Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
İLDIRIM MƏMMƏDOV: "ORDUYA ÇAĞIRILAN GƏNCLƏRİN YAŞ HƏDDİNİN BİR QƏDƏR ARTIRILMASI VACİBDİR"
. Azərbaycan Silahlı Qüvvələrində real vəziyyət haqqında dolğun məlumat almağın bir qədər çətin başa gəlməsi mətbuatda fərqli fikirlərin yayılmasına səbəb olur. Ölkə mətbuatının bir hissəsində ordumuzun həddindən artıq güclü olduğu bildirilsə də, bir qismində daha çox tənqidi məqamlara yer ayrılır. Eyni zamanda ordunun problemlərinə mətbuatın necə yanaşması məsələsində də birmənalı fikir yoxdur. NATO-ya daxil olan ölkələrdə orduya vətəndaş nəzarətinin əhəmiyyəti xüsusi vurğulansa da, respublikamızda silahlı qüvvələrdə mövcud olan problemlərin qabardılmaması fikrinin tərəfdarları çoxluq təşkil edir. Silahlı qüvvələrdə mövcud vəziyyəti bilmək üçün mövzu ilə bağlı müxtəlif mövqedə dayanan ekspertlərin və hərbi hissələrdə xidmət keçən əsgərlərin fikirlərini bilmək maraqlı olar. Silahlı qüvvələrə aid problemlərdən danışan müstəqil hərbi ekspert Azad İsazadənin qənaətinə görə, ordunun vəziyyəti bütün xalq üçün əhəmiyyət daşıdığından silahlı qüvvələr haqqında dəqiq məlumatlar ictimaiyyətə çatdırılmalıdır: "Azərbaycan müxtəlif beynəlxalq konvensiyalara qoşulub, eyni zamanda ordunun NATO standartlarına uyğunlaşdırılması istiqamətində iş aparılır. Həmin konvensiyalar isə orduya vətəndaş nəzarətinin vacibliyini nəzərdə tutur. Bununla bağlı öhdəlik götürüldüyündən bu məsələdən tamamilə imtina etmək olmaz. Bu mənada orduya ictimai nəzarət, o cümlədən mətbuatın nəzarəti qaçılmazdır. Amma bu məsələlərə mühüm hərbi əməliyyatların hazırlanması və dövlət sirri sayılacaq məlumatlar daxil deyil. İctimai nəzarət əsgər - vətəndaş münasibətləri, nizamnamədənkənar hərəkətlər, əsgərlərin saxlanılma şəraiti və ordu quruculuğu məsələlərini əhatə etməlidir. Belə ki, orduya ayrılan vəsait xalqın ödədiyi vergilər əsasında formalaşdırıldığından xalq həmin vəsaitin necə xərclənməsindən xəbərdar olmalıdır. Əgər ordu ilə bağlı problemlər haqqında əhalinin məlumatı olmasa, onların həlli daha çətin ola bilər".
"ORDUYA ÇAĞIRILAN GƏNCLƏRİN YAŞ HƏDDİNİN BİR QƏDƏR ARTIRILMASI VACİBDİR"
Hərbi ekspert İldırım Məmmədov isə hesab edir ki, hərbi sahədə bir sıra problemlər hələ də həllini gözləyir: "Azərbaycan ordusunda sovet dövrünün totalitar qaydalarına uyğun olaraq bu gün də əsgər əməyindən ucuz işçi qüvvəsi kimi istifadə olunur. İstər hərbi hissələrin özündə, istərsə də hərbi hissədən kənarda mülki şəxslərin icra etməli olduğu bir sıra işlər əsgərlərə gördürülür. NATO ölkələrinin əksəriyyətində bu sahədə qarışıq sistem mövcuddur. Belə ki, silahlı qüvvələrdə həm həqiqi hərbi xidmətə çağırılan, həm də professional şəxslər xidmət edir. Bu cür ordu bir qədər bahalı ordu hesab edilir. Eyni zamanda vətəndaşların hamısının imkanı var ki, telefon, yaxud kütləvi informasiya vasitələrinin köməkliyi ilə orduda olan prosesləri izləyə, həm də hökumətdən yığılan vergilərin və orduya ayrılan pulların necə xərclənməsini soruşa bilsin. Azərbaycanda silahlı qüvvələrə vətəndaş nəzarəti olmadığından hərbi sahədə çalışan bəzi məmurlar korrupsiyaya qurşanıb və rüşvətxorluq halları qalmaqdadır. Halbuki dünyada bu sahədəkı təcrübəni öyrənib, müsbət tərəflərini tətbiq etmək mümkündür". İldırım Məmmədovun qənaətinə görə, gənclərin 18 yaşında hərbi xidmətə cəlb edilməsi düzgün deyil: "Bu yaşda orduya çağırılan şəxs onun qarşısına qoyulan hansısa təlim və tapşırıqları yerinə yetirmək iqtidarında olmur. Orta məktəb partası arxasından yeni ayrılan gənc orduya çağırıldığı ilk dövrlərdə daha da əldən düşür. Onlar yalnız bir il xidmət keçdikdən sonra özlərinə gəlirlər. Hazırda orduya çağırılan gənclərin yaş həddinin bir qədər artırılması vacibdir. Əgər həmin gənclər 20-21 yaşlarında orduya çağırılsa, artıq orqanizm formalaşmış olar. Bəzən telekanallarda Azərbaycan əsgərinin başı ilə kərpic, yaxud taxta qırması nümayiş etdirilir. Lakin professional əsgər taxta və kərpiclə deyil, silah və sursatla davranmağı bacarmalıdır. Hərbi taktikaların öyrənilməsi üçün isə ilk növbədə bilik, bacarıq və sağlamlıq lazımdır". Hərbi ekspert ordu sıralarında gənc əsgərlərin incidilməsi probleminin hazırda da qaldığını bildirdi: "Bu gün gənc əsgər hərbi hissəyə düşdüyü andan özündən əvvəl xidmətə başlayan əsgərlər tərəfindən təzyiqlərə məruz qalır. Hərbi ekspertlər də professional orduya keçməyin zəruriliyini bildirəndə həm də belə hallardan xilas olmağı düşünür. Çünki əsgəri alçaldan bu kimi hallar professional orduda ola bilməz. Professional orduda mətbəxdə işləmək, kazarmada təmizlik, kanalizasiya təmizləmək kimi işlər mülki vətəndaşlar tərəfindən görülür. Həmin şəxslər isə yüksək məvaciblə təmin edilir. Buna görə də gənc əsgərlərin incidilməsinə rəvac verən amil olmur.
