BAXIŞ - MÜSABİQƏYƏ YEKUN VURULDU
Beynəlxalq Həmkarlar İttifaqı Təşkilatının Qadınlar Komitəsi 2006-2007-ci illəri qadın ili elan etdikdən sonra "Xidmət-İş" Hİ Federasiyasında da bu yönümdə bəzi tədbirlər işlənib hazırlandı. Federasiyanın Gender Bərabərliyi və Qadın Problemləri Komissiyası xidmətlərində olan müəssisə və təşkilatlarda qadınların problemini öyrənmək məqsədi ilə anonim sorğular keçirdi. Sorğunun nəticələri Federasiyanın II Məclisinin müzakirəsinə çıxarıldı. Nəticələri dərindən öyrəndikdən sonra Məclis sahə üzrə 2007-ci ilin qadın əməyinin mühafizəsi ili elan olunması barədə qərar qəbul etmişdi. Bu qərarın icrasını təmin etmək üçün "Qadın əməyinin mühafizəsinin ən yaxşı təşkili uğrunda" baxış-müsabiqə təsis olundu. Baxış-müsabiqəyə 24 müəssisə qoşuldu. Texniki əmək müfəttişliyinin yerlərdə apardığı yoxlamalardan sonra yalnız onlardan 8-nin qalib adına layiq olduğu baxış-müsabiqənin komissiyasına tövsiyə olundu. Bu günlərdə komissiya qaliblərin adını açıqlamışdır. Baş mükafatı "Diplomat" Azərbaycan-Amerika Birgə Müəssisəsi almışdır. "Zəngəzur" İstehsalat Kommersiya Firması, "Mərkəzi Univermaq" ASC və "Azər-Yapı-Market" MMC ikinci, "Xəzər" sanatoriyası, "Fayton" MMC, "Çinar-Araz" İstirahət-Sağlamlıq Kompleksi isə üçüncü mükafatçı olmuşlar. Qaliblərə diplomlar və pul mükafatı verilmişdir. Rasim SÜLEYMANOV.
|