ALTERNATİV ENERJİ MƏNBƏLƏRİNDƏN İSTİFADƏ REALLAŞIR
KOREYA ŞİRKƏTİ İLƏ BİRGƏ YENİ LAYİHƏ HAZIRLANIB
Artıq xeyli müddətdir Azərbaycanda enerji istehsalının artırılması üçün məqsədyönlü işlərə başlanılıb. Bu məqsədlə Sənaye və Energetika Nazirliyində ayrıca proqram hazırlanıb. Sənəd 2015-ci ilə qədər indikindən bir neçə dəfə çox elektrik enerjisi hasil etməyə imkan verəcək yeni mənbələrin işə salınması və mövcud infrastrukturun yeniləşdirilməsini özündə ehtiva edir. Həmin layihənin reallaşdırılmasında əsas məqsəd elektrik enerjisi hasilatını əsaslı şəkildə artırmaqdır. Bu proyektlərin texniki-iqtisadi əsaslandırmasına görə, yaxın 3-4 il ərzində respublikamızda elektrik enerjisi istehsal edən obyektlərin gücü 10 min MQvt olmaqla ümumi hasilat həcmini 82 faizə çatdırmaq planlaşdırılır. Hazırda Azərbaycanın elektrik enerjisi istehsal edən obyektlərinin istehsal gücü 5500 MQVt təşkil edir. Bu işlər ölkəmizin özünü elektrik ererjisi ilə tam təchiz etməklə yanaşı, regionda enerji təhlükəsizliyinin təminatçısı rolunda çıxış etməsinə imkan yaradacaq. "Azərenerji" ASC-dən aldığımız məlumata görə, Azərbaycanın mövcud bazası daxili tələbatdan artıq enerji istehsal etməyə imkan verir. Respublikamız yaxın illərdə enerji idxalçısından ixracatçı ölkəyə çevriləcək. Mövcud enerji sistemləri qonşu ölkələr olan İran, Rusiya, Türkiyə ilə mübadilə prosesini yerinə yetirmək gücündədir. Ekspertlər hesab edir ki, Azərbaycanın bu barədə ixracatçı ölkəyə çevrilməsi üçün birinci növbədə enerji dəhlizlərinin yaradılması barədə düşünülməlidir. Digər tərəfdən, qanunvericilik bazasında yeniləşdirmə işləri aparılmalıdır. Yəni xarici şirkətlərin cəlb edilməsi, onların enerji sektorunun ixtisaslaşmış sahələrində fəaliyyətinin stimullaşdırılması üçün vahid konsepsiya işlənməlidir. Bu nöqteyi-nəzərdən Avropada olan qanunların təhlil edilməsi, qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsinə ehtiyac var. Hazırda Azərbaycanda da alternativ enerji mənbələrindən istifadə yönümündə müəyyən işlər aparılır. Artıq qəbul edilir ki, ölkəmizdə nə vaxtsa neft və qaz tükənəcək. Enerjidaşıyıcılar azaldıqca dünya bazarında neft və qazın bahalaşması prosesi gedəcək. Bu, həm də elektrik enerjisinin istehsal xərclərini artıracaq. Amma alternativ mənbələrdə müasir texnologiya tətbiq etməklə, elektrik enerjisi istehsalının maya dəyərini aşağı salmaq mümkündür. Əlbəttə, belə olan halda külək, günəş enerjisinin elektrik enerjisinə çevrilməsi istiqamətində iş aparılmalıdır. Qeyd edək ki, bu sahədə Koreyanın böyük təcrübəsi vardır. Koreya 1964-cü ildən başlayaraq enerji sektorunda əsaslı islahatlar apararaq, dünyanın qabaqcıl 4 ölkəsindən birinə çevrilib. Bu təcrübə Azərbaycana da böyük fayda gətirə bilər. Hazırda Koreyada 364 milyard kilovat-saat enerji istehsal edilir. Bunun 850 milyonu alternativ mənbələr hesabınadır. Artıq Koreyanın "SKS" şirkəti respublikamızda külək dəyirmanlarının işə salınması ilə enerji istehsal edə biləcək texniki pilot layihə hazırlayıb. Nazirlər Kabinetinə təxminən 200 ha torpaq sahəsi alınması üçün müraciət olunub. Bu pilot layihənin tətbiqi küləkdən enerji almağın nə qədər səmərəli olmasını müəyyənləşdirməyə imkan verəcək. Bundan sonra da alternativ enerji mənbələri hesabına enerji istehsalının artırılması istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur.
|