QIŞA HAZIRLIĞIN VƏZİYYƏTİ MÜZAKİRƏ EDİLMİŞDİR

Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHİRK) iş planına müvafiq olaraq yaradılmış komissiya Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) təsərrüfat və kadrlarının 2007-2008-ci illərin payız-qış mövsümünə hazırlığın gedişinin vəziyyətini dəqiqləşdirmək üçün seçim yolu ilə bir sıra aparıcı təşkilatlarda və xətti stansiyalarda yoxlamalar keçirmişdir.
Aparılmış yoxlamaların nəticələri MHİRK-in Rəyasət Heyətinin iclasında geniş müzakirə edilmişdir.
Deyilmişdir ki, payız-qış mövsümündə ADDY-nun təsərrüfatlarında normal iş ahəngi yaratmaq məqsədi ilə çoxsaylı işlər görülmüşdür. Nəqliyyat nazirinin şəxsi tapşırığı və Dəmir Yolu rəisinin maliyyə dəstəyi ilə depo və stansiyaların, yol distansiyalarının, istehsalat birliklərinin və digər təsərrüfatların sexlərində, şöbələrində, inzibati binalarda, məntəqələrdə və s. obyektlərin bir çoxunda əsaslı təmir işləri aparılmış, dam örtüyü təzələnmiş, qapı və pəncərələr dəyişdirilmişdir. Yuyucu-buxarlayıcı stansiyada bütün texoloji proses yenidən qurulmuş, buxar qazanları saz vəziyyətə gətirilmişdir. Distansiyaların məntəqələrində və qorunan dəmir yolu keçidlərində işçilərin rahat işləmələri üçün hər cür şərait yaradılmışdır. Bakı sərnişin stansiyasında qatarların təhlükəsiz və fasiləsiz hərəkətini, eyni zamanda işçi heyətinin və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə işlənib hazırlanmış tədbirlər planında nəzərdə tutulan məsələlərin əksəriyyəti öz həllini tapmışdır. Elektrik təchizatı, su və kanalizasiya sistemi təftiş edilmiş, profilaktiki işlər görülmüşdür. Qış mövsümündə stansiyada qar və yağış sularını təmizləmək, normal iş şəraiti yaratmaq üçün lazımi inventar alınmışdır.
İşarəvermə və Rabitə İstehsalat Birliyinin tabeliyində olan müəssisələrdə payız-qış mövsümü ilə əlaqədar tədbirlər planında nəzərdə tutulan kadrların və təsərrüfatın hazırlığı məsələləri ardıcıl olaraq həll edilir.
"Sərnişindaşıma", "Vaqonservis" istehsalat birliklərində və digər müəssisələrdə əməkçilərin qış mövsümündə sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün lazımi miqdarda iş paltarlarının, iş ayaqqabılarının və fərdi mühafizə vasitələrinin ehtiyatı yaradılmışdır. Əksər müəssisələrdə işçilərin təhlükəsiz işləmələri üçün onlar təkrar təlimatla təlimatlandırılmışlar.
Rəyasət Heyəti xüsusi olaraq İşarəvermə və Rabitə, Elektrik Təchizatı, Daşıma Proseslərini İdarəetmə birliklərində, Nəqliyyat vasitələrinin təminatı müəssisəsində, təhlükəsizlik xidmətində payız-qış mövsümünə hazırlıq işlərini müsbət dəyərləndirmişdir.
Görülən məqsədyönlü işlərlə yanaşı, bəzi nöqsanlar da diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, Biləcəri lokomotiv deposunda kanalizasiya xətti və qumqurutma sistemi bərbad vəziyyətə düşmüşdür. Kəncə lokomotiv deposunda motorlu vaqonların təmiri sexində dam örtüyü qəza vəziyyətindədir, vaqon deposunda isə qışa hazırlıqla əlaqədar heç bir iş görülməmişdir . Qəzıməmməd vaqon deposunun və Yevlax yol distansiyasının uçma təhlükəsi vardır. Ağstafa və Şirvan yol distansiyalarının inzibati binalarında əsaslı təmir aparılmasına ehtiyac duyulur.
Göstərilən bu və digər nöqsanlar "Lokomotiv" "Vaqonservis", "Yol Təsərrüfatı" İstehsalat Birlikləri rəislərinin və Birləşmiş Həmkarlar İttifaqı Komitələri sədrlərinin nəzərinə çatdırılmış və onlara tapşırılmışdır ki, qeyd olunan çatışmazlıqları tez bir vaxtda aradan qaldırmaq üçün təsirli tədbirlər görsünlər.
Azərbaycan Dövlət Dəmir Yolu rəisindən xahiş edilmişdir ki, qəza vəziyyətində olan Yevlax yol distansiyasnın inzibatı binasının təcili olaraq sökülməsi və yenisinin tikilməsindən, Biləcəri lokomotiv deposunun zəlzələdən sonra bir neçə yerdən çat vermiş məişət kombinatının və Qəzıməmməd vaqon deposunda təmir sexi binasının əsaslı təmir edilməsindən ötrü maliyyə vəsaitinin ayrılmasını və bu işlərin tez bir zamanda görülməsini təmin etmək üçün əlaqədar təşkilatlara tapşırıqlar versin.
Qərarın icrasına nəzarət Müstəqil HİRK-in baş texniki əmək müfəttişi M.Quliyevə həvalə edilmişdir.



«QIŞA HAZIRLIĞIN VƏZİYYƏTİ MÜZAKİRƏ EDİLMİŞDİR»   -
«Ülfət Qazeti»   -