Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
BAZARDA İŞLƏNMİŞ AVTOMOBİLLƏRƏ TƏLƏBAT DAHA ÇOXDUR
Bütün sahələrdə olduğu kimi, avtomobillərin qiyməti ilin əvvəlinə nisbətən bahalaşıb. Qiymət artımı həm keçmiş sovet avtomobilləri, həm də digər ölkələrin istehsalı olan maşınlarda özünü göstərir. Böyükşor şosesində avtomobillərin satış bazarında apardığımız müşahidələr göstərdi ki, ilin əvvəlindən etibarən bütün markalı avtomobillərin qiyməti 20-30 faiz bahalaşıb. Daha çox qiymət artımı Rusiya istehsalı olan avtomobillərdə özünü göstərir. İlin əvvəlində 6-6,5 min dollara satılan belə maşınları hazırda 8 min manatdan ucuz almaq mümkün deyil. "Niva Şevrolit"in qiyməti də 10 min dollardan 11-12 min dollara çatıb. Satıcıların sözlərinə görə, bahalaşma hələ də davam edir. Bazarda 2006-cı ilin istehsalı olan "Nissan Murano" avtomobili 37 min, "İnfiniti" 54 min (2006), "Hundai Santafe" 19 min (Cip, 2004), "Hundai Sanata" 18 min (2005), "Volkswagen Polo" 14,5 min (2004) "BMV X-5" 41 min (2002) manata satılır. “Mercedes S-180” 15,5 min (1998), “Mercedes Eleqans” 18 min (2000), eyni marka 1997-ci ilin istehsalı olan avtomobil isə 13,5 min manatdır. İlin əvvəlindən başlayaraq maşın bazarında qeydə alınan bahalaşma müxtəlif səbəblərlə izah edilir. Buna neftin qiymətinin bahalaşması ilə yanaşı, cari ilin əvvəlindən avtomobil idxalına tətbiq edilən aksiz vergisi də təsir edib. Məhz avtomobil idxalına aksiz vergisinin tətbiqi ölkəyə gətirilən avtomobillərin sayında ciddi fərq yaradıb. Bu ilin doqquz ayı ərzində ölkəyə 48 951 minik avtomobili gətirilib. Oktyabrda ölkəyə gətirilən avtomobillərin sayı isə əvvəlki ayla müqayisədə azalıb. Bu isə öz növbəsində daxili bazarda satılan avtomobillərin bahalaşmasına təsir göstərib. Qeyd edək ki, Maliyyə Nazirliyinin hazırladığı qaydalara görə, xaricdən respublikamıza gətirilən avtomobillərə tətbiq edilən aksiz vergisi mühərrikin həcmindən asılı olaraq dəyişir. 3000 kubsantimetrədək hər kubsantimetrə görə 50 qəpik, 3000-4000 kubsm-dək hər kubsm-ə görə 2 manat aksiz vergisi ödənilməlidir. Avtomobilin gücü artdıqca, tutulan verginin dərəcəsi də artır. Satıcıların sözlərinə görə, hazırda avtomobil bazarında daha çox cari ilin yanvarından əvvəl gətirilən maşınlar satılır. Aksiz vergisinin tətbiqi barədə məlumatlar ötən ilin sonunda yayıldığından, ölkəyə ən çox maşın da elə o vaxt gətirilib. Bunu rəsmi statistika da təsdiq edir. Belə ki, 2005-ci illə müqayisədə 2006-cı ildə ölkəyə 17 878 ədəd çox avtomobil gətirilib. Həmin avtomobillərin 14 mininin gətirilmə tarixi dekabr ayına təsadüf edir. Bu mənada növbəti aylarda da avtomobillərin qiymətinin ucuzlaşmasını gözləməyə dəyməz. Aksiz vergisinin təsiri ilə qiymət artımı bazardakı avtomobillər satıldıqdan sonra daha kəskin hiss olunacaq. Bazarda avtomobil satışı ilə məşğul olan Elçin Məmmədovun sözlərinə görə, hazırda bazarda xarici ölkə istehsalı olan avtomobillərdən ən çox satılanı "Mercedes", "BMV" markalı maşınlardır: "Alıcıların əksəriyyəti isə işlənmiş maşınları almağa üstünlük verir. Rusiya istehsalı olan avtomobillər içərisində isə alıcılar əvvəllər olduğu kimi, yenə də "VAZ-2107"yə üstünlük verirlər. Bu ilin əvvəlində yanacağın bahalaşmasından sonra bazarda işlənmiş avtomobillərə tələbat çoxalıb. Maraqlı məqamlardan biri ondan ibarətdir ki, əvvəllər dollara satılan avtomobillər indi manatla satılır. Qiymətin manatla göstərilməsi də əlavə qiymət artımına səbəb olur. Satıcıların sözlərinə görə, kredit yolu ilə avtomobil satışı zamanı əhali dollarla alver etməyə daha çox meyil göstərir”. Qeyd edək ki, hazırda bank kreditləri vasitəsilə avtomobil satışı ümumi avtomobil bazarının 25-26 faizini təşkil edir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.