Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
"Binə" və "Sədərək" yarmarkalarının sökülməsi barədə çoxdan bəri dolaşan söhbətlər reallığa çevrilməkdədir. "Binə" yarmarkasına çatdığımız vaxt sahibkarların üzlərində hiss olunan təşviş belə düşünməyə əsas verirdi. Artıq yarmarkanın ilk cərgələrində olan obyektlər boşaldılırdı. Amma yarmarkada həmişəki kimi alver edənlərin sayı kifayət qədər çox idi. Ticarət mərkəzində asfalt örtüyünün palçıq içərisində itdiyini görüb yarmarkanın orta sıralarına getməyə qərar verdik. Əksər sahibkarlar mövsümə uyğun qış geyimləri satdığından başları çox qarışıq idi. Amma alıcıları maraqla izləyərək onların köşklərindən nəsə alacaqlarına ümid edənlər də az deyildi. İlk olaraq belə obyektlərdən biri olan kişi kostyumları mağazasına daxil olmaq istədik. Amma bir-birindən təxminən 2-2,5 metr məsafədə yerləşən üzbəüz mağazalardan birindən o birinə keçmək elə də asan olmadı. Yükdaşıyan arabaların çoxdan dərin çuxur açdığı ərazi tamamilə su ilə dolu idi. Son vaxtlar dəbdə olan "əvvəl asfaltlayıb, sonra qazmaq" ənənəsi buradan da yan keçməmişdi. Ozü də bu "dağ çayı"nın uzunluğu elə də kiçik deyildi. Sudolu arxı çətinliklə keçib mağazaya girən kimi satıcı şikayətlənməyə başladı: - Bir azca yağış yağan kimi vəziyyətimiz belədir. Onsuz da alver olmur, bir tərəfdən də bu palçıq və su. Səhərdən bir dənə də mal sata bilməmişəm. Alıcı girişdən hansı tərəfdən girir, sonadək də qarşı tərəfə keçə bilmir. Özünü Anar Əsgərov kimi təqdim edən satıcıdan bu vəziyyətin nə üçün aradan qaldırılmadığının səbəbini soruşuruq: - Artıq yarmarkanın ilk cərgələri köçürülür. Ticarət mərkəzinin bütövlükdə yaxın vaxtlarda Lökbatana köçürüləcəyi bildirilir. Elə buna görə də, əlavə pul xərcləmək istəmirlər. Sahibkarlara bildirmirlər ki, yeni ticarət mərkəzində onlara güzəşt ediləcək, ya yox? Orada hansı şərtlərlə işləyəcəyik? "AMAY" Ticarət Mərkəzi yeni ünvana köçürüləndə işlər qaydasına düşənədək onlardan kirayəhaqqı alınmadı. Nəzərə alınmalıdır ki, burada işləyən minlərlə insan evinə çörəkpulu aparır. Hazırda alıcılarımızın çoxu Dağıstandan və digər yerlərdən gələnlərdir. Yeni obyektdə həmin alıcıları itirməyəcəyimiz isə şübhəlidir.
"Binə" Ticarət Mərkəzində qiymətlər mövcud bahalaşma fonunda elə də yüksək deyildi. "Xalqlar dostluğu" yarmarkasında 80-90 manata satılan kişi kostyumları 70 manata satılırdı. Hətta satıcı 5-10 manat da güzəşt edəcəyini bildirdi. 15 manata satılan kişi köynəyinin qiyməti isə "Binə"də 10 manat idi. Satıcıların sözlərinə görə, son vaxtlar ən çox alınan palto, gödəkçə və poliverlərdir. Kişi üçün paltoların qiyməti 50-200 manat arası dəyişir, dəri gödəkçələrin isə ən ucuzu 150 manata satılır. Amma başqa materialdan olan gödəkçələri 40-60 manata da almaq mümkündür. Poliverlərin qiyməti isə hazırlandığı materialdan asılı olaraq 8-30 manat arası dəyişir. Bu malların qiymətində şəhərdə olan yarmarkalarla müqayisədə 3-5 manat fərq var. Qadın üçün eyni malların qiyməti isə xeyli bahadır. Belə ki, paltoların ən ucuzu 80 manata satılır. Lakin bu qiymətlər də şəhərin müxtəlif ərazilərindəki ticarət mərkəzlərində olan qiymətlərdən bir qədər aşağıdır. Bəzi mağazaların qarşısında isə satılan mallara 10-15 faiz endirim edilməsi barədə lövhələr var idi. Satıcılar bunu yaxın vaxtlarda yeni ünvana köçürülmə ehtimalının olması ilə izah edirdilər. Satıcı Nüşabə Əliyevanın sözlərinə görə, bununla yeni ticarət mərkəzində rastlaşacaqları ziyanı kompensasiya etmək fikrindədirlər: "Artıq 5 ildir bu ticarət mərkəzində alver edirik. Daimi müştəri toplamaq üçün üç il vaxt lazım olmuşdu. Topdan mal alan alıcılarımızın əksəriyyəti ya bölgələrdən, ya da Dağıstandan gəlirdi. Buradan köçürüləndən sonra həmin müştəriləri də, yəqin ki, itirəcəyik. Təbii ki, yeni açılan hər hansı yerdə alver zəif olur". "Binə" Ticarət Mərkəzinin rəhbərliyi ilə görüşüb, yarmarkanın köçürülmə prosesinin nə zaman başa çatacağını öyrənmək istəsək də, rəhbərlikdən heç kəsi tapa bilmədik. Yarmarkanın müdiriyyəti əyləşən ofisdən öyrənə bildik ki, "Binə" Ticarət Mərkəzində 4 mindən artıq insan fəaliyyət göstərir. Həmin şəxslərin də hər biri bir neçə ailəni dolandırır. Yarmarka köçürüldükdən sonra yeni ünvanda onlara yenə də işləmək üçün şərait yaradılacaq. Kirayə haqqının necə olacağı və sahibkarlara hər hansı güzəşt edilməsi məsələsini isə dəqiqləşdirə bilmədik. Bundan sonra üz tutduq "Sədərək" Ticarət Mərkəzinə. Burada qiymətlər "Binə" yarmarkasına nisbətən bir qədər yüksək idi. Malların əksəriyyətinin qiymətində birinci ilə müqayisədə 15-20 manat fərq var. Amma ticarət mərkəzindəki təmizlik isə birinci ünvandan müsbət mənada fərqli idi. Malların çeşidi ilə yanaşı, alıcılara təqdim edilməsində də bir səliqə-sahman hiss edilirdi. Buna görə də alıcı istədiyi malı daha asan seçə bilərdi. Satıcılar bir-birindən o qədər də uzaq olmayan iki ticarət mərkəzi arasındakı bu qiymət fərqini malların keyfiyyəti ilə izah edirdilər. Sahibkarların sözlərinə görə, artıq yeni ünvanda tikilən mağazaların əksəriyyəti alınıb. Bu günlərdə bəzi mağazaların açarları sahiblərinə təqdim edilib. Alınan mağazalara görə, sahibkarlar təxminən 10 min dollar ödəyib. Mağazalar satılarkən burada alver edənlərə üstünlük verilib. Amma satıcılar mağazaların qiymətində onlara hər hansı güzəşt edilib-edilmədiyindən danışmaq istəmədilər.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.