Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
HAZIRDA BƏZİ QATARLARDA VƏ STANSİYALARDA CARİ VƏ ƏSASLI TƏMİR İŞLƏRİ APARILIR
Bu gün paytaxtda sərnişinlərin avtomobil nəqliyyatından daha çox istifadə etməsi isə şəhərdə avtobusların sayının çoxalmasına və nəticədə tıxacların yaranmasına şərait yaradır. Buna görə də bəziləri dəmiryolu qatarlarının xidmətindən istifadə etməyə məcbur olur. Elektrik qatarları Bakı Metropolitenindən sonra ən ucuz nəqliyyat vasitəsi hesab edilir. Ona görə də sərnişinlərin əksəriyyəti məhz bu nəqliyyat növündən istifadəyə üstünlük verir. Amma dəmir yol təsərrüfatındakı vaqonlar, elektrik qatarlarından bəzilərinin vəziyyətinin standartlara uyğun olmaması sərnişinləri nəqliyyat növündən istifadədən çəkindirir. Həmin qatarların bəzisindən istifadə etmək isə mümkün deyil. Sınıq-salxaq vaqonlarda şüşəsi yerində olan pəncərə tapmaq çətindir. Maraqlıdır, bu sahədə mövcud çatışmazlıqların aradın qaldırılması istiqamətində hansı tədbirlər həyata keçirilir? Məsələyə münasibət bildirən Dövlət Dəmir Yolu İdarəsi mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov həm elektrik qatarlarında, həm də stansiyalarda cari və əsaslı təmir işlərinin hər il həyata keçirildiyini bildirir: "Təmir işləri aparılsa da, xəttdə istismar müddətini başa vuran vaqonlar da var. Hazırda həmin qatarların təmiri istiqamətində işlər aparılır. Məsələn, elektrik qatarlarının texniki vəziyyətinin yaxşılaşdırılması üçün Rusiyadan 20 ədəd ötürücü reduktor və digər texniki avadanlıqlar alınıb. Cari ilin əvvəlindən 8 ədəd mühərrikli vaqon üçüncü cari təmirdən keçirilib. Eyni zamanda 37 ədəd matorlı, 36 ədəd baş vaqon, 6 ədəd orta qoşqu vaqonu ikinci cari təmirdən keçirilib. Elektrik vaqonları içərisində isə 17-si rənglənmiş, daxili dizaynları dəyişdirilib. Bu il elektrik qatarları üçün 58 ədəd təkər cütünün kandarları dəyişdirilərək əsaslı təmir edilib. Vaqonların vaxtaşırı təmizlənməsi üçün yuyucu qurğuların bandajları əsaslı təmir edilərək istismara verilib". Nadir Əzməmmədov bununla yanaşı, sərnişinlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi üçün Bakı, Qazıməmməd, Yalama, İmişli, Dəvəçi stansiyaları istiqamətlərində hərəkət edən elektrik qatarlarında sərnişinlərə xidmət göstərən personalın sayının artırıldığını qeyd etdi. Müsahibimizin sözlərinə görə, ilin əvvəlindən dəmir yolu təsərrüfatı üzrə Abşeron rayonunda Cənub, Muxtarov dayanacaqları və Zabrat-2, Kürdəmir stansiyaları əsaslı təmir edilib: "Eyni zamanda Dəvəçi, Qobular, Maştağa, Mərdəkan stansiyalarında, Keşlə dayanacağında və Heybət stansiyasının texniki binası əsaslı təmir edilib.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.