Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Yusif Bünyadzadə: “Torpaq şəhidləri ilə Vətən olur”
1990-cı il 20 yanvar hadisələrindən artıq nə az, nə çox - 20 il ötür. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqının başına gətirdiyi müsibətlər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlıq, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 20 Yanvar hadisəsi xalqımızın milli-azadlıq hisslərinin güclü olduğunu, Azərbaycanda milli müstəqil dövlət quruculuğu üçün sosial əsasların olduğunu göstərdi. Hər il olduğu kimi, bu il də tarixə qanlı yanvar kimi həkk olunan bu olayla bağlı müxtəlif tədbirlər keçirilməkdədir. Belə tədbirlərin biri də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında baş tutdu. Tədbirdə iştirak etmiş Respublika 20 Yanvar Fondunun sədri Yusif Bünyadzadə ilə görüşüb bəzi məsələləri onunla araşdırdıq.
- Şəhid ailələrinə göstərilən qayğı və diqqət bu gün hansı səviyyədədir? - Şəhid ailələri həmişə dövlətin qayğısı və diqqəti ilə əhatə olunublar. Faciə qurbanlarının adının əbədiləşdirilməsi, onların uca tutulması çox yüksək səviyyədədir. Məsələn, Şəhidlər Xiyabanında yenidənqurma işlərinin aparılması, oradakı məqbərənin təmiri buna əyani sübutdur. Digər tərəfdən də bu günlərdə "20 Yanvar" metrostansiyasının yaxınlığında Prezident İlham Əliyevin təşəbbüsü ilə çox böyük bir abidə qoyulub. Bu işlər Nəsimi rayonunda və digər yerlərdə də davam etdirilir. Bu da bütün şəhid ailələri üçün çox yüksək hörmət və qayğının göstəricisidir. Çünki şəhidlərin adınınn əbədiləşdirilməsi hər birimiz üçün əsas şərtdir. Lakin bununla yanaşı, həmin diqqət və qayğıdan kənar qalanlar da var. 10 ailə vardır ki, yaxınlarına hələ də şəhid adı verilməyib. Çünki onların yaxınları 20 Yanvar faciəsindən 1-5 il sonra dünyalarını dəyişiblər. Həmin şəxslər qanlı faciə gecəsi şəxsi maşınlarında yaralıları daşıyıblar. Özləri də düşmən gülləsinə tuş gəliblər. Lakin müəyyən müddət sağ qalıblar. Həmin yaradan bir neçə il sonra ölüblər. 20 Yanvar qurbanları olmalarına baxmayaraq ölüm şəhadətnamələrində xəstəlikdən vəfat etdikləri qeyd olunub. Təbii ki, indi həmin şəhid ailələri Prezident təqaüdü almırlar. Məsələ dəfələrlə müvafiq instansiyalar qarşısında qaldırılıb, problem hələ də həllini tapmayıb. - Bu məsələ ətrafında yanvarın 14-də AHİK-də keçirilən görüşdə də söhbət getdi. Konfederasiyanın sədri, millət vəkili cənab Səttar Mehbalıyev söz verdi ki, özü şəxsən onun həlli ilə məşğul olacaq. - Yeri gəlmişkən, cənab Səttar Mehbalıyev həmişə şəhid ailələrinə diqqət və qayğı ilə yanaşıb. Daim onlarla görüşür, problemləri ilə maraqlanır. İstər konfederasiya səviyyəsində, istərsə də respublika komitələri tərəfindən onlara daim yardım göstərilir. Yəni demək istəyirəm ki, əllərindən gələn kömək və qayğını heç vaxt əsirgəmirlər. Məhz Səttar müəllim kimi gözəl, millətini sevən insanların köməyi sayəsində şəhid ailələrinin qayğıları 10-15 il əvvələ nisbətən xeyli azalıb. İndi şəhid ailələrinin 20 il əvvəlki problemləri övladlarının, nəvələrinin qayğıları ilə əvəzlənib. Məişət problemləri özünü daha qabarıq göstərməyə başlayıb. Məsələn, övladlarına asanlıqla iş tapa bilmirlər, mənzil almaq çətinləşib. Artıq qayğılar bu istiqamətdə gedir. Mənzil problemi ilə üzləşən şəhid ailələrinin icra hakimiyyəti orqanlarında uçota götürülməsi məsələsində xeyli problemlər yaranıb. Əvvəllər dövlət orqanları dövlətə və bələdiyyələrə məxsus torpaqları onlara verə bilirdilər. İndi isə bu yalnız hərrac yolu ilə həyata keçirilir. Şəhid ailələrinin hərraclarda iştirak etmələri, bu yolla torpaq almaları çətindir. - Qanlı Yanvar olayları ilə bağlı hansı işləri görməyi planlaşdırırsınız? - "Şəhidlər" kitabının latın qrafikası ilə çap olunması nəzərdə tutulub. Bu məsələnin artıq maliyyə tərəfi həll olunub. Həmin kitab hadisələrin ən qaynar dövründə yazıldığına görə, bir sıra nöqsanları var. 20 Yanvar faciəsində həlak olanların bəzilərinin adları kitaba salınmayıb, bəzilərinin tərcümeyi-halında müəyyən səhvlərə yol verilib. Bununla yanaşı, kitabın texniki tərəfdən hazırlığı da yüksək səviyyədə deyil. Bütün sadalanan nöqsanlarla əlaqədar kiril qrafikası ilə yazılan həmin kitabı yaxın vaxtlarda latın qrafikası ilə yenidən nəşr etdirməyi düşünürük. Hüquqları pozulan şəhid ailələrinə lazımi yardımın edilməsi də nəzərdə tutulmuşdur. Bununla bağlı bizim fonda müraciət edənlərin sayı həddindən artıq çoxdur. Onların əsas problemi çox hallarda məsul şəxslərlə göruşə bilməmələri ilə bağlıdır. Bunu bütün müvafiq strukturlara aid etmək olmaz. Məsələn, Nəsimi rayonunda bu iş çox yüksək səviyyədə qurulub. Yasamal rayonunda da onlara çox böyük qayğı və diqqət göstərilir. 1995-ci il yanvarın 20-də ümummilli liderimiz demişdi: "Azərbaycanın istiqlaliyyətinə 20 Yanvar şəhidlərinin qanı hopub". Vətənin istiqlaliyyətini sevən hər bir kəs heç vaxt 20 Yanvar şəhidlərini unutmayacaq. 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Çünki torpaq şəhidləri ilə Vətən olur.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.