Şəhərdəki mikroavtobuslar marşrut taksi kimi istifadə ediləcək
Namiq Həsənov: "İki ildən az sürücülük fəaliyyəti olan, şəhəri yaxşı tanımayan şəxslər taksi fəaliyyəti ilə məşğul ola bilməyəcəklər"
Son illər respublikamızda nəqliyyat sektorunda xeyli işlər görülüb. Xüsusən paytaxtda tıxacların qarşısının alınması üçün yeni körpülər, yolötürücüləri tikilib, yeni yollar çəkilib. Şəhərin mərkəzində mikroavtobuslar iritutumlu avtobuslarla əvəzlənib. Buna baxmayaraq, problemlər də az deyil. Bu sahədə vəziyyətə Nəqliyyat Nazirliyi Katibliyinin müdiri Namiq Həsənovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.
- Namiq müəllim, yaxın vaxtlarda hansı yolların tikintisinin başa çatması gözlənilir? - Bu ilin avqustunda "Bakı Dairəvi-1" yolunun istifadəyə verilməsi nəzərdə tutulur. 21,5 kilometrlik həmin yolun şimal-cənub nəqliyyat dəhlizinin birləşdirilməsində mühüm əhəmiyyəti var. Bununla bağlı bir sıra yan yollar (14 km) da tikilib. Bu yol istifadəyə verildikdən sonra İran istiqamətindən gələn nəqliyyat şəhərə girmədən birbaşa Biləcəridən şimal istiqamətə hərəkət edə biləcək. Eyni zamanda həmin yolun üzərində təxminən 6 keçid, 4 avtobus dayanacağı və bir neçə piyada keçidi istifadəyə veriləcək. Həmçinin bu il Azadlıq prospekti və Ziya Bünyadov prospektinin kəsişməsindəki tunelin üst hissəsi istifadəyə verilməlidir. 2012-ci ilə qədər isə 75 yerdə yol qovşağı, piyada keçidlərin tikilməsi nəzərdə tutulur. - Respublikamıza yeni taksilərin gətirilməsi ilə bağlı məsələ iki ildən artıqdır müzakirə olunsa da, bu günədək reallaşmayıb. Hazırda işlər nə yerdədir? - Azərbaycana yeni taksilərin gətirilməsi ilə bağlı danışıqlar aparılır. Danışıqların nəticəsi olaraq yəqin ki, bu ilin sonunadək yeni taksilər Azərbaycana gətiriləcək. Düzdür, indiyədək ayrı-ayrı şirkətlər tərəfindən müəyyən sayda standartlara cavab verən taksilər gətirilib. Hazırda Bakı Hava Limanında, həmçinin şəhərin bir sıra ərazilərində həmin taksilər fəaliyyət göstərir. Bizim əsas danışıqlarımız Almaniya və Koreya şirkətləri ilə aparılır. Bu ilin sonunadək nə qədər taksinin gətirilməsi ilə bağlı rəqəmləri yəqin ki, yaxın vaxtlarda açıqlaya biləcəyik. - Tələbatı ödəmək üçün nə qədər taksinin gətirilməsi nəzərdə tutulur? - Təxminən 3500-ə yaxın taksi gətirilsə, Bakı şəhərində olan tələbat qismən ödənilə bilər. Aparılan monitorinqlər göstərir ki, bu qədər minik maşını gətirilsə, paytaxtda fəaliyyət göstərən köhnə taksilərin tamamilə yığışdırılması mümkün olacaq. - Bu gün taksi fəaliyyəti göstərən şəxslər fərqlənmə nişanı alırlarmı? - Təəssüflə qeyd etməliyik ki, bu gün də fərqlənmə nişanı olmadan taksi fəaliyyəti göstərənlərin sayı kifayət qədər çoxdur. Faktiki olaraq hər ay 4000-5000 taksiyə fərqlənmə nişanı verilirsə, fərqlənmə nişanı almadan bu fəaliyyətlə məşğul olanların sayı daha çoxdur. Fərqlənmə nişanının qiyməti hazırda 17 manat 60 qəpikdir. Amma onunla yanaşı texniki yoxlama xərcləri də var ki, bu xərc təxminən 20-30 manat arasında dəyişir. Hazırda nazirliyin əsas mübarizəsi də qeyri-leqal fəaliyyət göstərən həmin taksilərin fəaliyyətinin leqallaşdırılması ilə bağlıdır. Nazirlik hesab edir ki, taksilər ilk öncə standartlara uyğun olmalıdır. Daha sonra lisenziya almalıdır, həmçinin fərqlənmə nişanı ilə fəaliyyət göstərməlidir. Çox təəssüf ki, bu qaydaya əməl etməyənlərin sayını tam azaltmaq mümkün olmayıb. Bu gün də Bakı şəhəri ərazisində üzərində taksi nişanı olan köhnə "Moskviç", "Zaparojets", "Niva", "Volqa" markalı avtomobillər var. Yəqin ki, yeni taksilər gətirildikdən sonra onların fəaliyyətinə qadağa qoyulacaq. İndiyədək onlara vaxt verildi ki, bu fəaliyyətlə məşğul olmaq üçün öz avtomobillərini yeniləsinlər. Biz də başa düşürük ki, birdən-birə inzibati metodlarla bu problemi həll etmək mümkün deyil. Amma həmin şəxslər bu məsələyə ciddi yanaşmadı və avtomobillərini təzələmədilər. - Nəzərdə tutulurdu