Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Həmkarlar ittifaqı əlini yanına salıb durmaq fikrində deyil
"McDonalds Azərbaycan MMC" şirkətinin reklam və elanlarını yəqin ki, çox adam oxuyub. Elə mən də metroda vaxtımı öldürmək üçün bu şirkətin vaqonların divarlarına yapışdırılmış elanlarına az baxmamışam. Oxuyursan, heyran qalırsan. Deyirsən, İlahi, şirkət respublikamıza pul qazanmağa yox, ancaq xalqımıza canıyananlıq göstərməyə gəlib. Bu, necə deyərlər, "pulun" görünən tərəfidir. Gizli qalan tərəf isə… Onu da elə "McDonalds"ın özü açdı göstərdi… MMC-nin restoran şəbəkələrində verilən yeməklərin nə dərəcədə dadlı, keyfiyyətli olub-olmaması barədə bir söz deyə bilmərik. Amma əminliklə söyləyə bilərik ki, azərbaycanlı işçilərə qarşı münasibətdə tutduqları mövqe qeyri-səmimi, insani baxımından keyfiyyətsiz və ürəkağrıdandır.
Şirkətin icraçı direktoru cənab Maqsud Mirzəyev pul qazanmaq naminə işçilərin hüquqlarını çox asanlıqla, "uf" demədən ayaqlar altına atır. Onlarla "ağa-nökər" sistemi əsasında davranır. Məlumat üçün deyək ki, ötən il şirkətin kollektivi ictimai birliklərdə birləşmək hüququndan bəhrələnərək həmkarlar ittifaqı komitəsi yaratdılar. Tezliklə təşkilata 160 nəfər üzv yazıldı. Arif Babayev komitə sədri seçildi. Hər şey qanun üzrə gedirdi. İşçilər aylıq maaşlarının bir faizi həcmində mühasibat vasitəsilə komitənin hesabına üzvlük haqqı köçürürdülər. Günlərin bir günü komitənin fəaliyyəti cənab M. Mirzəyevin xoşuna gəlmədi. Çünki şirkətdə Əmək Məcəlləsinin tələblərinə hörmətsizlik göstərən şirkət rəhbərliyinin bir çox hərəkətləri də həmkarlar ittifaqının xoşuna gəlmirdi. Məsələn, işçilər sutka ərzində normadan artıq, bəzən 12 saat işlədilirdilər. İstirahət günləri ya olur, ya da müdiriyyətin arzuladığı kimi müəyyən edilirdi. Əməkhaqqı əməyə görə ödənilmir və sair. Bu nöqsanlarda işimiz yox. Qoy onlarla Dövlət Əmək Müfəttişliyi və sair əlaqədar orqanlar məşğul olsun. Qayıdaq həmkarlar ittifaqı mövzusuna. Martın 15-də Maqsud bəy HİK sədri Arif Babayevi yanına çağırdı. A. Babayev etiraf edir ki, bu çağırışa sevincək getdi: "Sevincimin də səbəbi o idi ki, hələ dekabr ayında tərəflər arasında bağlanmalı olan kollektiv müqavilənin layihəsini razılaşdırmaq məqsədi ilə rəhbərliyə təqdim etmişdik. Dedim, yəqin onu müzakirə etməyə çağırır". Amma sən saydığını say, gör… Mirzəyev nə sayır. Elə içəri girən kimi Arif bəyi quru yuyub, yaş sərib. Dişinin dibindən çıxanı əsəbi şəkildə ona deyib. Ünvanına yersiz ittihamlar irəli sürüb. Niyə? Hələ indinin özünə kimi cənab Mirzəyevin münasibətində 180 dərəcə dönməsinin səbəbi aydın deyil. Nə isə… İcraçı direktorun əsəbi sədri təhqir etməklə bitmir. Şirkətin bütün obyektlərinə şifahi tapşırıq verir ki, bəs həmkarlar ittifaqı sıralarında bir nəfər də olsun işçi qalmasın. M. Mirzəyevin "həmkarlarsız "McDonalds" çağırışına obyekt rəhbərləri böyük ruh yüksəkliyi ilə qoşulurlar. Mətni əvvəlcədən hazırlanmış təşkilatdan çıxmaq haqqında ərizə işçilərə təqdim olunur. Şərt də belə qoyulur: ya iş, ya da həmkarlar ittifaqı. Əlbəttə, biz işçiləri qınamırıq. Hamı çörək yemək istəyir. Evinə maaş aparmaq istəyir. Ona görə də məcburdurlar ki, Maqsud kimi rəhbərlərin alçaldıcı hərəkətlərinə göz yumsunlar. Müdiriyyətin özbaşınalığına işçilər nəyinsə xatirinə göz yumsalar da, təbii ki, şirkətin HİK-in xidmətinə daxil olduğu "Xidmət-İş" Hİ Federasiyası buna göz yuma bilməzdi. Federasiyanın vitse-prezidenti Cəmaləddin İsmayılov, asanlıqla olmasa da, iki gün sonra şəxsən Maqsud bəylə görüşdü. Yenə həmin danışıq