Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Dünya İqtisadi Forumunun yeni hesabatında ölkəmizin reytinqi yaxşılaşıb
Dünya İqtisadi Forumu (World Economic Forum) dünya ölkələrinin makroiqtisadi vəziyyətinə dair yeni hesabatını açıqlayıb. Təşkilatın ekspertlər qrupu tərəfindən hazırlanan hesabatda ölkələrin beynəlxalq iqtisadi sistemdə rolu, dünya ticarətinə inteqrasiyası, idxal və ixracın stimullaşdırılması və digər elementlər nəzərə alınıb. Sənəddə həmçinin ölkələrin daxili və xarici bazarlara çıxışı, gömrük orqanlarının effektiv işləməsi, nəqliyyat və kommunikasiya infrastrukturu, həmçinin biznes mühitinin indeksləri və yerləri müəyyənləşib. Azərbaycanın yeni hesabatda reytinqi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Respublikamız ticarət sisteminə inteqrasiya indeksi reytinqinə görə, daha yüksək göstərici ilə dəyərləndirilib. Belə ki, Azərbaycan bu sahə üzrə Ukrayna, Rusiya, Qazaxıstan, Braziliya, Argentina kimi ölkələri geridə qoyub. Forumun hesabatında beynəlxalq ticarət sisteminə inteqrasiya səviyyəsinə görə Azərbaycan 3,77 indeksi ilə 121 ölkə arasında 70-ci yerə layiq görülüb. Həmin siyahıda Ukrayna 3,76 indeksi ilə 71-ci, Braziliya 3,58 indeksi ilə 87-ci, Qazaxıstan 3,49 indeksi ilə 93-cü, Argentina 3,46 indeksi ilə 97-ci, Rusiya isə 3,29 indeksi ilə 109-cu yerdə qərarlaşıb. Beləliklə, Azərbaycan daxili və xarici bazarlara çıxışı səviyyəsinə görə 4,07 indeksi ilə 52-ci, qardaş Türkiyə isə reytinqdə 4,19 indeksi ilə 48-ci yerdə qərarlaşıb. Gürcüstan, Ermənistan, Türkmənistan və Belarus kimi ölkələr isə, ümumiyyətlə, hesabatda yer almayıb. İqtisadi İnkişaf Nazirliyinin sahibkarlığın inkişafı şöbəsinin müdiri Zaur Qasımov bildirib ki, son illərdə respublikamızda həyata keçirilən davamlı islahatlar beynəlxalq maliyyə institutları tərəfindən təqdir edilir və hesabatlarda öz mühüm yerini tapır. Azərbaycan ötən il Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən elan olunmuş "Doing Business-2008" hesabatında bir nömrəli islahtçı dövlət kimi qiymətləndirilib. Bundan başqa, digər nüfuzlu maliyyə institutlarının da müxtəlif qiymətləndirmələrində respublikamızdakı işgüzar mühit, Azərbaycandakı əlverişli biznes atmosferi öz əksini tapıb, rəqabətqabiliyyətlilik sahəsində Azərbaycanın mövqeyi bir qədər də yaxşılaşıb. "Qoldman Saks" kimi çox mötəbər qurumun reytinqində də ölkəmiz iqtisadi göstəricilərə görə mühüm yerlərdən birində qərar tutub. Z.Qasımov bu istiqamətdə islahatların davam etdiriləcəyini və respublikamızın ilbəil mövqeyinin yaxşılaşacağına əmin olduğunu bildirib.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.