Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Millət vəkili Nazim Məmmədov: "Həmin qurumlar tam olaraq ləğv olunmasa da, hüquqi formasının dəyişdirilməsinə ehtiyac var"
Rövşən Ağayev: "Binalara xidmət edən "JEK"lərin yığdığı pul faktiki olaraq bu xidmətlərin xərcini ödəmir"
Bu il ölkəmizin mənzil-kommunal sferasında ciddi islahatlara başlanılması gözlənilir. Aparılacaq islahatlar ilk növbədə çoxmərtəbəli binalara xidmət sahəsinə yeniliklər gətirəcək. Ekspertlər ötən ilin sonunda parlamentin qəbul etdiyi Mənzil Məcəlləsi və 2010-cu ilin dövlət büdcəsində göstərilənlərə əsaslanaraq mənzil-kommunal sektorunda ciddi dəyişikliklərin baş verəcəyini proqnozlaşdırırlar. Bu proqnozlar içərisində hər kəsin "JEK" kimi tanıdığı mənzil kommunal istismar sahələrinin (MKİS) ləğv ediləcəyi fikirləri də yer alıb. Belə ki, yeni qəbul olunan məcəllədə də elə MKİS-lərin gələcək taleyinə müəyyən qədər aydınlıq gətirilib.
Məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvi, iqtisadçı-deputat Nazim Məmmədov bu dəyişikliyin zamanın tələbi olduğunu vurğulayıb: "Həmin qurumlar tam olaraq ləğv olunmasa da, hüquqi formasının dəyişdirilməsinə ehtiyac var. Avropa Xartiyasının tələblərindən biri də odur ki, yerli bələdiyyələri idarəetməyə daha çox cəlb etmək üçün bir çox xəstəxanalar, məktəblər onların mülkiyyətinə verilməlidir. Mənzil Məcəlləsi Milli Məclis tərəfindən qəbul olunsa da, bunun tənzimləmə qaydası hələ müəyyən olunmayıb. İlk növbədə müəyyən olunmalıdır ki, hansı məktəblər və ya xəstəxanalar bələdiyyənin mülkiyyətinə verilsin. Təbii ki, bu məsələdə mülkiyyətin bələdiyyəyə necə verilməsi də öz əksini tapacaq. Həmçinin, bunların maliyyələşməsi məsələsi həll olunmalıdır". İqtisadçı-ekspert Rövşən Ağayev isə hesab edir ki, mənzil münasibətlərinin tənzimlənməsi sferasına bələdiyyələrin daxil olması daha məqsədəuyğun olardı: "Yeni Mənzil Məcəlləsinə görə, mənzil istismar sahələri ləğv olunmalı, onların yerində çoxmərtəbəli mənzilləri idarə edən mənzil mülkiyyətçiləri birlikləri yaradılmalıdır. Bir çox ölkələrdə həmin birliklər qeydiyyatdan keçərək hüquqi qurumlar olur. Bələdiyyələrə o qurumların fəaliyyətini nəzarətdə saxlamaq hüququ verilir. Məsələn, onların ildə bir dəfə bələdiyyə qarşısında maliyyə hesabatı vermək məsuliyyəti qoyula bilər. Çünki burada bələdiyyə ərazisində yaşayan sakinlərin taleyindən söhbət gedir. Hansısa maliyyə pozuntusu aşkara çıxarsa, bələdiyyə hüquq-mühafizə orqanlarına məlumat verə bilər. Bundan əlavə, maliyyə çətinliyi olarsa, bələdiyyə tərəfindən onlara transfertlər verilə bilər". R.Ağayevin qənaətinə görə, islahatların ana xəttini mənzil-istismar sahələrinin dövlətsizləşdirilməsi təşkil etməlidir: "Bundan sonra bu iş mənzillərin mülkiyyətçilərinin özlərinin yaratdığı və Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdikləri birliklər tərəfindən idarə olunmalıdır. Çoxmərtəbəli binaların sakinləri birliklər yaradaraq binanı özləri idarə edəcək, yəni "JEK"lər bu məsələdən uzaqlaşacaq. Amma əvvəlcə birliklər haqda qanun qəbul olunmalıdır ki, onların necə yaranıb idarə olunacağı bilinsin. Yeni birliklərin işi kooperativ binaların idarə edilməsinə oxşayacaq. Birliklər zibili daha yaxşı daşıyan şirkətləri seçəcək, lifti dayanmağa qoymayacaq. Binanın damının təmirinin qeydinə özləri qalacaqlar. Həmçinin, bu işlər sakinlərə ucuz başa gəlməyəcək. Məsələ bundadır ki, binalara xidmət edən "JEK"lərin yığdığı pul faktiki olaraq bu xidmətlərin xərcini ödəmir. Sakinlər mənzilin hər kvadratmetri üçün JEK-ə 1,5 qəpik ödəyir. İslahatlardan sonra isə xidmətlərin pulu tam ödəniləcək və bu pul sakinlərin özündən yığılacaq". Ekspertin fikrincə, əgər mənzil istismar sahələri ləğv olunub mülkiyyətçi birlikləri yaradılarsa, deməli, mənzillərin saxlanma xərcləri dövlət tərəfindən kəsiləcək: "Belə çıxır ki, dövlət öz öhdəliyini vətəndaşın üzərinə qoyur. 9 mərtəbəli binanın təmiri üçün 1-1,5 milyon manat pul lazımdır. 5 bloklu 9 mərtəbəli bir binada orta hesabla 108 mənzil olur. Deməli, vətəndaş 10-15 min manat verib binanı özü təmir etməlidir". Ekspertin sözlərinə görə, Azərbaycanda minimum mənzil standartları ödənmir. Belə ki, Azərbaycanda adambaşına düşən mənzilin orta hesabla 13-14 kvadratmetr təşkil etdiyi halda, bu göstərici inkişaf etmiş Avropa ölkələrində minimum 40, inkişaf dövrünü yaşayan Şərqi Avropa ölkələrində isə 20-25 kvadrat arasındadır. Qeyd edək ki, bir sıra MDB ölklərində, o cümlədən Rusiyada mənzil-kommunal sektorda islahatlar artıq başlayıb. Burda da islahatların əsas məqsədi mənzil sahiblərinin xidmətlərlə təminatının yaxşılaşdırılmasıdır. Xalid AZƏR.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.