Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Ləyaqət insanın ali keyfiyyətidir. Və ləyaqət insanın təkcə davranışını, münasibətini deyil, onun fəaliyyətinin bütün istiqamətlərini təyin edə bilir. Kimin harada, hansı sahədə fəaliyyət göstərməsinə baxmayaraq bu sahədəki işi də onun ləyaqətindən asılıdır. Bütün bunların məcmusunda isə insan-vətəndaş amili durur.
Bu sözlər ömrünün yarısını həmkarlar ittifaqı sistemində işə həsr etmiş Tofiq Quliyev barəsində AHİK sədri, millət vəkili Səttar Mehbalıyev tərəfindən ona 60 illik yubileyi münasibətilə "Həmkarlar ittifaqında xidmətinə görə" medalını təqdim edən zaman deyilmişdir. Tofiq Quliyev ixtisasca neft mütəxəssisidir. Keçmiş Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. Elə təhsil illərində özünü bacarıqlı təşkilatçı kimi göstərmiş, institutun ictimai həyatında yaxından iştirak etmişdir. Təhsilini başa vuran Tofiq müəllim bir müddət Neft Emalı və Neft Sənayesi Nazirliyində və Respublika Gənclər Təşkilatında məsul vəzifələrdə çalışmışdır. 1982-ci ildə Tofiq Quliyev Azərbaycan Həmkarlar İttifaqları Şurasında işə başladı. 1986-cı ildə müxtəlif nazirlikləri birləşdirən Aqrar Sənaye Kompleksi yaradılanda, təşkilatçılığı və insanlarla işləmək bacarığını nəzərə alaraq onu kompleksin Bakı şəhəri üzrə həmkarlar ittifaqı komitəsinə sədr seçdilər. Yenilik ruhu ilə yaşayan Tofiq müəllim burada da öz əməyini əsirgəmədi. Bir neçə ildən sonra o, Respublika Komitəsi sədrinin müavini seçildi. Siyasi quruluşun dəyişməsindən və ölkəmizin müstəqillik əldə etməsindən sonra bütün sahələrdə olduğu kimi, həmkarlar ittifaqı da böyük çətinliklərlə üzləşdi. Onun sıraları xeyli zəiflədi və belə bir vaxtda yeni yaranan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına Səttar Mehbalıyevin sədr seçilməsi təşkilat üzvlərində gələcəyə böyük inam yaratdı. Tofiq Quliyev də xoş gələcəyə ümidlə əlindən gələni əsirgəmədi. Aqrar Sənaye Kompleksi ən çox ziyan çəkən sahələrdən biri oldu. 1100000 insanı birləşdirən bir komitənin sıraları 20000-ə qədər azaldı. Bu çətin şəraitdə Tofiq Quliyev komitəyə sədr seçildi. Ağır vəziyyət idi. Təşkilat borc içində boğulurdu. Bir neçə il idi ki, işçilər məvacib belə ala bilmirdilər. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən aqrar və digər köklü islahatlar nəticəsində vəziyyət dəyişdi. Dağılmış Aqrar Sənaye Kompleksinin yerində yeni qida sənayesi müəssisələri və fermer təsərrüfatları yaradılmağa başlandı. Qurumun yeni bir fəaliyyət istiqamətinə zərurət yarandı. 2000-ci ilin mayında təşkilat üzvləri "Kənd-Qida İş" Federasiyasında birləşdilər. Getdikcə imkanlar artdı. Çoxlu yeni müəssisə təşkilata cəlb edildi. Hazırda Federasiyanın 823 ilk təşkilatında 70620 üzv birləşir. Onu qeyd etmək yerinə düşər ki, Respublika komitələri arasında ən çox 324 özəl təşkilat bu Federasiyada birləşir. Federasiya həmçinin bölgənin 12 ölkəsini birləşdirən Avrasiya Beynəlxalq Təşkilatının üzvüdür. Tofiq Quliyev 2007-ci ildə bu Beynəlxalq Federasiyanın vitse-prezidenti seçilmişdir. Federasiyanın keçmiş və bugünkü fəaliyyətini təhlil edərək gələcəyə inamla baxan Tofiq müəllimin böyük zəhməti və gərgin əməyi həmişə qiymətləndirilmişdir. 2005-ci ilin oktyabrında o, ölkə Prezidentinin Sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" Fəxri adına layiq görülmüşdür. Tofiq müəllimin qurub-yaratmaq arzusu böyükdür. O, hər yerdə, çətin dövrdə, məqamda ləyaqət deyilən ali insani keyfiyyətini qoruyub saxlayan adamdır. Ömrünün sonrakı onilliklərini də ləyaqətli həyatı və əməyi ilə keçirmək əzmindədir. Böyük uğurlar həmişə yol-yoldaşınız olsun, Tofiq müəllim!
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.