Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
fevralın 13-də
…Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
fevralın 14-də
…Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl-Nahyanı qəbul etmişdir. …Belçika Krallığına işgüzar səfərə yola düşmüşdür. …Brüsseldə Avropa Xalq Partiyasının (AXP) prezidenti Uilfrid Martens ilə görüşmüşdür.
fevralın 15-da
…NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşmüşdür. …Belçika Krallığına işgüzar səfərdən qayıtmışdır.
fevralın 16-də
…Qusar rayonuna səfərə gəlmişdir. …Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir. …rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir. …şahmat mərkəzinin açılışında iştirak etmişdir. …Qubada Qırmızı qəsəbənin sakinləri ilə görüşmüşdür. …Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.
fevralın 17-də
... Şahdağ qış-yay turizm kompleksinin tikintisinin gedişi ilə tanış olub.
Dünən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Sosial tərəfdaşlıq: əməyin mühafizəsi, risklərin qiymətləndirilməsi və iş yerlərinin attestasiyası" mövzusuna həsr olunmuş Konfrans keçirildi. Konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Həmkarlar İttifaqları Konfederasiyasının, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdilər.
Konfransı giriş sözü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov açaraq iştirakçıları salamladı və qeyd etdi ki, möhtərəm Prezident,cənab İlham Əliyevin düzgün düşünülmüş və zamanın çağırışlarına uyğun siyasəti nəticəsində Azərbaycan tərəqqi tempinə görə dünyanın lider ölkəsinə çevrilmiş və keçid dövrünü başa vuraraq keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olmuşdur. Hazırda regional güc mərkəzi kimi Cənubi Qafqaz iqtisadiyyatında 80 faizdən artıq paya malik olan ölkəmizdə modern islahatlar, müasir texnologiyaların tətbiqi prosesi geniş vüsət almışdır. İqtisadiyyatın şaxələndirilməsi, irimiqyaslı infrastruktur layihələrinin icrası, özəl sektorun genişlənməsi, regionların inkişafı sahəsində mühüm uğurlar əldə edilmişdir. Bu uğurlara beynəlxalq aləmdə də yüksək qiymət verilməsinin növbəti bir ifadəsi olaraq bu günlərdə nüfuzlu "Standard and Poors" beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatının mövcud durumunu "Stabildən" "Pozitivə" yüksəltmişdir. İqtisadi tərəqqinin dayanıqlı xarakter aldığı respublikamızda sosial rifah göstəriciləri də artmaqda davam edir. Təkcə onu qeyd etmək kifayətdir ki, ölkəmizdə orta pensiya məbləği 190 $-dək, orta aylıq əməkhaqqı isə 460 $-dək yüksəlmişdir. Bu bir həqiqətdir ki, rifahlı cəmiyyət quruculuğunun tərkib hissələrindən biri də - layiqli əməyin təmin olunması, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, işçi hüquqlarının etibarlı müdafiə mexanizminin təkmilləşdirilməsidir. İstehsalatda baş verən və işçilərin ölümü, yaxud xəsarət alması ilə nəticələnən bədbəxt hadisələrin təhqiqatı zamanı belə hadisələrin məhz əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verdiyi müəyyən edilmişdir. İş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üçün riskin düzgün qiymətləndirilməsi, iş yerlərinin attestasiyasının vaxtında və keyfiyyətlə aparılması, ümumən işəgötürənlərin bu məsələlərə məsuliyyətlə yanaşması olduqca vacibdir. Bu sahədə mühüm uğurların qazanılması üçün sosial tərəfdaşların səylərinin birləşdirilməsi və əlaqəli fəaliyyətinin təşkili vacib şərtlərdən biridir. Hələ ötən il Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar beynəlxalq konfransda biz iş yerlərində sağlam və təhlükəsiz şəraitin yaradılması istiqamətində sosial tərəfdaşların təşəbbüslərinin birləşdirilməsi və onların bu istiqamətdə fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə Milli Üçtərəfli Sosial Şuranın yaradılması təklifini irəli sürmüşdük. Ümumən MDB məkanında ilk dəfə olaraq yaradılan Üçtərəfli Sosial Şura Baş Kollektiv Sazişdə nəzərdə tutulan sosial tərəfdaşlıq prinsiplərini yeni formatda daha dolğun şəkildə təcəssüm etdirəcək. Əminəm ki, yeni yaradılan bu Şura təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsinə, əməyin mühafizəsi ilə bağlı vahid dövlət siyasətinin inkişafına dəyərli töhfələrini verəcək. Sonra söz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevə verildi. Səttar Mehbalıyevin çıxışının tam mətni qəzetimizin 2-ci səhifəsində dərc olunub. Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev bugünkü tədbirin mühüm əhəmiyyətindən danışdı: “Fərəhlə qeyd etmək istəyirəm ki, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində yola saldığımız 2011-ci ildə iqtisadiyyatda ümumi artım 0,1 faiz, qeyri-neft sektorunda 9,4 faiz olmuşdur. Bu sektorun inkişafı yeni iş yerlərinin yaradılmasına da həlledici təsir göstərmişdir. Ölkədə qeyri-neft sənayesinin xüsusi çəkisi 11,1 faiz artmış, inflyasiya birrəqəmli səviyyədə qalmış, əhalinin pul gəlirləri 19,6 faiz yüksəlmişdir. 2011-ci ildə investisiya qoyuluşu 20 milyard dollar təşkil etmişdir. Onun 13 milyardı daxili, 7 milyardı isə xarici sərmayədir. Ümumilikdə isə son 2 ildə Azərbaycanda 37 milyard sərmayə qoyulub. Valyuta ehtiyatları ilk dəfə olaraq 40 milyard dolları keçib, keçən ildə maaşlar, pensiyalar artırılıb, ünvanlı sosial yardım alan ailələrin sayı 120 minə çatıb. Ötən il 94 min iş yeri açılıb ki, onlardan 73 mini daimidir. İşsizliyin səviyyəsi 2011-ci ildə 5,4 faiz, yoxsulluğun səviyyəsi isə 7,6 faiz aşağı düşüb. Bütün bu uğurların əldə olunmasında Azərbaycan sahibkarlarının da özünəməxsus rolu olmuşdur. Fürsətdən istifadə edib təmsil etdiyim Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) haqqında qısa məlumat vermək istərdim. ASK 1999-cu ildə təsis edilib,ölkədə iş adamlarının maraqlarını müdafiə edən və sahibkarlığın inkişafına dəstək verən ümumrespublika birliyidir. O, özündə 5000-dən çox sahibkarlıq subyektini, o cümlədən 50-yə qədər assosiasiya və birlikləri təmsil edir. Konfederasiya sosial tərəfdaşlığın subyekti kimi bir neçə ildir Azərbaycan Respublikası Nazirlər Kabineti,Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə ölkənin sosial-iqtisadi siyasəti və sosial əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətini müəyyən edən Baş Kollektiv Sazişi imzalayır. Cari ildə də belə bir sazişin imzalanmasına hazırlaşırıq. Sazişin 5-ci bəndinin bütövlükdə əməyin mühafizəsinə həsr olunması sosial tərəfdaşların , o cümlədən Sahibkarlar Milli Konfederasiyasının bu mühüm məsələyə real münasibətinin məntiqi nəticəsidir. Ümumiyyətlə, əmək insanların maddi rifahının əsasıdır. Əmək təkcə gəlir əldə etmək mənbəyi deyil, o, iqtisadi və soaial tərəqqi üçün daha geniş perspektivlər açmaqla yanaşı, şəxsiyyətin, ailənin və cəmiyyətin möhkəmlənməsinə xidmət edir. Məlum olduğu kimi, dünyada hər il iki milyondan çox insan istehsalatda bədbəxt hadisələrdən və ya əmək qabiliyyəti ilə əlaqədar peşə xəstəliyindən həlak olur. Ən təqribi hesablamalara görə, istehsalat xarakterli bədbəxt hadisələrin sayı 270 milyona, peşə xəstəliklərindən əziyyət çəkənlərin sayı isə 160 milyona çatır.Bu cür neqativ halların qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şuranın yaradılması, sözsüz ki, bu sahədə ən ciddi addımlardan biri hesab edilə bilər. Bütün hallarda hər hansı bədbəxt hadisə və onun fəsadlarından danışmaqdansa, istehsalatda qarşıya çıxa biləcək risklərin qarşılanması tədbirlərinin düzgün müəyyənləşdirilməsi daha məqsədəuyğundur.Konfransda bu haqda da ətraflı müzakirələr aparılacağına əminəm. Məlumdur ki, Məşğulluq Strategiyasına uyğun son illərdə 1 milyondan yuxarı yeni iş yeri açılmışdır. Təbii ki, iş yerlərinin attestasiyası da bu baxımdan zəruri və aktualdır. ASK buna xüsusi önəm verərək Əmə k və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə hazırlanan peşə standartlarının müəyyən edilməsində yaxından iştirak edir. Standartların sahibkarlar tərəfindən işdə araşdırılması, rəy və təkliflərin hazırlanması təmin edilir. Əmək təhlükəsizliyi sahəsində məsələlərin sosial partnyorlarla birgə həyata keçirilməsi üçün qarşılıqlı faydalı fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik. Sonra Azərbaycan Respublikası Əmək və Əlahinin Sosial Müdafiəsi