Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Emil Axundov: "Kanalizasiya xətləri tam yeniləşməsə, 4-5 ilə Bakının çox hissəsi kanalizasiya sularına qərq olacaq"
Paytaxtda yağan qar bir çox problemləri üzə çıxardı. Qarın yağması ilə Bakı şəhərində yollar bağlandı, nəqliyyatın hərəkəti mümkünsüz oldu. Bu günlərdə saatlarla dayanacaqlarda gözləməli olan şəhər sakinləri böyük ümidlə qarın əriməsini gözləyirdi. Amma qarın əriməsi ilə əlavə problemlər yarandı. Bu dəfə paytaxt küçələrini keçmək üçün az qala qayıqlardan istifadə etməli olursan. Nəinki şəhərətrafı qəsəbələrdə, hətta mərkəzi küçələrdə də yaranan gölməçələr əhalinin və avtomobillərin hərəkətini çətinləşdirib. Maraqlıdır, paytaxtın bu probleminin qarşısını nə zaman almaq mümkün olacaq?
Məsələyə münasibət bildirən əməkdar memar Emil Axundov isə yuxarıda sadalanan bu kimi problemlərin səbəbini Bakının vahid kanalizasiya sisteminin olmaması ilə əlaqələndirdi: "İstismar müddətini başa vurmuş magistral kanalizasiya xətləri elə vəziyyətə gəlib çatıb ki, onlar tam yeniləşməsə, 4-5 ilə Bakının çox hissəsi kanalizasiya sularına qərq olacaq". Onun sözlərinə görə, istər avtomobil yolları və körpülərin, istərsə də hündürmərtəbəli binaların tikilişi zamanı ərazinin mövcud kanalizasiya sistemlərinin imkanları nəzərə alınmır: "Əvvəl kiçik bir tikili aparan zaman bütün digər qurumlar kimi sənədləşdirmə məsələləri su-kanalizasiya işlərilə məşğul olan idarə ilə də razılaşdırılırdı. Həmin ərazidə kanalizasiya xəttinin vəziyyəti öyrənilirdi. Onun gücü yeni tikilən binanın kanalizasiya sularını daşımağa imkan verməsəydi, onda heç vaxt bu şəbəkəyə qoşulmazdı. Yeni xətlər çəkilərdi. Ancaq indi necə gəldi, kanalizasiya xətləri bir yerə qoşulur. Onlar da yağış-qar yağan kimi tutulur və ətrafa daşıb göllər əmələ gətirirlər". Müstəqil ekspert Rövşən Ağayev isə hesab edir ki, əsas problem idarəolunma ilə bağlıdır: "İri şəhərlərin mənzil-kommunal sektorunun idarəedilməsi həddindən artıq ciddi məsələdir. Bəlkə də qeyri-peşəkar insanlara bizim yanaşmamız qəribə görünər. Soruşa bilərlər: bu sektoru Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil-kommunal Təsərrüfatı Birliyi, yoxsa yerliözünüidaretmə sistemi idarə etsin, nə fərqi var. Bəli, böyük fərqi var. Çünki bütün dünya ölkələrində mənzil-kommunal sferanın idarəedilməsi çox vaxt yerliözünüidarəetmə institutlarına həvalə edilir. Bakıda indiyə qədər yerliözünüidarəetmə institutu yaradılmayıb. Bunlar tamam fərqli məsələlərdir. Avropa özündə böyük şəhər bələdiyyələri - şəhər meriyası yaradır. Şəhər meriyası indiki icra hakimiyyətindən fərqli vətəndaş institutu hesab olunur. Avropa Şurasına üzv ölkələrin qarşısında qoyulan tələblərdən biri də odur ki, paytaxtınızda belə bir institut yaradılsın. Problemi həll etmək üçün birinci növbədə səbəbləri müəyyənləşdirib, aradan qaldırmaq lazımdır". Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zenfira Budaqova hesab edir ki, yağıntı suları məişət kanalizasiya sisteminə axmamalıdır: "Bakının qədim vaxtlarında yol ayrıclarında dəmir barmaqlıqlar var idi. Yağıntı suları və yolda yığılan sular həmin yerlərə axırdı. Yağıntı suları təmiz olduğu üçün bunların hamısı əvvəllər birbaşa dənizə ötürülürdü. Belə xətlərin quruluşu da məişət kanalizasiya sistemindən fərqlənir. Vaxtilə bizim dənizə aparan yeraltı su keçidləri var idi. Sonradan kanalizasiya xətti çəkməmək dərdindən onları dəyişdirdilər və məişət tullantılarını yağıntı suları üçün nəzərdə tutulan sistemlərə qoşdular. Ona görə də bu sistemlərin üzərində olan dəmir setkalar bağlandı ki, tullantıların iyi şəhəri öz cənginə almasın. Bu səbəbdən də yağış sularını aparan sistemlər ləğv olundu. Təzədən onları bərpa etmək lazımdır. Məişət tullantılarını yağıntı sularına qarışdırmadan və şəhərin bütün sularını yığan yeni sistemli xətlər çəkilməlidir. Nə qədər ki, bunlar qurulmayacaq, o qədər də yağış, qar yağan kimi küçələrdə gölməçələr əmələ gələcək. Ancaq bu yolla yağıntı sularını yığmaq olar". Bakı Kanalizasiya İstehsalat Birliyindən isə bildirirlər ki, paytaxtın kanalizasiya sistemlərinin tam yenidən qurulmasından ötrü bir milyard manatdan çox vəsait lazımdır: "Şəhərin əksər ərazilərində olan kanalizasiya kollektorları və xətləri sovet dövrünün ilk illərindən qalmadır. Borular çürüyüb, dəyişdirilməlidir. Lazım olan vəsaiti birdəfəlik ayırmaq mümkün olmadığından problem də qalmaqdadır. Hər il büdcədən ayrılan vəsait hesabına müvafiq işlər görülür". Əksər ekspertlər hesab edir ki, problemin aradan qaldırılması üçün paytaxtın kanalizasiya sistemi yenilənməlidir. Çünki mövcud kanalizasiya xətləri Bakının indiki vəziyyəti üçün hesablanmayıb. Xüsusən son 10 ildə Bakıda yüzlərlə hündürmərtəbəli yaşayış binaları, şəhərin ətrafında minlərlə ev tikilib. Həmin binaların hamısının kanalizasiyası isə əvvəlki xətlərə birləşdirilib. Buna görə də yağışlı havalarda kanalizasiya xətləri həmin suyu daşıya bilmir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.