ki, taksi sürücüləri təlimlərə də cəlb ediləcək. Bununla bağlı hansı işlər görülür? - Yaxın gələcəkdə iki ildən az sürücülük fəaliyyəti olan, 18 yaşından aşağı və şəhəri yaxşı tanımayan şəxslər taksi fəaliyyəti ilə məşğul ola bilməyəcəklər. Həmin şəxslər kurslara cəlb edilməli, maarifləndirilməlidir. Bu gün xarici ölkələrin hamısında taksi fəaliyyəti ilə məşğul olanlara müəyyən tələblər var. Məsələn, Londonda şəhəri yaxşı tanımayanlar, 3 min obyektin adını əzbər bilməyən şəxslər taksi fəaliyyəti ilə məşğul ola bilməz. Amma Azərbaycanda istənilən şəxs avtomobilinin üzərinə taksi nişanı qoyaraq bu fəaliyyətlə məşğul ola bilir. Nəzərdə tutduğumuz işlər də ona hesablanıb ki, bu fəaliyyət sahəsində müəyyən qədər qayda-qanun yaradılsın. - Xarici ölkələrdə köhnə taksilər belə sayğacla təmin olunub. Bu işi görmək üçün hökmən yeni taksilərin gətirilməsini gözləmək lazımdır? - Sovet dövründə Azərbaycanda da bu sistem tətbiq olunub. Fərqlənmə nişanı taksilərin vergi ödəməsini də təmin edir. Buna görə də bu məsələ hələ ki, gündəmdə deyil. Amma yaxın gələcəkdə taksilərin sayğacla təmin olunması üçün digər əlaqədar qurumlarla da danışıqlar aparılır. Sayğacların quraşdırılması ilə təkcə bu fəaliyyətlə məşğul olanların vergiyə cəlb olunmasından söhbət getmir, həm də vətəndaşların aldadılmasının qarşısı alınacaq. Sadəcə, hesab edirik ki, avtomobillərə quraşdırılan sayğaclar standartlara cavab verməli və ən yeni texnologiya tətbiq olunmalıdır. - Gözlənilirdi ki, 2009-cu ilin sonunda paytaxtda avtobusların gətirilməsi başa çatacaq. Amma bu gün də şəhərətrafı qəsəbələrə işləyən marşrut avtobusların əksəriyyəti xırdatutumlulardır. - Bakıya iritutumlu avtobuslar növbəti dəfə gətirildikdən sonra bu problem demək olar ki, aradan qaldırılacaq. Bundan sonra mikroavtobusların marşrut taksi kimi istifadə edilməsi nəzərdə tutulur. Bu ilin sonuna kimi bu proses tam başa çatdırılmalıdır. Bizim hesablamalarımıza görə, təxminən 1000 ədəd avtobus gətirildikdən sonra artıq bu problem öz həllini tapacaq. - Şəhərdaxili nəqliyyatda biletlərin tətbiq edilməsinə nə vaxt başlanılacaq? - Biletlərin tətbiqi gündəmdəki məsələ olsa da, bir sıra çətinliklər də mövcuddur. Bakıda nəqliyyatın intellektual idarəetmə sisteminin qurulmasına başlanılıb. Bu sistem işə düşdükdən sonra cipkart sistemi gündəmə gələ bilər. Həmin universal kartların tətbiqi ilə vətəndaşlar həm metroda, həm də avtobuslarda gedişhaqqını ödəyə biləcək. Hesab edirik ki, bilet sistemi müəyyən qədər köhnəlmiş sistemdir və əgər intellektual idarəetmə sistemi işə salınacaqsa, biletlərin tətbiqinə ehtiyac qalmayacaq. - Avtobusları dayanacaqdan kənarda saxlayan sürücülərə qarşı da bir müddət öncə tədbirlər həyata keçirilirdi. Bununla bağlı təxminən nə qədər sürücü cərimə olunub? - Bu istiqamətdə tədbirlərimiz hələ də davam etdirilir. Eyni zamanda araşdırma apararaq müəyyən etmişik ki, Bakıda təxminən 150 ədəd yeni dayanacağın qurulmasına ehtiyac var. Hazırda Bakıda 450 dayanacaq olsa da, bu, kifayət etmir. Ümumiyyətlə, prinsipimiz avtobusları yaxın vaxtlarda ancaq dayanacaqlarda saxlayaraq sərnişin götürülməsini təmin etməkdir. Amma arzuolunmaz halların baş verməsinin günahkarı heç də həmişə sürücülər olmur. Çünki hər bir avtobusda bir sürücü olsa da, onlarla sərnişin var və onların hər biri avtobusların öz mənzillərinin yaxınlığında saxlamasını tələb edir. Bu da son nəticədə mübahisələrin yaranmasına gətirib çıxarır. Bu istiqamətdə fəaliyyətimizi gücləndirəcəyik. Yəqin ki, gələn ayın sonuna qədər görülən cəza tədbirləri nəticəsində büdcəyə nə qədər vəsait daxil olduğu haqda da məlumat açıqlanacaq. - Amma bu tədbirləriniz kampaniya xarakteri daşıyır... - Hazırda gördüyümüz tədbirlər kampaniya xarakteri daşımır. Nəzərdə tutulub ki, belə tədbirlər mütəmadi olaraq keçirilsin. Çünki cəzalanma olmayan yerdə özbaşınalıq da baş alıb gedir.
Xalid AZƏR.
|