Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
BU SAHƏDƏ ƏHALİNİN MAARİFLƏNDİRİLMƏSİNƏ EHTİYAC VAR
Bakıda son illər tikinti sektorunun böyük sürətlə inkişafı danılmazdır. Lakin bu inkişaf problemsiz də ötüşmür. Son bir ilə qədər tikinti sektoruna kifayət qədər nəzarətin olmaması Bakıda istənilən üslubda binaların ucaldılması ilə nəticələndi. Ərazinin geoloji davamlılığı, hündürmərtəbəli bina tikintisi üçün yararlılığı, ətraf binalara təsiri nəzərə alınmadan ucaldılan göydələnlər əlavə problemlər yaradır. Vaxtilə öz memarlıq üslubu ilə dünyanın məşhur şəhərləri ilə bir sırada yer alan Bakı artıq əvvəlki mövqeyini itirmək üzrədir. Bir vaxtlar şəhərimiz okeanın o tayında "Şərqin Parisi" kimi tanınardı. Təəssüf ki, son illər paytaxtda aparılan yöndəmsiz tikililər onun əvvəlki şan-şöhrətini tarixin arxivinə göndərmək üzrədir.
MİLLİ MEMARLIQ ÜSLUBU POZULUR Əməkdar memar Emil Axundov bəzən inşaat normalarının pozulduğunu bildirir. Onun sözlərinə görə, dünya təcrübəsində elmi cəhətdən əsaslandırılan inşaat normaları var: "Belə ki, 9 ballıq zəlzələyə dözümü olmayan bir ərazidə betontökmə üsulu ilə 30 metrdən artıq hündür bina tikmək qadağandır. Amma bunun əksinə olaraq istənilən yerdə konstruksiya işi aparılmadan istənilən hündürlükdə göydələn ucaldırlar. Sanki qarşıya bir məqsəd qoyulub ki, paytaxtda bir kvadratmetr boş sahə qalmamalıdır". E.Axundov son illər inşa edilən 700 binadan hardasa 5-6--nın memarlıq üslubuna uyğun olduğunu bildirir: "Onlardan biri Nizami muzeyilə üzbəüz tikilən hündürmərtəbəli binadır. Digəri isə metronun "Sahil" stansiyasının üzərində ucaldılıb. Bunun da metronun üzərində yerləşməsi başqa bir problemdir". Əməkdar memarın qənaətinə görə, bir sıra binalar zəruri infrastruktur tələblərinə cavab vermir: "Göydələnlər elə sıx yerləşib ki, bəzilərinin arasına yüngül minik maşını belə sığmır. Bəs yanğın baş verərsə yanğınsöndürən maşın dalanlara necə girəcək? Halbuki Avropada ucaldılan 50-100 mərtəbəli binanın hər 7 mərtəbəsindən bir hovuz var. Sistem elə kompyuterləşib ki, 6-cı mərtəbədə yanğın baş verərsə, avtomatik olaraq, qurğu istiliyi ölçür, temperatur 50 dərəcədən yüksəyə qalxırsa tavandan su damcılamağa başlayır". Əməkdar memarın sözlərinə görə, bu inşaat sxemi 1985-ci ildən sonra pozulmağa başlayıb: "Buna qədər bir binanın inşasına başlamazdan öncə onun təklifləri hazırlanıb layihə institutuna göndərilirdi. Bu sənədi Bakı üçün 1892-ci ildə polkovnik Fondernone hazırlayıb və onu 1900-cü ildə Gürcüstanda general-leytenant Knyaz Qaliçin təsdiq edib. Xəritədə təxminən 105 ilə görülməsi mümkün olan tikinti işləri öz əksini tapmışdı. Belə plan dünyanın 5 şəhəri üçün tərtib edilib ki, bu şəhərlərdən biri də Bakıdır. Ötən əsrin əvvəllərində də dünyanın ən məşhur şəhərlərində tətbiq olunan hər bir yeni arxitektur qaydalar Bakı milyonçuları M.Nağıyev, Z.Tağıyev və digərləri tərəfindən Bakıya gətirilirdi. Özü də təkcə qaydalar yox, onu işləyən tanınmış memarlar bu işə cəlb edilirdi. Sovet dövründə isə çox vaxt Mərkəzi Komitənin birinci katibi özü tikinti işlərinin gedişatını nəzarətə alardı".
