Novruz bayramında 9 gün iş olmayacaq
Martın 8-i və martın 20-si də daxil olmaqla, ayın son həftəsi Azərbaycanda qeyri-iş günü olacaq
Qüvvədə olan Əmək Məcəlləsinə əsasən, 8 Mart Beynəlxalq Qadınlar Günü həftənin bazar ertəsinə düşdüyündən iş günü olmayacaq. Nazirlər Kabinetinin 2009-cu ilin noyabr ayında qəbul etdiyi qərara əsasən, martın 20, 21, 22, 23 və 24-ü Azərbaycanda Novruz bayramı hesab olunur və qanunvericiliyə uyğun olaraq həmin günlər iş günü hesab edilmir. Lakin Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı növbəti iş gününə keçirilir. Martın 20-si və 21-i həftənin şənbə və bazar günlərinə düşdüyündən, martın 25-i və 26-sı da qeyri-iş günü hesab olunur. Təqvimə əsasən, martın 27-si şənbə, 28-i isə bazar günləridir və həmin günlər də qeyri-iş günüdür. Bununla Novruz bayramı ilə əlaqədar olaraq Azərbaycanda 9 gün qeyri-iş günü sayılır.
|