Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Dünənin, sabahın təşkilatı - Həmkarlar İttifaqı

09.06.10 - 12:27192 baxılıb

Təhsil işçilərinin 1920-ci ildə təsis edilmiş həmkarlar ittifaqının bu gün 90 yaşı tamam olur. Əməkdaşlarımızın bu əlamətdar tarixi hadisə ilə əlaqədar hazırladıqları yazıları oxucularımıza təqdim edirik. Bu yazılarda siz qurumun tarixi, indisi və perspektivləri ilə tanış olacaqsınız. Şəhər, rayon, ali, orta ixtisas məktəblərinin Hİ komitə sədrləri ittifaqın cəmiyyətdə yeri və rolu barədə fikirlərini oxucularla bölüşəcəklər.

Tarix

1920-ci ilin sonuna yaxın Azərbaycanda artıq 20-dən çox həmkarlar ittifaqı fəaliyyət göstərirdi ki, onlardan biri də təhsil işçilərini birləşdirən həmkarlar ittifaqı idi.
1917-ci ilin dekabrında Moskvada Beynəlmiləlçi Müəllimlər İttifaqı yaradılmışdı.
1918-ci ilin II yarısında bu ittifaqın 12 minə yaxın üzvü vardı.
1918 və 1919-cu ildə bu ittifaqın I və II qurultayları çağırıldı və qurultay Ümumrusiya Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar İttifaqını təşkil etməyi qərara aldı.
1920-ci il iyun ayının 9-da Azərbaycanda da təhsil, maarif işçilərinin eyni adlı həmkarlar ittifaqı yaradılması təşəbbüsü irəli sürüldü.
İyun ayından etibarən geniş təşkilati işlər görüldü.
Sentyabr ayının 19-dan 30-na kimi Bakı şəhərində Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar İttifaqının I qurultayı oldu.
Artıq 1921-ci ildə ölkə üzrə bu ittifaqın üzvlərinin sayı 6 min nəfəri ötmüşdü. Əsas vəzifəsi maarif, mədəniyyət müəssisələri, klub və kitabxanalarda çalışan işçilərin ittifaqa cəlb edilməsi olsa da, əhalinin savadlanması üçün müəllimlik kurslarının təşkilində Xalq Maarif Komissarlığına yaxından köməklik göstərmək missiyasını da üzərinə götürdü.
Məlumat üçün deyək ki, həmin illər bir-birinin ardınca birillik müəllimlik kursları, pedaqoji texnikumlar və Ali Pedaqoji İnstitutun açılmasına baxmayaraq, ölkədə savadsızların faizi hələ də yüksək olaraq qalırdı.
Elə ona görə də təşkilatın I qurultayında savadsızlığı ləğv etmək barədə ittifaqın bütün savadlı üzvlərinin səfərbərliyə alınması barədə müvafiq qərar qəbul olunmuşdu.
"Məktəblərə yardım həftələri"nin təşkilində həmkarlar ittifaqları fəal iştirak edirdilər. Məhz həmkarlar ittifaqlarının köməyi ilə 1923-24-cü illərdə 5,5 min, 1924-25-ci illərdə isə 11418 nəfər öz savadsızlığını ləğv edə bilmişdi.
1920-ci ildən 1999-cu ilədək sahə həmkarlar ittifaqı müxtəlif adlar altında fəaliyyət göstərmişdir.
Belə ki, 1921-ci ilin yanvarında Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar İttifaqı İncəsənət İşçiləri Həmkarlar İttifaqı ilə birləşərək Maarif və İncəsənət İşçiləri Həmkarlar İttifaqı adlanıb. Həmin ilin mayında mətbuat işçiləri də bu ittifaqa daxil olmuşdu.
1922-ci ildən 1934-cü ilədək bu ittifaq məktəb, uşaq bağçaları, uşaq evləri, elmi idarə, ali məktəb və siyasi maarif idarələrini də özündə birləşdirirdi.
1957-ci ildə SSRİ-nin tərkibinə daxil olan digər müttəfiq respublikalarda olduğu kimi, Azərbaycanda da bu təşkilat Maarif, Ali Məktəb və Elmi İdarə İşçilərinin Həmkarlar İttifaqı adlandırıldı.
Sonralar ittifaqın adından "Maarif, ali məktəb və elmi idarə" sözləri çıxarıldı. Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqı adını daşıdı. 1991-ci ildən adı yenə də dəyişdirilərək Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqı oldu. 1999-cu ildən isə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı adı altında fəaliyyət göstərir.

