksiya keçirildiyini və təhqirlərə yol verildiyini söylədi: “Xocalı soyqırımın törədilməsində iştirak edən Ermənistan prezidentinin hansı haqla İranda əlini sıxırlar?” Spiker Oqtay Əsədov deputatın sözlərinə cavab olaraq onun çıxışında ehtiyatlı olmağa çağırdı: "Mən çıxış etmişəm, edirəm də. Səfər haqqında da lazımi məlumat veriləcək. İran-Azərbaycan münasibətlərində fərqli yanaşmalar var. Bir var populist yanaşma, bir də var dövlətçilik yanaşması. Biz İranla münasibətlərimizi hər zaman yüksək səviyyədə qurmalıyıq. Əfsus ki, həm o tərəfdə, həm də bu tərəfdə bu əlaqələrə mane olanlar var", - deyə spiker əlavə etdi. Millət vəkili Mübariz Qurbanlı Türkiyənin Ermənistanla imzaladığı protokollarla bağlı qətiyyətli mövqe ortaya qoyduğunu bildirdi. Onun sözlərinə görə, hazırda Türkiyəyə qarşı təzyiqlər artmaqdadır: "ABŞ Konqresində qondarma "erməni soyqırımı" layihəsi müzakirəyə çıxarılacaq. Bu, Azərbaycanın da maraqlarına ziddir. Azərbaycan parlamenti bu məsələnin yenidən gündəmə gətirilməsinə etiraz məktubu ünvanlamalıdır. Mümkün olsa, Azərbaycan parlamenti bununla bağlı ABŞ-a xüsusi deputat qrupu da göndərməlidir",-deyə deputat əlavə etdi. Millət vəkili Elman Məmmədov da Xocalı soyqırımının tanıdılması istiqamətində Heydər Əliyev Fondunun çox uğurlu fəaliyyət göstərdiyini, bu işlərin gücləndirilməsinin vacibliyini qeyd etdi.
K.GülƏr.
|