Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
HƏMİN MƏHSULLARA RƏNG VERMƏK ÜÇÜN QATILAN BƏZİ MADDƏLƏRİN XƏRÇƏNG XƏSTƏLİYİ YARATMA EHTİMALI VAR
Müasir dövrdə qida məhsullarının hazırlanmasında təbii elementlər əvəzinə daha ucuz başa gələn kimyəvi maddələrdən rəngarəng ekstraktlar kimi müxtəlif vasitələrdən istifadə edilməsi artıq adi hala çevrilib. Son vaxtlar isə qida məhsullarının tərkibinə E-128, eləcə də Red2G adı ilə tanınan süni boyaq maddəsi normadan artıq qatılır. Kolbasa və sosiska məmulatları da bundan kənarda qalmayıb. Həmin məhsullara rəng vermək üçün qatılan E-128 maddəsinin, konseragen tərkibli olduğundan, xərçəng xəstəliyi yaratmaq ehtimalı sübut edilib. Buna görə də Avropa Komissiyasının ardınca Rusiya da 30 illik istifadə müddətindən sonra E-128-in nəinki kolbasa və sosiskalarda, eləcə də, digər yeyinti məhsullarında istifadəsinə qadağa qoyub. Bu hal Azərbaycandan da yan keçməyib. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayevin sözlərinə görə, Red2G boyaq maddəsindən istifadəyə Səhiyyə Nazirliyi tərəfindən icazə verilib: "Amma bizdə kolbasa əsasən natrium-nitritlə (E-251) rənglənir. E-251 həm konservant, həm fiksator, həm də rəngləyici maddə kimi istifadə olunur". Dövlət Sanitar Nəzarəti bu məhsulların təhlükəsizliyinə nəzarət edir. Bu yaxınlarda kolbasa məhsullarını istehsal edən sexlər və mağazalardan seçmə yolla nümunələr götürülüb: "57 nümunədən 2-3-də bağırsaq çöpləri aşkarlanıb. Bu da mağazadan götürülən nümunələrdə aşkarlanıb. Mağazada kolbasa kəsilərkən, satılarkən, daşınarkən gigiyenik qaydalara ciddi riayət olunmalıdır. Əks təqdirdə çirklənmə ehtimalı artır". Kolbasa reseptində məmulata əlavə qatışıqlar (nişasta, unun qarışdırılması nəzərdə tutulur) da olur. Ekspertin qənaətinə görə, məhsula qatışığın normadan artıq olması ilə istehlakçı aldadılır: "Kolbasaya normadan artıq qatışıqlar vurulmaqla ətə qənaət edilmiş olunur. Amma qatışıqların normadan artıq vurulması hələ məhsulun zəhərli olması demək deyil. Yeganə normadan artıq təhlükəli təsir göstərən qatışıq natrium-nitrit hesab edilir. E-251 100 kiloqram məhsula 7 qram qarışdırılmalıdır. Bundan artıq konservant qatmaq olmaz. Bu normanı keçdikdən sonra isə artıq onun orqanizmdə konsentrasiyası çoxaldığına görə zəhərləyici təsir göstərir. Digər qatışıqların çoxluğu isə təhlükəli deyil".
STANDARTLARA UYĞUN GƏLMƏYƏN MƏHSULLAR ÖLKƏYƏ BURAXILMAMALIDIR
Sirr deyil ki, hazırda daxili bazarda istehlakçılara yalnız yerli kolbasa və sosiskalar təklif edilmir. Bu məhsullar respublikaya idxal yolu ilə də daxil olur. Bu da vəziyyəti bir qədər qəlizləşdirir. Çünki digər bazarlarda özünə yer tapmayan E-128 tərkibli məhsulların ölkə bazarına gizli yolla daxil olmayacağına zəmanət vermək çətindir. İdxal olunan kolbasa və sosiska məhsullarına da eyni tələblər qoyulur. Kolbasalar hisə verilmiş, yarım hisə verilmiş, çiy hisə verilmiş və bişmiş halda olur. Bu növlərin hər biri yerli standartların tələblərinə, texniki şərtlərə cavab verməlidir. Standartlara uyğun gəlməyən məhsullar ölkəyə buraxılmamalıdır. Bundan başqa, orqanizmə mənfi təsir göstərən ağır metal duzlar, nitritin normadan artıqlığı və ya digər bakteroloji göstəricilər təhlükə törədərsə bu məhsulların ölkəyə buraxılması məqsədəuyğun deyil. Respublika Sanitar-Karantin Müfəttişliyinin bütün keçid məntəqələrində mütəmadi olaraq araşdırma və müvafiq laborator müayinələr aparılır. Həmin məhsullar sertifikatlaşdırıldıqdan sonra respublikaya buraxılır. Normaya uyğun gəlməyən məhsulların isə həmin gün geri qaytarılması barədə iş aparılır. Bəzi məhsullar üzrə idxal üstünlük təşkil etdiyi halda kolbasa məmulatlarında bu, əksinədir. Ekspertin sözlərinə görə, idxal məhsulları ilə yerli məhsullarda qiymət fərqi də mövcuddur: "Daha baha olan idxal məhsulları yalnız şəhər mərkəzlərində iri marketlərdə satılır. Rayonlarda, ucqar yerlərdə bu məhsulların alıcısı olmur. Ona görə də idxal məhsulları daha azdır". İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətindən verilən məlumata görə, bu sahədə mütəmadi olaraq monitorinqlər aparılır. Bu məhsulu alanlar aldanmamaq üçün onun hazırlanması, saxlanması və satışı zamanı normalara riayət olunmasına diqqət etməlidir: "Ümumiyyətlə, kolbasa məmulatı müxtəlif növ ət məhsullarından hazırlanır. Məmulatı hazırladıqda növ və çeşidindən asılı olaraq, tərkiblərinə əzələ toxumasından başqa, müxtəlif miqdarda piy toxuması, xörək duzu, su, bir sıra dadverici və rəngləyici maddələr, ədviyyat əlavə edilir". Qeyd edək ki, istehlakçıların maarifləndirilməsi məqsədilə kolbasa məmulatları ilə bağlı təbliğat materialları hazırlanır. Kolbasanın çeşidindən və ona təsir edən amillərin xüsusiyyətindən asılı olaraq, xarab olmasını göstərən əlamətlər müxtəlif olur. Rəngin bozarması, yapışqanlı mayenin və kifin əmələ gəlməsi, üzərini örtən qabığın ətdən ayrılması, ətin yumşalması və suyun çoxalması, xoşagəlməyən iy onun xarab olmasını göstərən başlıca əlamətlərdir. Odur ki, bu məhsulları alarkən daha diqqətli olmaq tələb edilir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.