Müstəqillik qazandıqdan sonra

Sovet imperiyası dağılandan sonra ayrı-ayrı sahə həmkarlar ittifaqı komitələri müstəqil fəaliyyət göstərməyə başladılar.
Belə təşkilatlardan biri də həm ziyalı potensialına, həm kəmiyyət tərkibinə, həm də əhatə dairəsinə görə ictimai təşkilatlar arasında birinci yerdə duran Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı oldu. Bu gün təşkilat öz sıralarında 5810 tədris müəssisəsində çalışan və oxuyan 384480 nəfər təhsil işçisini və tələbə gənci birləşdirir. Onlardan 251299 nəfəri qadın, 133181 nəfəri isə kişidir. İttifaq üzvləri arasında gənclərin sayı 74486 nəfərdir ki, onlardan da 50969-u qızlardır. Respublika Komitəsi 1995-ci ilin noyabr ayından özünün növbəti XIII hesabat-seçki konfransını, 2000-ci ilin noyabr ayının 3-də isə XIV hesabat-seçki konfransını, 2005-ci ilin dekabr ayında XV hesabat-seçki konfrasını keçirmiş, təşkilatın rəhbər orqanlarını seçmiş, Nizamnaməsində müvafiq dəyişikliklər etməklə onu Ədliyyə Nazirliyində qeydiyyatdan keçirmişdir. Eyni zamanda təşkilat son 19 il ərzində sahə komitəsinin xidmətində olan təşkilatlarda çalışan təhsil işçilərinin təşkilatlanması, onların ittifaqa cəlb edilməsi, müvafiq təlimatlarla təchiz edilməsi, ixtisaslarının artırılması, beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində də xeyli iş görmüşdür. Təkcə onu qeyd etmək lazımdır ki, son 10 ildə ittifaq üzvlərinin sayı 309909 nəfərdən 384400 nəfərə qədər artmışdır.

Beynəlxalq əlaqələr

2000-ci ilin noyabr ayında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ştab qərargahı Brüssel səhərində yerləşən, öz sıralarında 149 ölkədən 23 milyon təhsil işçisini birləşdirən "Beynəlxalq Təhsil Birliyi"nə üzv qəbul edilmişdir. Sahə komitəsi eyni zamanda 2006-cı ildən öz sıralarında Türkiyə, Qırğızıstan, Qazaxıstan və Azərbaycan Respublikasının təhsil işçilərini birləşdirən Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqı Birliyinin də üzvüdür.
Respublika Komitəsinin nümayəndə heyəti dəfələrlə bu təşkilatın xətti ilə keçirilən Beynəlxalq tədbirlərdə iştirak etmişdir. Respublika Komitəsi Beynəlxalq Əmək Təşkilatı ilə, MDB ölkələrinin, Türkiyə və digər dövlətlərin müvafiq sahə komitələri ilə də sıx əməkdaşlıq edir.
2009-cu ilin iyun ayında sahə komitəsi 2009-2012-ci illər üçün Rusiya Federasiyası, Elm və Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqı ilə əməkdaşlıq haqqında müqavilə imzalamışdır.


Fəalların təhsili

Respublika Komitəsi öz fəallarını həm AHİK-in, həm də Respublika Komitəsinin xətti ilə keçirilən daimi seminarlara cəlb etməklə, onların ixtisaslarının artırılmasını daim diqqət mərkəzində saxlayır. Son 15 ildə 50000 nəfərdən çox həmkarlar ittifaqı fəalı belə kurs və seminarlara cəlb edilmişdir.
Respublika Komitəsinin xidmətində olan üzv təşkilatlarda təşkilati işləri daha yaxşı nizamlamaq üçün Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi "Həmkarlar təşkilatlarının rəhbərləri və fəalları üçün stolüstü kitab", "Həmkarlar ittifaqı orqanlarında hesabat-seçkilərin aparılması barədə təlimat", "ATİAHİ-nin həmkarlar ittifaqı orqanlarında kargüzarlıq işlərinin aparılması barədə təlimat", Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nizamnaməsi, bütün pillələr üzrə (bağça, məktəb, texnikum, ali məktəb, təhsil şöbələri, Təhsil Nazirliyi) bağlanacaq kollektiv müqavilə və sazişlərin nümunəsi, digər təlimati sənədləri hazırlayıb onların istifadəsinə vermişdir.

