Bəzi ixtisaslarda 100 faiz ödənişsiz qrantlar tətbiq edilə bilər

Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi sənəd verəcək abituriyentlərin ən yüksək nəticə göstərənləri yenə də ödənişsiz təhsil ala biləcəklər. Onların qrant alma şansları daha çox olacaq. Bu proses, sadəcə, abituriyentlərin ixtisas seçimində motivasiyaya təsir edəcək. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verdi.

Sədr yeniliyin bu il imtahan verəcək abituriyentlərə şamil edilməyəcəyini də söylədi: "Ötən il ali məktəblərə ayrılan plan yerlərinin 10 minə qədərini dövlət tərəfindən maliyyələşdirilən ixtisaslar təşkil edib. Bu il də vəziyyətin dəyişməyəcəyi gözlənilir".
Amma ayrılacaq vəsaitlər ali təhsil müəssisələrinə həmişəki kimi ilin əvvəlində verilməyəcək. Bundan başqa, indiyə qədər 50 faiz ödənişli, 50 faiz ödənişsiz təhsil forması olubsa, bundan sonra əmək bazarında müəyyənləşən tələbata uyğun olaraq faizlər dəyişə bilər: "Bu vaxta qədər ali məktəblər növbəti il büdcələrinin kəsilməməsi üçün qəbul planının dolmasına çalışırdılar. Yeni mexanizmin tətbiqi ilə əmək bazarında tələb olunan ixtisaslar müəyyənləşdirildikdən sonra dövlət öz sifarişlərini verəcək. Tərtib edilən siyahı TQDK-ya təqdim olunacaq. Komissiya bu ixtisaslara sahib olmaq üçün nə qədər bal tələb edildiyini müəyyənləşdirəcək".
Yalnız sifariş əsasında təhsil alacaq abituriyentlərin təhsili ödənişsiz həyata keçiriləcək: "Məsələn, hazırda stomatoloqa tələbat yoxdur. Amma baytara ehtiyac var. Yaranan belə ehtiyacları ödəmək üçün əmək bazarında 4 il sonrakı vəziyyət araşdırılacaq və ixtisaslar da bunun əsasında müəyyənləşəcək".
Planla bağlı dövlətin sifarişləri isə martın 15-nə qədər TQDK-ya təqdim ediləcək: "Bu məsələ ciddi araşdırma tələb edir. Bunun üçün isə vaxt azdır. Ona görə də qəbul planı bu il də ötənilki səviyyədə qalacaq".
M.Abbaszadə bildirdi ki, müsabiqəyə buraxılma zamanı qrantı qazanmaq üçün müxtəlif ixtisaslar üçün fərqli ballar müəyyənləşəcək. Şərti ödəyən abituriyentlər istədikləri ali məktəbləri seçə biləcəklər. Bu uşaqlar özəl ali məktəbləri seçsələr belə, onların təhsil alması üçün ayrılan qrant həmin ali məktəbə yönələcək: "Növbəti illərdə də ödənişsiz təhsil alma aradan qaldırılmayacaq. Ola bilsin ki, gələcəkdə qrantın səviyyəsi artsın. Bu il hər ixtisasda dövlət tərəfindən müəyyən qrantlar olacaq. Gələcəkdə əmək bazarında tələbatdan asılı olaraq bəzi ixtisaslarda 10, bəzi ixtisaslarda isə 100 faiz ödənişsiz qrantlar tətbiq edilə bilər. Ümumiyyətlə, indiyə qədər aşağı balla nəticə göstərənlər seçdikləri ixtisasları sevdiklərinə görə deyil, yalnız dövlətin ödənişsiz təhsil müəssisəsində təhsil almaq xatirinə seçirdilər. Bundan sonra isə ödənişsiz əsaslarla daha yüksək nəticə göstərən tələbələr oxuya biləcəklər".
TQDK sədri qeyd edib ki, dövlətin sifarişi hər il sentyabr-avqust aylarında elan olunacaq. Bu müddətdə isə ali məktəblər hansı ixtisaslar üzrə təhsil vermək imkanı olduqlarını müəyyən edə bilərlər.
M.Abbaszadə model testlər hazırlandığını da qeyd etdi: "Model testlər üzərində çox ciddi işlər aparılıb. Gələn ilin qəbul imtahanlarının çətinlik dərəcəsini təyin etmişik. Bu testləri 2011-ci ilin imtahanlarında tətbiq edəcəyik".
Komissiya sədri ötənilki testlərin cavablandırılmasında hətta müəllimlərin çətinlik çəkməsi ilə bağlı fikirlərə də münasibətini bildirdi: "Test suallarını müəllim cavablandıra bilməyibsə, bu, o müəllimin problemidir. Ötənilki imtahanlarda çətin sualları 1000-dən artıq abituriyent düzgün cavablandıraraq yüksək bal toplayıb. Belə fikri elmi arqument hesab etmirəm. Elmi-pedaqoji məsələləri siyasiləşdirmək lazım deyil. Əgər bizə təklif edilərsə, eksperiment kimi müəllimlərin də biliyini qiymətləndirib nəticələri ortaya qoya bilərik".
Ali məktəblərə sənəd qəbuluna gəlincə, bu prosesə mart-aprel aylarında başlanacağı gözlənilir. İmtahanlar isə iyunun sonu, iyulun əvvəlində keçirilə bilər. Qəbul qaydalarından da söz açan M.Abbaszadə bu məlumatların "Abituriyent" jurnalının 1-ci sayında yer aldığını söylədi. Onun sözlərinə görə, "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" fərmanla dövlət ölkənin ali təhsil müəssisələrində bilikli, istedadlı vətəndaşların təhsil almasının maliyyələşdirilməsini öz üzərinə götürür: "Bununla da ali məktəbləri təhsilin keyfiyyətini yüksəltməyə stimullaşdırır. Yeniliklərə gəlincə, 2010/2011-ci tədris ili üçün ali məktəblərin Azərbaycan bölməsi üzrə II və III ixtisas qruplarının xarici dildən imtahan fənlərində müəyyən dəyişikliklər edilməsi ilə bağlı qərar qəbul olunub". Belə ki, 2010-cu ildən etibarən ali məktəblərin Azərbaycan bölməsi üzrə II və III ixtisas qruplarının xarici dildən imtahan fənləri sırasına rus dili fənni də daxil edilib.
K.GülƏr.



«Bəzi ixtisaslarda 100 faiz ödənişsiz qrantlar tətbiq edilə bilər»   -
«Ülfət Qazeti»   -