tonu, yersiz, əsassız iddialar, bəhanələr… Yeganə fakt kimi 5-6 işçidən aldığı həmkarlar ittifaqı üzvlüyündən çıxma ərizəsini C. İsmayılova göstərdi. "Bax, görürsən, işçilər sizin təşkilatdan imtina edirlər",-dedi. Görünür M. Mirzəyev Azərbaycanda pul qazanmağın yolunu yaxşı mənimsəsə də, bu ölkənin qanunlarından xəbərsizdir. Bilmir ki, həmkarlar ittifaqı üzvlüyünə qəbul və ya imtina ərizəsini müəssisənin rəhbərinə yox, təşkilatın sədrinə verirlər. Yeri gəlmişkən, qanunlarımızdan daha bir neçə məqamı cənabın diqqətinə çatdırmağı lazım bilirik ki, gələcəkdə bəlkə gərəyi oldu. "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikası (o respublikanın ki, pulunu yeyir, vətəndaşlarının heysiyyatı ilə oynayır) Qanununun 5 və 7-ci maddələrində yazılıb: Vəzifəli şəxslərin həmkarlar ittifaqlarının məhdudlaşdırılmasına səbəb olan və ya onların nizamnamələri çərçivəsində qanuni fəaliyyətinə maneçilik törədən hər cür müdaxiləsi qadağandır". "İşçilərin işə qəbulunu, irəli çəkilməsini, habelə işdən azad edilməsini, onların həmkarlar ittifaqları yaratmaq təşəbbüslərini fəaliyyət göstərən həmkarlar ittifaqlarına daxil olmaları və ya aradan çıxmaları ilə şərtləndirmək qadağandır". Sitat gətirdiyimiz, hörmətli Maqsud bəy, bilirik, bu xudpəsəntlik ki, sizdə var, qanundan çıxarışları oxuyub saymazyana əlinizi yellədəcəksiniz. "Boş şeydir",-deyəcəksiniz. Amma tələsməyin. Sözügedən qanunun başqa bir maddəsi də var ki, o, bizcə, sizin yellənən əlinizi havada saxlayacaq. "Bu qanunun pozulması qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur". Hələ ki, M.Mirzəyev qanunlarımızın gücündən xəbərsizdir. Ona düz yol göstərənlərə hədə-qorxu gəlir, heç kimdən, heç nədən qorxmadığını söyləyir. Federasiyanın vitse-prezidenti C.İsmayılov bildirdi ki, mən ikinci dəfə onunla görüşməyə, ümumi razılıq əldə etməyə səy göstərdim. Cəhdlərim baş tutmadı. Ünvanına dörd məktub göndərdik, cavabsız qaldı. Cəmaləddin müəllim deyir ki, Azərbaycan tarixində işəgötürən tərəfindən həmkarlar ittifaqına qarşı belə qanunsuz hərəkət olmayıb. Həmsöhbətim onu da vurğuladı ki, işçilərdən həmkarlar ittifaqı üzvlüyündən imtina etmə ərizələrinin alınmasında şirkətin kadrlar şöbəsinin müdiri Tofiq Məmmədbəyov xüsusi canfəşanlıq göstərib. Şəxsən özü bütün müəssisələrdə iclaslar keçirib. Həmkarlar ittifaqının ziyanlı təşkilat olduğunu kollektivlərə "başa salıb". Halal olsun, bu da özümüzünkü. Biz HİK sədri Arif Babayevlə də görüşdük. Arif bəy bir qədər yuxarıda yazdıqlarımızı təsdiqlədi. Onu da əlavə etdi ki, məni faktiki həmkarlar ittifaqı işindən kənarlaşdırıblar. HİK-dən imtina ərizələri işçilərdən restoran müdirləri tərəfindən onların kabinetlərində alınıb. Məni də şirkətin Şüvəlandakı obyektinə göndəriblər və işdən ayrılmağıma icazə vermirlər. Bax belə. Hələ ki, söz sahibi cənab M.Mirzəyevdir. Lakin həmkarlar ittifaqı əlini yanına salıb durmaq fikrində deyil. Onun kifayət qədər təsir mexanizmi var. Başlıcası isə həm ölkə, həm də beynəlxalq qanunlar həmkarlar ittifaqının tərəfindədir. Xatırladırıq ki, Azərbaycan hökuməti Beynəlxalq Əmək Təşkilatının üzvüdür. Bu qurumun bir çox konvensiyaları kimi 87 və 98 saylı konvensiyaları da qanunvericilik orqanımız tərəfindən ratifikasiya olunub. Həmin konvensiyaların tələbinə görə, hökumət işçilərin sərbəst birləşməsinin və işəgötürənlərin həmkarlar ittifaqının işinə müdaxilə etməməsinin qarantıdır. Yəqin heç Maqsud bəy də istəməz ki, məsələ hökumət səviyyəsinə çıxsın. Biz buna inanırıq.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.