“Azərbaycan artıq əməli işə keçmək barədə düşünür”

- Mübariz müəllim, son dövrlər Türkiyənin təkcə KFP-yə deyil, erməni separatizminə qarşı da təzyiqləri güclənib. Bu, Türkiyənin səbrinin tükənməsi, yoxsa dünyanın terrorizmə "ikinci cəbhə" açması yeni hücum taktikasıdır?
- KFP indinin terror təşkilatı deyil və dünya ölkələri kürdlərin törətdiklərinə dərindən bələddir. Onilliklər boyu kürd separatizminin insanlığa qarşı cinayətlərinə soyuqqanlılıq nümayiş etdirilməsi beynəlxalq güc mərkəzlərinin, ən əsası isə Amerikanın ikili standartlar əsasında yanaşma tərzinin göstəricisidir.
11 sentyabr hadisələrindən sonra Amerika açıq şəkildə beynəlxalq antiterror koalisiyası yaradaraq terrorizmin məskənlərinə ağır zərbələr vurmağa başladı. Təbii ki, Türkiyə bu cəbhədə əsas yer alan ölkə kimi separatizmə qarşı həm əsgəri, həm də hərbi-maddi təpkisi ilə seçilib. Eləcə də Azərbaycan, Türkiyə kürd terrorçularına ən geniş formada zərbələr endirməklə bütün dünyaya bu bəlaya qarşı birləşməyi bəyan edib. KFP-nin zərərsizləşdirilməsi də Amerikanın istəyinə uyğundur və Türkiyəyə bütün imkanlardan istifadə etmək üçün dəstəyini gizlətmir.
- Etiraf edək ki, Türkiyəyə beynəlxalq dəstək tam hiss olunmur…
- Türkiyə özü bütün gücü ilə terrorçuları məhv etməyə qadirdir. Zaman-zaman bu mübarizədə türklər demək olar ki, tək olub. Dünya dövlətlərində qəribə bir inam olub, onlar fikirləşib ki, KFP nə vaxtsa qara niyyətindən əl çəkəcək, amma terror hadisələrinin artması, kürdlərin aktivləşməsi bu inamın demək olar ki, ölməsinə səbəb olub. İndi Türkiyə məcburdur ki, hansı vasitələrlə olsa da, FKP-nin "kökünü kəssin".
- İş ondadır ki, terrorçular Türkiyə ilə sərhəd ərazilərdən başqa nöqtələrə, məsələn, Azərbaycanın Qarabağ bölgəsinə toplaşır. Belə halda türklər Qarabağda necə antiterror əməliyyatları apara bilər?
- Terrorizm elə bir problemdir ki, onunla zarafat etmək olmaz. Türkiyə bu addımı atmağa məcburdur. Eləcə də Azərbaycan da artıq əməli işə keçmək barədə düşünür. Erməni və kürd separatizmi dünyanın ən möhkəm qardaşlarına çevrilib. Türkiyənin kürd separatizminə qarşı beynəlxalq miqyasda həmlələr endirməsi Azərbaycana əlavə imkanlar verir ki, onunla birgə Qarabağda əməliyyatlara başlasın.
- Bəs buna başlamağa nə mane olur?
- Bilirsiniz, dünyada bu məsələni tamamilə qlobal bəla kimi təsdiq etmək gərəkdir. Kürd terrorçularının Dağlıq Qarabağda yerləşdirilməsini, hərbi təlimlər keçməsini bütün təfərrüatı ilə təqdim etmək üçün xüsusi materiallar toplanmalıdır. Artıq bu istiqamətdə kifayət qədər faktlar ortaya qoyulmaqdadır. Türkiyənin və İsrailin xüsusi xidmət orqanları Qarabağda kürd terrorçularının bazalarının mövcudluğunun ilkin əlamətləri barədə məlumatlarla çıxış edir. Eləcə də gürcü xidmət orqanı bu faktların olmasını təsdiqləyir. Amma problem ondadır ki, Dağlıq Qarabağ nəzarətsiz zona olduğundan xüsusi xidmət təşkilatları açıq bəyanatlar verməyə "ürək etmirlər". Doğrudur, həmin qurumlar, əsasən də ABŞ-ın federal kəşfiyyat orqanı işğal olunmuş Azərbaycan ərazisində KFP bazasının olması xəbərini təkzib də etmir. Hətta Amerikanın dövlət katibinin müavini Urbançik belə hallara qarşı mübarizə tədbirlərində öz ölkəsinin Azərbaycana açıq dəstək verməyə hazır olduğunu bəyan edib. Ümid edirəm ki, torpaqlarımızda terror qruplarına qarşı əməliyyat planlarının həyata keçirilməsinin şahidi olacağıq.
- Belə demək olarmı ki, kürd terrorçularının Qarabağda təlimləri beynəlxalq səviyyədə təsdiqini tapsa, Türkiyənin antiterror əməliyyatlarına bir sıra dövlətlər, əsasən də Ermənistanı hərbi cəhətdən silahlandıranlar mane olmayacaq?
- Türkiyənin hansısa dövlətin dəstəyinə ehtiyacı yoxdur. Əsas odur ki, ona mane olmasınlar. Amma qardaş ölkəyə qarşı nə qədər problemlər yaratmağa çalışsalar da, Türkiyənin digər kürd separatizminin yuvalarına zərbə endirməsi baş verəcək. Ən azı Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Yaşar Böyükanıtın məşhur bəyanatı bunu deməyə əsas verir. Bu bəyanatda deyilir ki, Türkiyə dünyanın hansı ölkəsində gizlənməsindən asılı olmayaraq KFP-ni zərərsizləşdirəcək. Təbii ki, bura Azərbaycanın işğal olunmuş Qarabağ zonası da aiddir, hətta Ermənistan ərazisi də.
- Mübariz müəllim, Azərbaycan və Türkiyə əməliyyatlara başlasa, Ermənistan beynəlxalq aləmdə belə bir rəy formalaşdırmağa çalışmayacaq ki, Dağlıq Qarabağda yaşayan dinc erməniləri türklər məhv edir, "soyqırıma" məruz qoyur?
- Təbii ki, bunlar olacaq. Hələ antiterror əməliyyatları başlamayıb, ermənilər dünyaya səs salıb ki, bizə qarşı hücum planları hazırlanır. Artıq 52 ermənipərəst konqresmen Kondoliza Raysa müraciət edib ki, guya Azərbaycan Qarabağda müharibəyə hazırlaşır. Onsuz da onlar hay-küy salacaqlar. Amma bunun əhəmiyyəti yoxdur. Buna bizim haqqımız var. Türkiyənin Baş naziri də, Azərbaycan Prezidenti də dəfələrlə bəyan ediblər ki, terrora məruz qalan ölkələr kimi bütün vasitələrdən istifadə olunacaq.
Bir neçə gün əvvəl Baş nazir Ərdoğan Ermənistanın xarici işlər naziri Oskanyana Münhen konfransında ultimatum dilində bəyan etdi ki, xoşluqla Qarabağı boşaldın, terrorçu qrupların fəaliyyətinə son qoyun. Əks halda bütün terrorçular və onları dəstəkləyənlər güc yolu ilə məhv ediləcək.

ELTAC.



«“Azərbaycan artıq əməli işə keçmək barədə düşünür”»   -
«Ülfət Qazeti»   -