Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Müsahibimiz "Azərbkolxozlararası Sağlamlıq" Respublika Birliyinin sədri İmran Rzayevdir.
- İmran müəllim, yayın gəlişi, mən biləni, şəxsən Sizin üçün həm əlamətdar tarix, həm də məsuliyyət tələb edən günlərdir. Məsuliyyət deyəndə mən turizm ilə məşğul olan bir insan kimi qarşınızda duran 2-3 ayın çətinliklərini nəzərdə tuturam. Bu barədə danışmağa başlamazdan əvvəl özüm üçün bir şeyi aydınlaşdırmaq istəyirəm. İdarənizə gəlməyə hazırlaşırdım, dostlarımızdan biri zəng edib dedi ki, iyunun 27-si İmran müəllimin 60 yaşı tamam olacaq. Yəqin bu, zarafat deyil? - Yox. - Elə isə ilk növbədə Sizi redaksiyamızın kollektivi adından təbrik edirəm. Sonra da… məni və oxucularımızı maraqlandıran sualım belə olacaq: istirahət obyektləriniz mövsümə necə hazırlanıb? - Hazırda bizim təşkilatın nəzdində 2 müəssisə fəaliyyət göstərir. Biri Qax şəhərinin ən səfalı guşəsində yerləşən "Şəfa" pansionatıdır ki, onun birdəfəlik maksimum qonaq tutumu 120 nəfərdir. Qonaqların 108-i əsas korpusda, 12 nəfəri isə ərazidə tikilmş 2 kotecdə yerləşdirilir. Biz hər il pansionatın fəaliyyətinin keyfiyyət, kəmiyyət baxımından yaxşılaşdırılması yönümündə xeyli iş görürük. Bu işlərin əsasında bir məqsəd durur: "lüks", "yarımlüks", "sadə" sözlərini aradan çıxardaq. Yəni bütün otaqlarda eyni dərəcədə əla şərait yaradaq. Bu istəyimizə təxminən nail olmuşuq. Bütün otaqlarda, dörd seksiya istisna olmaqla, televizor, soyuducu, kondisioner qoyulub. Bütün bu elektrik cihazlarla tam təmir edilmiş xollar da təmin olunub. Qonaqlarımız xollarda da otaqlarında olduğu kimi rahatlıq tapa bilirlər. - Xəstələrin tam müalicə alması üçün şərait varmı? - Müalicə bizdə əsasən korpusun birinci mərtəbəsində aparılır. Müalicənin əsas komponenti Qax suyudur. Bu suyun böyrəklərə, qara ciyərə, daxili orqanlara çox böyük müsbət təsiri var. Yeri gəlmişkən deyim ki, həkimlərimiz Qax suyunun insan orqanizminə göstərdiyi müalicəvi təsir mövzusunda tədqiqatlar aparıb, elmi işlər yazmışlar. - Təbii ki, Qax suyu, digər proseduralar hamı üçün faydalı olmaya bilər. Yəni insanların orqanizmində fəsadlar yaradar. - Bu ehtimal qəti istisnadır. Çünki hər bir yollayış sahibi əvvəlcə ətraflı müayinədən keçirilir. Sağlam, xəstə orqanları müəyyənləşdirilir. Xəstələr müalicələri həkimlərin təyinatı üzrə qəbul edirlər. Pansionatımızda isə müalicə proseduraları çoxdur. Dediyim kimi, əsasən su müalicə proseduraları üstünlük təşkil edir. Pansionatın xəstə tutumuna uyğun vannalar, duşlar, duş masajları var. Böyük fizioterapiya kabineti yaratmışıq. Oynaq-hərəkət sistemlərinin müalicəsi üçün naftalandan, parafindən istifadə olunur. Hələ mən ayaq və əl vannalarını, masajçılarımızı demirəm. Biz mədə-bağırsaq sistemini də yaddan çıxarmamışıq. Mədə, bağırsaq yuyulan kabinetlər fəaliyyət göstərir. Onu da diqqətinizə çatdırım ki, kiçik bir diaqnostika mərkəzi yaratmışıq. Vacib cihazlarla təchiz olunmuş mərkəzdə böyrəklər, digər daxili orqanların müayinəsi aparılır. Müayinə prosesində öz tibb personalımızla yanaşı, kənardan cəlb olunmuş həkimlər də iştirak edirlər. - Xəstələrin ərzaq təminatı necədir? - Ərzaq təchizatında problemimiz yoxdur. Çünki kənd yeridir, məhsulu mağazadan deyil, şəxsi təsərrüfatlardan almaq mümkündür. İşçilərimizə deyirəm ki, müştərilərimiz şəhərdən gəlib, Qaxda niyə kənd çolpası, kənd yumurtası yeməsinlər? Süfrələrə rayonda yetişən bütün növ meyvə-tərəvəzlərdən qoyulur. Qonaqlarımız həm müalicədən, həm də xidmətdən, məncə, razı qalırlar. Çünki indiyə qədər narazılıq edən qonaqla rastlaşmamışıq. - Pansionatda hansısa dəyişikliklər aparılıbmı? - Biz "Şəfa"nı həyat fəaliyyətimizin ayrılmaz tərkib hissəsi sayırıq. Olanları qoruyub saxlamağa, imkanımız daxilində ildən-ilə təkmilləşdirməyə, artırmağa, yaxşı bildiyimizi daha da yaxşılaşdırmağa çalışırıq. Məsələn, bu mövsümün əvvəlində kanalizasiya sistemini demək olar ki, yenidən qurduq. 