Üzvlərinin sosial müdafiəsi

Sahə həmkarlar ittifaqı komitəsi kollektiv müqavilələrin hazırlanması və hər bir təşkilatda bağlanmasına xüsusi fikir verir. Komitə bu müqavilələrdə Əmək Məcəlləsində nəzərdə tutulmamış və ittifaq üzvlərinin maraqlarını təmin edən məsələlərin kollektiv müqavilə sənədlərində öz əksini tapması və həyata keçirilməsinə daim nəzarət edir. Daha çox sosial müdafiəyə ehtiyacı olan təhsil işçilərinin maraqlarının və tələbatlarının nəzərə alınmasına xüsusi qayğı göstərilməsi sahə komitəsinin xidmətində olan təşkilatlara daim tövsiyə olunur.
Respublika Komitəsi öz xidmətində olan təşkilatlarda çalışan əlillər və pedaqoji işçilərin sosial müdafiəsini təmin etmək üçün Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında əlillərin problemləri üzrə həyata keçiriləcək tədbirlər haqqında" 185 saylı qərarını əsas götürərək təhsil sahəsində çalışan 1000- dən yuxarı əlil təhsil işçisinin əməkhaqqının 15-25 faiz artırılmasına nail olmuşdur.
1991-ci ildən bu günədək təhsil işçilərinin hüquqlarının qorunması, eləcə də haqqı pozulmuş yüzlərlə təhsil işçisinin qanuni müdafiəsi müsbət həll edilmişdir.
1992-ci ildə Bakı şəhərində işləyən pedaqoji işçilərə kommunal xərclərdə 50 faiz güzəşt olunmağa başladı, təhsil işçiləri nəqliyyatdan pulsuz istifadə etdilər.
1997-ci ildə təhsil işçilərinin əməkhaqqının artırılması ilə əlaqədar bu güzəştlər ləğv edildi.
Respublika Komitəsi xidmətində olan təhsil müəssisələrinin gəncləri ilə də müntəzəm iş aparır. Belə ki, 2000-ci ildən başlayaraq 14 ali məktəbin 215 nəfər imkansız tələbəsinə gündə bir dəfə pulsuz yemək verilir.
Tələbə-gənclər arasında asudə vaxtın daha maraqlı təşkili üçün mini- futbol, şahmat yarışları keçirilir, spartakiada, bədii özfəaliyyət kollektivlərinin baxış-müsabiqəsi təşkil olunur, bu kollektivlərin maddi-texniki bazasının gücləndirilməsi üçün lazımi avadanlıqların, aparatların, musiqi alətlərinin, idman ləvazimatlarının əldə edilməsi üçün lazım olan həcmdə vəsait ayrılır.
Eyni zamanda sahə komitəsi şəhid və imkansız ailələrlə də müvafiq iş aparır, onların qayğıları ilə məşğul olur, maddi və mənəvi yardım edir.

Əməyin mühafizəsi

Texniki əmək müfəttişi təhsil işçiləri və oxuyan gənclər üçün təhlükəsiz və sağlam iş şəraitinin təmin edilməsi məqsədi ilə Əmək Məcəlləsində və digər normativ-hüquqi aktlarda, kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirlərinə, normalara, standartlara əməl edilməsinə, istehsalatda baş verən bədbəxt hadisələrin qarşısının alınmasına, onun təhqiq və analiz edilməsinə nəzarət edir. İşəgötürənlərin işçilərə sağlam əmək şəraitinin yaradılmasına, eyni zamanda işçinin əməyin qanunvericilik qaydası ilə tibbi müayinə və texniki yollarla mühafizə edilməsinə kömək edir. Onları müvafiq normativ sənədlər, əsasnamələr, əmrlərlə vaxtaşırı təmin edir.
Respublika Komitəsi çalışır ki, yerlərdə həmkarlar ittifaqı komitələri və işəgötürənlər əməyin mühafizəsi qayda və normalarına, əmək qanunvericiliyinə ciddi əməl edilməsini daim diqqət mərkəzində saxlasınlar.

