Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
UŞAQLARIN İNTERNATLARA YERLƏŞDİRİLMƏSİNƏ SON İMKAN KİMİ BAXILMALIDIR
AİLƏLƏRƏ VERİLƏN UŞAQLARA NECƏ QAYĞI GÖSTƏRİLƏCƏYİ DƏ SUAL ALTINDADIR
Təhsil Nazirliyinin məlumatına görə, onun tabeçiliyində 54 internat məktəbi var ki, onlarda da 17 min uşaq təhsil alır. Həmin məktəblərdən 36-sı ümumtəhsil internat məktəbi, 6-sı uşaq evi, 12-si sağlamlıq imkanı məhdud olan uşaqlar üçün xüsusi internat məktəbidir. İndiyədək 202 uşaq bioloji ailələrinə qaytarılıb. Nazirlik bioloji ailələrinə qaytarılan uşaqların sayının artırılmasına çalışır. İnternatda böyüyən uşaqları bioloji ailələrinə qaytarmaq mümkün olmadıqda isə onları heç olmasa peşə məktəblərinə yönəltməyə üstünlük verilir. Bu işlərin tərkib hissəsi kimi Təhsil Nazirliyi ilə Soros Fondunun "Açıq Cəmiyyət Əqli Sağlamlıq təşəbbüsü" təşkilatının birgə tərtib etdiyi pilot layihə hazırlayıb. "Uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı" dövlət proqramı çərçivəsində həyata keçiriləcək layihə 5 il müddətində icra ediləcək. Əsas məqsəd Azərbaycanda internat şəraitində himayədarlığı ləğv etmək və icma əsaslı alternativ qayğı sistemi yaratmaq olan layihəyə Soros fondu 1,5 milyon dollar vəsait ayırıb. İlkin mərhələdə paytaxtda və rayonlarda pilot orta məktəblər seçiləcək və həmin məktəblər ekspertlər tərəfindən təhlil olunacaq və oradakı uşaqlar bioloji ailələrə veriləcək. Layihə üçün nəzərdə tutulan vəsait Azərbaycana əvəzsiz veriləcək. Məsələyə münasibət bildirən "Ümidli gələcək" Gənclər Təşkilatının sədri Nabil Seyidov hazırda dünyanın əksər ölkələrində internatlarda uşaqların bir sıra hüquqlarının pozulduğunu nəzərə alıb, internat evlərinin ləğv etmək istiqamətində işlər aparıldığını bildirir: "Həmin müəssisələrin saxlanmasına çəkilən xərcləri isə yetim və himayəsiz uşaqların yerləşdirildiyi ailələrə yönəldilir. Azərbaycanın da qoşulduğu BMT-nin Uşaq hüquqları Konvensiyasına görə, uşaq evləri, internatlarda uşaqların yerləşdirilməsinə yalnız ən son halda, bütün imkanlar tükənəndən sonra yol vermək olar. Azərbaycanda isə ailə himayəsindən məhrum uşaqların internatlara yerləşdirilməsinə son imkan kimi yox, ilk imkan kimi baxılır. Artıq bir sıra ölkələrdə internatlar ləğv olunandan sonra oradakı uşaqlar "üçüncü ailə"lərə verilir. Bu qohum ailə də, tamamilə kənar bir ailə də ola bilər. Dövlət həmin ailəyə müvafiq miqdarda maliyyə vəsaiti ayırır və "üçüncü ailə" yetkinlik yaşına çatana qədər həmin uşağa qayğı göstərir. Bundan başqa, internatların yerində ailə şəhərcikləri də yaratmaq modeli var. Belə şəhərciklərdə yaradılan evlərin hər birində 3-5 kimsəsiz uşaq olmaqla "süni ailə"lər yerləşdirilir. Belə ailələrdə adətən, bir valideyn - ana olur. Xüsusi yolla seçilən "ana"lar öz ömrünü kimsəsiz uşaqlardan qurulan ailəyə həsr etməyə söz verir. Dövlət hər ay ailənin bütün xərclərini ödəyəcək qədər məbləği həmin qadına verir. Bu qadın isə ay ərzində ailə üçün aldığı ərzaq və sənaye məhsullarının, xidmət haqlarının məbləğini əks etdirən çekləri xüsusi idarəyə təhvil verir".
