Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Yolçu Xanvəli: "Bəzi ərazilərdə kəsilib satılan ətin mənşəyi, həkim nəzarətindən keçib-keçməməsi dəqiq bilinmir"
Vəli Qarayev: "Baytarlıq nəzarətinin olmadığı yerlərdə ət satılması birmənalı olaraq qadağandır"
Yay mövsümü daha çox istirahət dövrü kimi xarakterizə edilsə də, paytaxt sakinlərinin problemləri xeyli çoxalıb. Yayın istisi artdıqca, nəinki içməli su, hətta zərərsiz ərzaq tapmaq da problemə çevrilib. Yayın qızmar günəşi altında satılan ərzaq məhsullarından hansı xəstəlikləri qazanacağımızdan çoxlarımız xəbərsizik. Qadağan olsa da, paytaxtın bir çox ərazilərində, açıq havada, o cümlədən kənd təsərrüfatı yarmarkalarında ət və ət məhsullarının satışı aparılır. Yarmarkaların girişində, istehlakçılara təqdim olunan ətin iyini hətta uzaq məsafədən də hiss etmək olur. Günün altında qalan ətin hansı vəziyyətdə olmasını isə təsəvvür etmək çətin deyil. Amma qiyməti müqayisədə nisbətən aşağı salındığından alıcıları az olmur. Digər tərəfdən, son vaxtlar mənşəyi bilinməyən ət və ət məhsullarının satışa çıxarılması ilə bağlı məlumatlara tez-tez rast gəlirik. Əksər hallarda ətin keyfiyyəti laboratoriyalarda yoxlanılmadan satışına icazə verilir. Bunun nəticəsində isə insanlar arasında heyvan mənşəli xəstəliklər ildən-ilə artır. Maraqlıdır, bölgələrdən ət və ət məhsulları paytaxt bazarlarına necə daxil olur, yay mövsümündə yarmarkalarda ət satışı nə dərəcədə düzgündür və belə məhsullar əhalinin sağlamlığı üçün təhlükəli deyilmi? Paytaxt sakinləri ilə apardığımız söhbət zamanı məlum oldu ki, onların əksəriyyəti evlərinin yaxınlığından ət alırlar. Bu zaman ətin açıq havada, yaxud bağlı ərazidə satılmasına ciddi önəm vermirlər. Sakinlər bunu onunla əsaslandırırlar ki, həmin ərazilərdə kəsiləcək heyvan bir gün öncədən ət dükanının yaxınlığına bağlanılır. Əhali ən azı hansı heyvanın ətini alacağını bilir. Paytaxtdakı bazarlarda və yarmarkalarda satılan ətin mənşəyi isə onlara məlum deyil. Digər tərəfdən isə, sakinlər bazarlarda satılan ətin həqiqətən yoxlandığına və təhlükəsiz olmasına əmin deyillər. Əslində isə rayonlardan paytaxta ətin gətirilməsi müəyyən qaydalar əsasında aparılmalıdır. Hətta əgər rayon daxilində bir kənddən başqa yerə ət aparılırsa, bu, arayış əsasında həyata keçirilməlidir. Rayon sərhəddindən kənara ət çıxarıldıqda isə onun baytarlıq orqanından şəhadətnaməsi olmalıdır. Bu şəhadətnamələr olmadan həmin məhsulların daşınması qadağandır. Məsələyə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Murtuzəli Hacıyev kənd təsərrüfatı yarmarkalarında ət satışının qadağan olunmayacağını bildirdi: "Yarmarkalarda əhaliyə təzə kəsilmiş ət təklif olunur. Həmin ətin satışına yalnız saat 13:00 radələrinədək icazə verilir. Bu müddətdən sonra yarmarkada ət satılması qadağandır". Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Mətbuat Xidmətinin rəhbəri Yolçu Xanvəlinin sözlərinə görə, paytaxtın bütün ərazisində açıq havada ət satışının qarşısı alınmalıdır: "Həm yerli icra strukturlarına, həm də digər müvafiq orqanlara vaxtaşırı müraciətlər göndərilir ki, respublikanın bütün ərazisində qeyri-qanuni ət satışının qarşısı alınsın. Çünki həmin ərazilərdə kəsilib satılan ətin mənşəyi, o cümlədən həkim nəzarətindən keçib-keçməməsi dəqiq bilinmir. Amma bu iş mərkəzləşmiş qaydada aparılsa, hər bir rayonda kəsim məntəqəsi yaradılsa, istər-istəməz laboratoriya fəaliyyət göstərəcək və kəsilən ətlərə həkim nəzarəti olacaq. Həm kəsilən heyvan ətinin keyfiyyətinə zəmanət veriləcək, həm də ondan nümunələr götürülərək yenidən müayinə ediləcək. Yalnız bundan sonra həmin ətin satışına icazə veriləcək. Bununla bağlı yerli icra orqanlarına dəfələrlə etdiyimiz müraciət əksər hallarda yüksək səviyyədə qəbul olunmur".