İşçilərin sağlamlığı
və istirahəti

Təhsil müəssisələrində çalışan işçilər və oxuyan gənclərin sağlamlıqlarının mühafizəsi Respublika Komitəsinin gündəlik məşğul olduğu sahələrdən biridir.
1991-ci ilə qədər həm ittifaqın, həm də respublikanın ərazisində yerləşən sanatoriya və kurortların yollayışlarından istifadə edərək hər il 3000 - 4000 nəfər təhsil işçisi öz sağlamlığını bu müəssisələrdə bərpa edirdi. Respublika Komitəsinin özünün balansında olan sanatoriya-profilaktoriyalar, sağlamlıq düşərgələri, istirahət zonaları da fəaliyyət göstərirdi ki, müəssisələrdə hər il minlərlə təhsil işçisi öz ailə üzvləri ilə birlikdə mənalı istirahət edə bilirdilər. Lakin 1991-ci ildən sonra ölkədə baş verən ictimai-siyasi dəyişikliklər, torpaqlarımızın işğalı və bunun nəticəsində bir milyona yaxın vətəndaşımızın böyük bir hissəsinin respublikada və Bakı şəhərində yerləşən sanatoriya və kurort müəssisələrində yerləşdirilməsi təhsil sahəsində çalışan işçilərin güzəştli yollayışlarla tam təmin olunmasına xeyli mane oldu. Bütün bu çətinliklərə baxmayaraq, Respublika Komitəsi xidmətində olan ittifaq üzvlərinin sağlamlıqlarının bərpası və səhhətlərinin müalicəsi ilə əlaqədar real imkanlardan tam səmərəli istifadə etməyə çalışır. Belə ki, ilk təşkilatlarla əlaqə yaratmaqla ilboyu səhhəti zəif olan təhsil işçilərinin respublikada fəaliyyət göstərən sanatoriya-kurort müəssisələrinə göndərilməsini, bu məsələlərin təhsil müəssisələrinin rəhbərləri ilə müsbət həll edilməsinə, onlara müvafiq şəraitin yaradılmasına çalışır. Belə ki, səhhəti zəif olan ittifaq üzvlərinin güzəştli yollayış alarkən dərslərinin əvəz edilməsi, onlara ya öz hesablarına, ya da növbəti məzuniyyət hesabına vaxt verilməsi kollektiv müqavilələrə və sazişə salınmışdır. Bundan əlavə, Respublika Komitəsi əlillərin, körpə uşağı olan qadınların, şəhid və köçkün ailəsindən olanların, müharibə iştirakçılarının güzəşt və imtiyazları ilə əlaqədar qəbul edilmiş qərarların və sərəncamların həyata keçirilməsinə, təhsil işçilərinə şamil edilməsinə daim diqqət göstərir.

Gülarə Hüseynova, TİAHİ Nərimanov Rayon Komitəsinin sədri.

- Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı bu gün təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə tanınan, seçilən həmkarlar ittifaqı mərkəzlərindəndir. Ölkə daxilində geniş struktura malikdir. 400 min nəfərə qədər üzvü ətrafında birləşdirir. Yerli strukturları demokratik əsaslarla fəaliyyət göstərir. Hökumətin müvafiq qurumları, icraedici orqanlarla münasibətləri qarşılıqlı anlaşma üzərində qurur. Bütün bunların təməlində təxminən bir əsrə yaxın təcrübə, zəngin ənənələr durur. Müəyyən dövrlərdə rejimlərin təzyiqlərinə məruz qalsa da, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı bütövlükdə şərəfli tarixi yol keçmiş, işçilərin həyatının tərkib hissəsinə çevrilmişdir. Ənənələr nəsillərdən-nəsilə ötürülmüşdür. Mən uzun illər bu sahədə çalışdığım üçün cəsarətlə deyə bilərəm ki, sahə Hİ demokratik, cəsarətli fəaliyyət dövrünü 2006-cı ildən sonra yaşamaqdadır. Bu dövrü təşkilatımızın yetkinlik dövrü də adlandırmaq olar. Təşkilatın Respublika Komitəsinin rəhbərliyinin 2006-cı ildə yüksək səviyyəli kadrlarla möhkəmləndirilməsi uğurlu islahatlara yol açdı. Təbii ki, bu islahatlar rayon, şəhər, ilk təşkilatların da fəaliyyətində özünü müsbət mənada göstərdi. Millət vəkili kimi AHİK sədri cənab Səttar Mehbalıyevin şəxsi təşəbbüsü və bilavasitə iştirakı sayəsində sosialyönümlü qanunlara edilən əlavə və dəyişikliklər təşkilatımızın qarşısına qoyduğu vəzifələri yerinə yetirərkən rastlaşdığı maneələrin aradan qaldırılmasına gətirib çıxardı. Biz bütün bunlara rəğmən birə-beş qüvvə ilə çalışırıq.
Heç bir güzəştə yol vermədən normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təminatı diqqət mərkəzində saxlayırıq. Təhsil müəssisənin öz nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirakına nəzarət edirik. Onların tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmələrinə əməli köməklik göstəririk. İşəgötürənlərin işçilərin şərəf və ləyaqətlərinə hörmətlə yanaşmalarına nail oluruq. Üzvlərimizin ixtisaslarını artırmasına, yeni ixtisas almasına, staj keçməsinə, elmi dərəcələrinin yüksəldilməsinə səy göstəririk. Ən yaxşıları mükafatlandırırıq.
Əməyin mühafizəsi və sanitar-gigiyenik normalara riayət məsələləri diqqət mərkəzində saxlanılır.
Bütün bunlar bu günün işləridir. Biz bu işlərin öhdəsindən gəlirik. Lakin əldə etdiklərimizlə kifayətlənmirik. İşimizi daha da təkmilləşdirmək istəyi ilə yaşayırıq. Axı həmkarlar ittifaqı gələcəyin təşkilatıdır...

Niyazi NƏcƏfov, TİAHİ Şirvan Şəhər Komitəsinin sədri.

- Uzaq 1920-ci ildən ötən müddət ərzində çox şeylər dəyişib. Bir-birinə zidd ictimai-siyasi münasibətlər dövrünü yaşamışıq. Lakin dəyişməyən həmkarlar ittifaqının missiyasıdır. Bu qurum bütün dövrlərdə cəmiyyətin verdiyi imkanlar daxilində üzvlərinin mənəvi, maddi tələblərini ödəməyə cəhd göstərmişdir. Müstəqillik təhsil işçilərinin həmkarlar ittifaqı üçün də potensialını tam üzə çıxarmaq şansını yaratdı. Fəaliyyəti demokratik əsaslar üzərində qurulmuş bu qurumun bütün strukturları yerli şəraitə, spesifik xüsusiyyətlərə uyğun olaraq missiyalarını sərbəst yerinə yetirirlər. Bunu mən öz təşkilatımızın təcrübəsində də müşahidə etmişəm. Hazırda komitəmizin sıralarında 2000 nəfərə qədər təhsil işçisi birləşir. İşimizi sahəmizə aid qanunlar, həmkarlar ittifaqının nizamnaməsi çərçivəsində üzvlərimizin arzu və istəklərinə uyğun qururuq. Təqdirəlayiq haldır ki, "Həmkarlar ittifaqları haqqında" qanun bizə çox geniş miqyasda fəaliyyət göstərmək səlahiyyətləri verir. İşçilərin əmək, sosial hüquqlarına nəzarət gündəlik vəzifəmizdir. Bununla yanaşı, üzvlərin, onların ailə üzvlərinin vətənpərvərlik tərbiyəsi, mənəvi saflığı, tarixi yaddaşı istiqamətində çoxşaxəli, rəngarəng, cəlbedici tədbirlər planı hazırlayıb həyata keçiririk.
Bütün tədbirlərimizin mərkəzində insanların rifahının yüksəldilməsi, iş şəraitinin yaxşılaşdırılması, sağlam həyat tərzi keçirmələri, təbii ki, təhsilimizin təkmilləşdirilməsi inkişafına kömək durur.

Daşqın QƏNBƏROV, BDU Tələbə HİK sədri.