HƏR BİR TİKİNTİ MATERİALININ XÜSUSİ SERTİFİKATI OLMALIDIR Bakıda hündürmərtəbəli binaların tikintisi zamanı bir çox vacib tələblərin yerinə yetirilməməsi həmin evlərdə yaşayacaq insanları düşündürməlidir. Araşdırmalar göstərir ki, hazırda paytaxtda neftlə və müxtəlif metallarla çirklənmiş torpaq sahələrində də tərkibi normalara uyğun olmayan tikinti materiallarından yaşayış evləri inşa edilir. Eyni zamanda bir çox tikinti materiallarının tərkibi standartlara uyğun deyil. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin apardığı araşdırmalar nəticəsində aydın olub ki, bəzi inşaat materiallarının tərkibi sağlamlıq üçün zərərlidir. Qurumda hesab edirlər ki, respublikamızda istehsal edilməsindən və ya xaricdən gətirilməsindən asılı olmayaraq onların hər birinin xüsusi sertifikatı olmalıdır: Tikinti materialları əsasən gildən hazırlanır. Gilin isə tərkibində az və ya çox miqdarda uran (238), torium (232), radium (226), kalium (40) kimi təbii radionuklidlər ola bilər. Məlumdur ki, kərpic hazırlanarkən gil yüksək temperaturda bişirilir. Bu zaman, radioaktiv maddələr istisna olmaqla, gilin tərkibindəki bütün üzvi maddələr yanır. Qırmızı kərpicin tərkibində radioaktiv maddələr ağ daşdan daha çoxdur. Ancaq bu, kərpicin hazırlandığı xammaldan və ərazidən də çox asılıdır. Respublikanın digər rayonlarından fərqli olaraq Zaqatala və Şəkidə çıxarılan gilin tərkibində, vulkanik mənşəli tikinti materiallarında, əsasən qranitdə təbii radionuklidlərin miqdarı yüksəkdir. Buna baxmayaraq, bir çox inzibati binaların girəcəyində onlardan geniş istifadə olunur. Mütəxəssislərin qənaətinə görə, problemin həlli üçün bu sahədə maarifləndirmə işlərinin aparılması vacibdir. Sərhəd keçid məntəqələrində xüsusi nəzarət olmalıdır. Sanitar Karantin Müfəttişliyi mütləq gigiyenik sertifikat tələb etməlidir. Əhali gigiyenik sertifikatı olmayan mal almamalıdırlar. Tikinti üçün ayrılan torpaq sahələri, ictimai binaların və ya yaşayış evlərinin inşa edilməsindən asılı olmayaraq, dövlət sanitariya orqanlarının nəzarəti altında olmalıdir. Torpaq sahəsi ayrılan zaman orada radiasiya fonu ölçülməlidir. Burada istifadə edilən tikinti materiallarının radioaktivliyi yoxlanmalı, bina tikilib qurtardıqdan sonra onun qəbulunda sanitariya xidməti iştirak etməlidir. Yalnız hərtərəfli yoxlama aparıldıqdan sonra bina istifadəyə verilməlidir. Təəssüf ki, bəzi işbazlar sanitar-epidemioloji nəzarət orqanının xəbəri olmadan nəzarətdən kənarda qalmış yerlərdə, qaydalara riayət etmədən binalar və ya xüsusi evlər tikirlər. Əlbəttə, nəzarətsiz ərazilərdə binaların tikintisinin və ya sertifikatlaşdırılmayan inşaat materiallarından istifadə sonradan əlavə problemlər yaradır. Belə ki, köhnə neft mədənləri olan ərazilər ekoloji cəhətdən təhlükəli hesab edilir. Çünki neftlə birgə axan su radioaktiv maddələrlə çirklənmiş olur. Bu gün həmin ərazilərdə (Bibiheybət, Suraxanı, Balaxanı, Binəqədi və s. ərazilər) kosmetik işlər aparılır, mazutlu göllər qurudulur və üzərinə torpaq tökülür. Bundan sonra nisbətən ucuz qiymətə satılan həmin torpaq sahələrində evlər tikilir. Orada əsasən çoxuşaqlı, kasıb ailələr məskunlaşır. Bununla həm özlərini, həm övladlarını, həm də gələcək nəsli radiasiyaya məruz qoyurlar.
PROBLEMİN HƏLLİ ÜÇÜN KOMPLEKS TƏDBİRLƏR GÖRÜLMƏSİNƏ EHTİYAC VAR Qeyd edək ki, Avropa dövlətlərində 20 ildən artıqdır ki, radon proqramları həyata keçirilir. Azərbaycanda da radon proqramının hazırlanması vacibdir. Ekspertlərin qənaətinə görə, bu proqram kompleks şəkildə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Səhiyyə nazirlikləri ilə birgə hazırlanmalı, Milli Məclisdə təsdiq olunmalıdır. İnsanların radon qazının təsirinə məruz qalmasının qarşısının alınması və ya onun təsirinin minimuma endirilməsi məsələləri bu proqramda öz əksini tapmalıdır. Abşeron yarımadasında radioaktiv çirklənmələrin keyfiyyət və kəmiyyət parametrləri öyrənilməli, çirklənmiş ərazilər xəritələnməli, radioekoloji vəziyyətin yaxşılaşdırılması üçün müvafiq tədbirlər həyata keçirilməlidir. Təbii ki, yalnız bundan sonra radioekoloji vəziyyəti müəyyən qədər yaxşılaşdırmaq olar. Son illərdə də bu sahədə bir sıra işlər görülməkdədir. Ölkə Prezidentinin 2006-cı il 28 sentyabr tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı"na əsasən, həmin ərazilər təmizləndikdən sonra əhaliyə verilməlidir. Eyni zamanda Fövqəladə Hallar Nazirliyi hündürmərtəbəli binaların tikintisinə ciddi nəzarət edir. Həmin binaların standartlara və ərazinin geoloji quruluşuna uyğunluğu təmin edildikdən, mühafizə tədbirləri görüldükdən sonra tikintisinə başlanılmasına icazə verilir. Hazırda Avropada və digər inkişaf etmiş ölkələrdə bina tikməkdən daha çətin və məsuliyyətli məsələ inşaat materiallarını sertifikatlaşdırmaq, inşa prosesini həyata keçirmək üçün aidiyyəti orqanlardan müsbət rəy almaqdır. Digər tərəfdən, əhali özü də tikinti materialları alarkən sertifikat tələb edir. Bizdə əksinə, əhali bu işə çox məsuliyyətsiz yanaşır. Sağlamlığını qorumaq isə hər bir şəxsin özündən asılıdır. Bu mənada əhali özü də aldığı to rpaq sahəsinin ekoloji cəhətdən təmizliyi, mənzilin tikilişi üçün istifadə etdiyi materialların tərkibinin sağlamlıq üçün zərərli olmaması məsələsinə ciddi diqqət yetirməlidir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.