N.Seyidovun sözlərinə görə, Azərbaycanda uşaq müəssisələrinin və orada yaşayan uşaqların sayı çox olduğundan birdən-birə internat evlərini ləğv etmək çətindir: "Düzdür, artıq Azərbaycanda da uşaq evlərinin ləğvi istiqamətində işlər aparılır. İnternatlarda yaşayan uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı ilə bağlı Dövlət Proqramına uyğun olaraq 2006-2015-ci illər ərzində uşaqların şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün, onların ailə mühitinə verilməsi nəzərdə tutulur. Proqrama görə, qarşıdakı 9 il ərzində ölkədəki uşaq evləri və internat tipli dövlət müəssisələrinin sayı azaldılacaq və bu müəssisələrin çoxu uşaqlar üçün ailə əsaslı sosial xidmət mərkəzlərinə çevriləcək. Ən vacib məsələlərdən biri isə cəmiyyəti bu işə hazırlamaqdır. Azərbaycanda çox vaxt övladlığa götürmə, qəyyumluq məsələləri cəmiyyət tərəfindən də yaxşı qarşılanmır. Bu münasibətin formalaşmasında son illər xarici ölkə vətəndaşlarına övladlığa uşaq verilməsi zamanı qeydə alınan neqativ hallar da öz təsirini göstərib". Ekspertlərin qənaətinə görə, uşaqlar ailələrə verilərkən əsas diqqət uşaqlara sahib çıxan ailələrin onlara münasibətinin necə olmasına yetirilməlidir. Həmin uşaqlar ailələrə verilərkən internat evlərindən fərqli həyatda yaşaya biləcəyi və həqiqi ailə qayğısı ilə əhatə olunacağı sual altındadır. Buna görə də, internatlar ləğv edilərkən oradakı uşaqları mümkün qədər öz bioloji ailələrinə verilməsi düzgün olardı. Nəzərə almaq lazımdır ki, hazırda xüsusi tipli məktəblərdəki uşaqların böyük əksəriyyətinin valideynləri var, sadəcə, onların uşağı saxlamaq üçün imkanı olmadığından övladlarını internata veriblər. Dövlət bir uşağın internatda saxlanması üçün tələb olunan pulu onun öz ailəsinə versə, valideynlər heç düşünmədən gəlib uşağını internatdan götürər. Digər tərəfdən hazırda ölkəmizdə kifayət qədər xəstə uşağın yaşadığı internat evləri fəaliyyət göstərir. Çox vaxt əqli və fiziki cəhətdən qüsurlu olan belə uşaqlara heç doğma valideynləri yiyə durmaq istəmir. Yəqin ki, "üçüncü ailə"lərin bu uşaqları qəbul etməsi də çox çətin başa gələr. Bu səbəbdən bir sıra ümumi tipli internat məktəblərinin bazasında litsey və gimnaziyaların yaradılması, sağlamlıq imkanları məhdud uşaqların saxlandığı bəzi müəssisələrin isə reabilitasiya mərkəzlərinə çevrilməsi yaxşı olardı. Digər tərəfdən bu məqsədlə dövlət diferensiallaşma metodundan istifadə edə bilər. Yəni, xəstə uşağı himayəyə götürən ailələrə daha böyük həcmdə vəsait ayıra bilər. Lakin imkansızlıqdan öz uşağını internata verən bəzi valideynlərin bu məsələdən yararlanaraq dövlətin ayırdığı vəsaiti öz maraqlarına uyğun istifadə etməsi də mümkündür. Əgər dövlət uşağını internatdan götürən ailəyə ayda 100 manat müavinət versə, onda çoxları öz uşağını internata qoyacaq ki, 2-3 aydan sonra geri götürüb, bu pulu alsın. Digər, tərəfdən bütün vəsaiti ailələrə birdəfəlik vermək olmaz. Hazırda bir ildə dövlət bir uşağın internatlarda saxlanması üçün 500-1500 dollar həcmində vəsait ayırır. Həmin vəsait ailəyə birdəfəlik verilərsə, onun uşağın özünə sərf ediləcəyinə heç kim təminat verə bilməz.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.