Müdafiə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan ordusu son illər həddindən artıq güclənib: "Əldə edilən iqtisadi uğurlar hərbi sahəyə daha çox diqqət ayırmağa imkan verib. Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinə yaxındır. Hazırda iki ölkənin silahlı qüvvələrinin sayı və gücü də müqayisə edilməyəcək dərəcədə fərqlidir. Müdafiə Nazirliyi respublikadakı bütün hərbi hissələrdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində hər zaman iş aparır. İstənilən hərbi hissənin ərazisində vətənpərvərlik ruhunu yüksəldən, əsgərlərə vətən sevgisi aşılayan kifayət qədər plakatlar var. Orta məktəblərdə hərbi vətənpərvərlik oyunları təşkil edilir". Bəzi hərbi ekspertlər də hesab edir ki, hazırda bütün sahələrdə Azərbaycan ordusu Ermənistan ordusundan öndədir. Silahlı qüvvələrimizin tərkibində güclü kadr potensialı var və mənəvi-psixoloji hazırlıq səviyyəsi yüksəkdir. Ordumuz müasir standartlara uyğun təlim-tədris mərkəzinə, hərbi akademiyaya, bütün qoşun növləri üzrə hərbi məktəblərə malikdir. Bu cür hərbi mərkəzlər Ermənistanda yox dərəcəsindədir. Onlar hazırda Rusiya hərbi məktəblərini bitirən azsaylı kadrlardan yararlanır. Respublikamız isə NATO ilə sıx tərəfdaşlıq edir. Bu günədək ölkəmiz NATO-nun 300-ə yaxın tədbirinə qatılıb. Silahlı qüvvələrimizin Kosova, Əfqanıstan, İraqda sülhyaratma proseslərində iştirak etməsi də ordumuzun peşəkarlığından xəbər verir. Ermənistan isə bu məsələdə də kənarda qalıb. İki ölkənin iqtisadi inkişaf səviyyəsi də müqayisə edilə bilməz. Respublikamız müharibə vəziyyətində olsa da, silahlı qüvvələrdə şəffaflıq təmin edilərsə, bu, ancaq ordumuzun güclənməsinə yardım edə bilər. NATO-ya inteqrasiya orduya vətəndaş nəzarətinin olmasını, müxtəlif vətəndaş cəmiyyəti institutlarının ordu quruculuğunda iştirakını tələb edir. Dünyanın qabaqcıl və güclü orduya, mühafizə resurslarına malik olan ölkələrində də silahlı qüvvələrə vətəndaş nəzarəti var. Əsgərlərin incidilməsi, əsgər-komandir münasibətləri, ordu quruculuğu sahəsində işlərin vəziyyətini hər bir vətəndaş bilməlidir. Bu mənada həmin məsələlərin ölkə əhalisindən gizli saxlanılması və vətəndaşların ordudan tamamilə təcrid edilməsi düzgün deyil. Bu gün respublikamızın müharibə vəziyyətində olduğunu nəzərə aldıqda, orduya aid bütün məsələlərin xırda detallarına qədər açıqlanmasına bir qədər həssas yanaşılmasına ehtiyac var. Buna baxmayaraq, ordumuzun güclü olmasına hesablanan faktların ictimai müzakirəsinin aparılmasını qadağan etmək də olmaz. Avroatlantik məkana daxil olan ölkələrin təcrübəsi göstərir ki, onların tətbiq etdiyi qabaqcıl dəyərlərdən bəhrələnərək orduda olan mövcud problemləri dəf etmək mümkündür. Bu mənada orduda olan bəzi problemlərin həlli üçün ictimai müstəvidə müzakirələrin aparılması zəruridir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.