- Bakı Dövlət Universiteti ölkəmizdə həmkarlar ittifaqı təşkilatı təsis edilən ilk ali məktəb kimi tarixə daxil olmuşdur. Ötən dövr ərzində bir neçə dəfə siyasi quruluşlar dəyişsə də, universitetimizin həmkarlar ittifaqı komitəsi mövcudluğunu qoruyub saxlaya bilmişdir.

Səbəbi də odur ki, bu təşkilat hansı quruluşun, siyasi dairənin yox, məhz işçilərin təşkilatı, təşkilatlanma mərkəzi olaraq onların əmək, sosial hüquqlarının müdafiəçisi missiyasını həyata keçirmişdir. Həmin missiya nəsildən-nəsilə ötürülmüş, bu gün də tərəfimizdən ləyaqətlə davam etdirilməkdədir.
Komitəmiz müəllim və tələbələr arasında əməkdaşlıq ruhunun bərqərar olunması, sosial-ədalət prinsiplərinə əməl edilməsi və s. məsələlərlə bağlı daima iş aparır. Üzvlər arasından xüsusi bacarıq və qabiliyyətlərin aşkara çıxarılaraq cəmiyyətə təqdim olunması üçün xüsusi dərnəklər təşkil edir, istedadlarına müvafiq olaraq tələbələr bu dərnəklərdə yerləşdirilir və mütəmadi onlar arasında stimullaşdırıcı yarışlar keçirilir. Üzvlərinin asudə vaxtlarının səmərəli təşkili, onların elmə, təhsilə marağının artırılması, vətənpərvərlik ruhunun yüksəldilməsi və sair də fəaliyyət dairəmizə daxildir. HİK tələbələrin sosial durumunun yaxşılaşdırılması sahəsində də inamla çalışır.
İmkansız, aztəminatlı üzvlərimiz gündəlik pulsuz nahar yeməkləri ilə təmin edilirlər. Mütəmadi olaraq birdəfəlik maddi yardımlar alırlar. Hər tədris ilinin sonunda keçirilən imtahanlarda iştirak etmək üçün komissiyalar yaradırıq. Bu da tələbələrə imtahanlarda mənəvi dəstək olur və onların yüksək nəticələr göstərmələrinə şərait yaradır.
Tələbələrdə doğma dilimizə və Vətənə, milli mədəniyyətimizə məhəbbət hisslərini aşılamağı qarşımızda duran mühüm vəzifələrdən hesab edirik.
İşimizə yaradıcı münasibət təşkilatımıza respublikamızın sərhədlərindən kənarda da imic qazandırmışdır. Təcrübəmizin öyrənilməsi üçün digər ölkələrin ali məktəblərindən bizə az müraciət olunmur. Təsadüfi deyil ki, 2009-cu ilin əvvəlində Moskva şəhərində təşkil olunmuş beynəlxalq tədbirdə BDU THİK-i Müstəqil Dövlətlər Birliyi üzrə aktiv, çoxşaxəli və məqsədyönlü fəaliyyətinə görə ilin ən yaxşı təşkilatı diplomu ilə təltif olundu.
Məqaləmi hazırlayarkən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tarixinə nəzər yetirdim. Bu təşkilat enişli-yoxuşlu, uzun, amma şərəfli bir həyat yolu keçib. 2006-cı il noyabrın 24-də millət vəkili, Səttar Mehbalıyevin sədr seçilməsi ilə təşkilat inkişafının yeni mərhələsinə, intibah dövrünə qədəm qoydu. S.Mehbalıyev vətəndaş cəmiyyətinə yad olan inzibati amirlik metodlarından imtina etdi, demokratik idarəçilik prinsiplərinə əsaslanan həmkarlar ittifaqının möhkəmləndirilməsinə dəstək verdi. 2006-cı ildən başlayan bu təqdirəlayiq, uğurlu inkişaf konsepsiyası yüksələn xətt üzrə davam etməkdədir.

Göyçək ATAKİŞİYEVA, Bülbül adına OİMM HİK sədri.