"Günəş şüalarının təsirindən qorumaq üçün ət məhsullarının satıldığı ərazidə kölgəliklər yaradılır"
Y.Xanvəlinin sözlərinə görə, ölkəmizə xaricdən gətirilən ətlərə ciddi həkim nəzarəti var. Ötən il Rusiyanın cənub ərazilərində Afrika taunu xəstəliyi qeydə alındı. Dərhal bu ərazilərdən Azərbaycana ət ixracı qadağan olundu və bu qərar hələ iki il öz qüvvəsində qalacaq. Xaricdən gətirilən ət məhsulları həmin ölkənin baytarlıq serifikatları əsasında ölkəyə buraxılır. Sərhəd-keçid məntəqələrində fəaliyyət göstərən baytar-nəzarət məntəqələrində sənədlər əsasında ilkin araşdırmalar aparılır. Sənədlər düzgün olandan sonra ət məhsulları anbarlara boşaldılır. Orada gömrük, səhiyyə və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə nümunələr götürülür. Respublika Mərkəzi Baytarlıq Laboratoriyasında 16 parametr üzrə analiz aparılır. Əgər bu göstəricilər üzrə ət standarta cavab vermirsə, qanunvericiliyə uyğun şəkildə geri qaytarılır və ya hər iki tərəfin iştirakı ilə məhv edilir". Bakı Şəhər Baş Baytarlıq İdarəsinin sədr müavini Vəli Qarayev isə kənd təsərrüfatı yarmarkalarında ət satışını normal qarşılayır: "Həftə sonu keçirilən kənd təsərrüfatı yarmarkalarında digər məhsullar ilə yanaşı ət də satılır. Bu yarmarkalar səyyar xarakter daşıyır və vətəndaşlar öz məhsullarını həmin yarmarkalarda sata bilir. Buna görə də həftənin bir-iki günü fəaliyyət göstərən yarmarkalarda soyuducular quraşdırılmasını tələb etmək olmur. Amma ət məhsullarını həşəratlardan və günəş şüalarından qorumaq üçün kölgəliklər yaradılır, üstü bağlanılır. Satıcılar özləri də yaxşı bilirlər ki, yay mövsümündə ət məhsulları açıq havada qalanda tez xarab olur. Xarab məhsulları isə alıcılar almayacaq. Buna görə məhsullarının xarab olmaması üçün mümkün olduğu qədər tədbirlər görürlər". V.Qarayev yay mövsümündə təşkil olunan kənd təəsərrüfatı yarmarkalarında ət məhsullarının satılmasına qadağa qoyulmasını düzgün saymadı: "Reallıq ondan ibarətdir ki, səyyar yarmarkalarda ət məhsullarının satışı üçün standartlara uyğun şərait yaradılmasını tələb etmək mümkün deyil. Yarmarkalarda ət məhsullarının satışının qadağan edilməsi də mümkün deyil. Çünki əhalinin həmin məhsullara tələbatı var. Müşahidə aparılsa, görünər ki, əhali həmin məhsulları alır". V.Qarayev onu da dedi ki, paytaxtda fəaliyyətinə qanunla icazə verilən bütün obyektlərdə tam formada baytarlıq nəzarəti var. Həmin obyektlərdə satılan məhsulların keyfiyyəti üçün də Baytarlıq Xidməti məsuliyyət daşıyır. Xalid AZƏR.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.