900 metr aralıda təmizləyici qurğumuz var. Həmin qurğuya qədər olan kanalizasiya xətləri yenidən çəkildi. 20 metr hündürlüyündə 20 ton su tutumu olan çəni dəyişdik. Düzdür, bu əməliyyat çox çətin oldu. Müvafiq texnika tapınca bizimki bizə dəydi. Amma nə etməli, ən vacibi turistlərin rahatlığıdır. 150 kvadratmetrlik talvar inşa etmişik, onun içində, ətrafında işıqlandırıcı vasitələr quraşdırılıb. Dizaynında müasir elementlərdən istifadə olunub. Talvar mədəni-kütləvi tədbirlər üçün nəzərdə tutulub. Həyətdə təxminən 140 metr trenkul yol çəkilib. Ərazidəki ağaclar səmada yaşıl buludu xatırladır. Hər tərəf laləzarlıqdır. Özümüz toxum əldə edərək güllər əkirik. Hovuzun ətrafı müasir standartlara cavab verən formada abadlaşdırılıb. Yay mövsümündə hovuz çimərlik vəzifəsini yerinə yetirir. Onu elə tikmişik ki, həm uşaqlara, həm də böyük insanlara boy verən hissələrdən ibarətdir. Hovuza yüksək, dəqiq sanitar-texnoloji xidmət göstərilir. Suyu vaxtı-vaxtında dəyişdirilir, içi dərmanlanır. Öz quyumuz var. Quyudan dağ-mineral suyu çıxır. - İmran müəllim, əhalinin istənilən təbəqəsinə məxsus adamlar "Şəfa"da şəfa tapmaq imkanına malik olacaqmı? - Biz iqtisadi, sosial çətinlikləri, böhranı nəzərə alaraq qiymətləri keçənilki səviyyədə saxlamışıq. Yeri gəlmişkən, bəzən deyirlər ki, guya həmkarlar ittifaqlarının xidmətində olan sağlamlıq-müalicə müəssisələrinə, turizm mərkəzlərinə verilən yollayışların qiyməti bahadır. Belə götürəndə bizdə qiymət orta hesabla 34 manat 50 qəpikdir. Bu qiymətin içinə kommunal xidmətlər, sərf olunan isti, soyuq su, enerji sərfi, ərzaq təminatı, mədəni-kütləvi tədbirlər, müalicə proseduraları və sair daxildir. Hələ mən 74 nəfər işçinin əməkhaqlarını demirəm. Qonaqlarımız isə bu qədər xərcin qabağında müəyyənləşdirilən 34 manat 50 qəpiyin hamısını yox, cəmi 15 faizini ödəyirlər. - Mövsüm nə vaxtdan başlayıb? - İyunun 1-dən. Bir gediş 20 gündür. 5 gediş olacaq. Mövsüm ərzində 550 nəfər qonaq qəbul edəcəyik. - Bir qədər də Nabranda yerləşən "Şahdağ" turist bazanıza getməyə hazırlaşan turistlər üçün məlumat verməyinizi xahiş edirəm. - "Şahdağ"da olanlar bilirlər, bu bazanın cəmi yüz çarpayı yeri var. Bəzən məndən soruşurlar ki, niyə korpusların sayını artırmırsınız? Deyirəm ki, ərazimiz cəmi 2 hektardır. Korpuslar artsa sıxlıq əmələ gələcək. Belə şəraitdə dincəlmək sizə sərf edər? "Şahdağ"ın öz gözəlliyi, öz müştəriləri var. Çox sakit yerdir. Ərazisinə kənardan müdaxilələr yoxdur. 14 kotecin 11-i demək olar ki, ən yüksək şəraitə malikdir. Televizor, soyuducu ilə təmin edilib. Keçən il yeni su quyusu qazdırdıq. 16 və 20 tonluq çənlər qoydurduq. Bununla da su problemi birdəfəlik aradan qaldırıldı. Kommunal xidmətlər ən yüksək səviyyədədir. Daha güclü transformator quraşdırmışıq. Köhnə yeməkxananın yerində yenisi tikilib. Ümumiyyətlə, turistlərin yaxşı dincəlməsi, evə xoş ovqatla qayıtması naminə çox iş görmüşük. - İmran müəllm, Sizə müsahibəyə vaxt ayırdığınıza görə təşəkkürümü bildirirəm, yeni mövsümdə yeni uğurlar arzulayıram.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.