- Sahə Hİ-nin yubileyi ərəfəsində kollektivimiz kiçik olsa da, bizim də deməyə sözümüz, öyünməyə uğurlarımız var. Mən fəaliyyətimizə geniş ekskursiya etməklə oxucuların qiymətli vaxtını almaq istəmirəm. Məlumat üçün deyim ki, bu gün məktəbimizin həmkarlar ittifaqı təşkilatı müdiriyyətlə bağlanmış kollektiv müqaviləyə əsasən, ittifaq üzvlərinin hüquqlarının qorunmasında, iş şəraitinin yaxşılaşdırılmasında, qocaman müəllimlərin qayğı və problemlərinin həllində yaxından iştirak edir.
Azərbaycan musiqi çeşməsində fəaliyyət göstərən istedadlı uşaqların sənətkar kimi yetişməsində böyük zəhməti olan müəllimlərimizin əməyi müstəsna əhəmiyyət kəsb edir. Bu müəllimlərin zəhmətidir ki, məktəbin 22 şagirdi Prezident təqaüdçüsüdür, beynəlxalq, respublika, ümumşəhər müsabiqələrinin laureatlarıdır. Həmkarlar ittifaqımız bu müəllimlərimizin zəhmətini dəyərləndirir, asudə vaxtlarının səmərəli və faydalı keçirilməsində, onların iş şəraitinin Avropa standartlarına uyğun təşkil edilməsində əlindən gələni əsirgəmir. Azərbaycanın səfalı guşələrinə - Şəki, Quba, Şamaxı, Nabran, Xızı, Qax və s. gəzintilər təşkil edir, bayramlar keçirir. Bu bayramların sırasında "Gülüş günləri" bütün şəhərdə əks-səda doğurur.
Bu gün hamımız respublikamızın inkişaf dövrünü yaşayırıq. Fəxr edirik ki, bu dövrün çiçəklənməsində bizim də payımız var.

Misgər MƏMMƏDOV, ADU HİK sədri.

- Zamanın hökmü ilə meydana gəlmiş Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı sosial xarakterli məsələlərin həllində cəmiyyətin aparıcı qüvvələri cərgəsində olmuş, fəaliyyəti tarix boyu işçilər tərəfindən dəstəklənmişdir. Çoxlu sayda insan qrupunu ətrafında birləşdirən bu təşkilat 90 il ərzində dünya həmkarlar ittifaqı hərəkatına da nəzəri və praktik töhfələr vermişdir.
TİAHİ-nin tərkib hissəsi kimi universitetimizin həmkarlar ittifaqı komitəsi də zamanın sınaqlarından üzüağ çıxmış, üzvlərinin əmək, sosial, maddi və mədəni hüquqlarının qorunması sahəsində zəngin təcrübəyə malik struktura çevrilmişdir.
Komitəmiz müəllim əməyinin peşə cazibədarlığının sosial səviyyəsini təmin etmək üçün iş yerlərində ideal əmək şəraitinin yaradılması prosesini daim nəzarətdə saxlamışdır. Ən müasir kitabxanalardan istifadə, kompyuter texnologiyalarına münasibət, modern auditoriyalar və onların texniki təchizatında universitet HİK-in xüsusi rolu olmuşdur. Rahat kafedralar, iş yerlərinin texniki təminatı, tənəffüslərarası kiçik istirahət üçün şəraitin yaradılması müəllimin əməyinin effektini artırır.
Müəllimlərin istirahətinin təşkili və sağlamlığının bərpası üçün sahə HİRK-in köməyindən yararlanırıq. Onların ayırdığı yollayışlar əsasında ehtiyacı olan üzvlərimizin müəyyən qismi istirahət evlərində, sanatoriyalarda, digər sağlamlıq mərkəzlərində qüvvələrini bərpa edirlər.
Universitetin ahıl və köməyə ehtiyacı olan müəllimləri HİK-in köməyini həmişə və istənilən an hiss edirlər. Özlərinin etiraf etdiyi kimi, komitə onların ən çox istinad etdikləri yerdir. HİK həmçinin üzvlərinin ailə qayğıları ilə də yaşayır. Üzvlərin həm məişət xarakterli, həm də şəxsi səviyyədə ehtiyacları xüsusi komissiyalarda öyrənilib təmin olunur.
Mən öz təşkilatımızın timsalında cəsarətlə deyə bilərəm ki, insanlara həmkarlar ittifaqı qədər yaxın ikinci ictimai qurum yoxdur.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.