Nazirliyi yanında Təhlükəsiz və Sağlam Əmək Şəraiti (TSƏŞ) üzrə Milli Üçtərəfli (Tripartiat) Sosial Şuranın yaradılması haqqında Qərarının imzalanması mərasimi oldu. Əməyin mühafizəsi üzrə beynəlxalq məsləhətçi Volfqanq fon Rixthofen Konfransın əhəmiyyətindən və məqsədindən danışarkən vurğuladı ki, ölkənizin sürətli iqtisadi inkişafı göz qabağındadır. Böyük infrastruktur işləri görülüb. Dünya standartları səviyyəsində yeni istehsal sahələri yaradılıb. Bugünkü konfrans əməyin mühafizəsində, risklərin qiymətləndirilməsində xüsusi əhəmiyyət kəsb edir. Sahibkar əməyin mühafizəsinə nə qədər çox sərmayə yatırırsa, istehsalatın səviyyəsi bir o qədər yüksəlir və bunun nəticəsində istehsal olunan məhsulun keyfiyyəti də yaxşılaşır. Risk anlayışı nədir? Risk təhlükənin zədələnmə, xəstəlik və itki ilə və ya insanlara, ətraf mühitə, qurğu və avadanlığa zərər vurmaqla nəticələnməsi ehtimalıdır. Riskin qiymətləndirilməsi prinsiplərindən danışarkən əsas məqsəd onun qiymətləndirilməsi üzrə hüquqi məlumatlılığın artırılması, bu prinsiplərin qəbul edilməsi və anlaşılmasıdır. Riskin qiymətləndirilməsi nə deməkdir: bu potensial təhlükələrin diqqətlə araşdırılması (iş yerində nə zərərli ola bilər), onun qiymətləndirilməsi (kiminsə təhlükədən zərər görməsi imkanının az və ya çox olması), zərərin qarşısını almaq üçün hansı ehtiyat tədbirlərin görülməsi haqqında qərar qəbul edilməsi, riski azaltmaq üçün lazım olan tədbirlərdir. Beynəlxalq məsləhətçi daha sonra qeyd etdi ki, Avropa İttifaqı tərəfindən 1989-cu ildə "Çərçivə Direktivi" adlanan qanunverici Direktiv qəbul edilmişdir. Burada İşəgötürənlərin üzərinə "Konkret risklərə məruz qalan işçi qruplarının üzləşdiyi risklər də daxil olmaqla, iş yerində təhlükəsiz və sağlam əmək şəraitinə xələl gətirə biləcək risklərin qiymətləndirməsini aparmaq öhdəliyi qoyulur". Aİ-nin bütün dövlətləri üçün bu, vacib şərtlərdəndir. Qanunverici akt ilk olaraq ən yüksək səviyyədə Böyük Britaniyada təkmilləşib. Hətta mənim ölkəmdə, Almaniyada da bu cür təkmilləşmiş qanunvericilik yoxdur. Mən arzu və ümid edirəm ki, bugünkü Sosial Tərəfdaşlıq Sazişi Azərbaycanda bu cür təkmil qanunların qəbuluna öz töhfəsini verəcək Avropa İttifaqının "Əməyin mühafizəsi üzrə DƏMX-ə dəstək" Tvinninq layihəsinin Rezident Tvinninq müşaviri Karl Kun Azərbaycanda Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Tripartiat Şurasının (TSƏŞ) yaradılması münasibətilə konfrans iştirakçılarını təbrik edərək bildirdi ki, TSƏŞ əsas məsələlərə dair məsləhətləşmələr, əlaqələndirmə və əməkdaşlıq üzrə şuradır (sosial dialoqa imkan yaratmaq üçün). Belə məsləhətləşmələrdə digər maraqlı tərəfdaşlar da iştirak etməlidirlər. Şuranın yaradılması BƏT və Avropanın TSƏŞ üzrə vacib olan standartlarına uyğunluğun təmin olunmasına geniş şəkildə şərait yaradacaq. O daha sonra qeyd etdi ki, sosial dialoqun dörd əsas məqsədi vardır: məlumatlardan birgə istifadə olunması; məsləhətverici mexamizm; danışıqların aparılması; birgə qərar qəbul edilməsi. Bu məqsədlər artıq Azərbaycanda milli, sektorlar və müəssisələr səviyyəsində müxtəlif miqyasda həyata keçirilir və gələcəkdə TSƏŞ üzrə şura vasitəsilə həyata keçiriləcəkdir. Sosial dialoq sosial sülhün və iqtisadi inkişafın təmin edilməsində həlledici rol oynayacaqdır. Sosial dialoq sənaye sahəsində baş verən münaqışələrdən yan keçməyə və bütün tərəflərin qəbul edə biləcəyi ən sakit yolu tapmağa imkan verir. Almaniyada sosial dialoq iqtisadi böhrana üstün gəlmək üçün ən həlledici vasitədir. Dialoq və əməkdaşlıq həm işçilər, həm də işəgötürənlər üçün nəzərəçarpacaq dərəcədə faydalı ola bilər. Əgər siz TSƏŞ üzrə çox fəal olan bəzi şuralara, məsələn, Sinqapurun Şurasına baxsanız, bütün tərəfdaşlar üçün qarşılıqlı faydalı olan vəziyyətlərin olduğunu görərsiniz. Azərbaycan cəmiyyəti üçün isə bu, aşağıdakılar deməkdir:
o Daha keyfiyyətli əmək həyatı o Daha təhlükəsiz və sağlam cəmiyyət o Ləyaqətli iş və insan ləyaqəti o Keyfiyyətli məşğulluq o Məhsuldarlığın artması o Davamlı inkişaf o Beynəlxalq səviyyədə rəqabət qabiliyyəti o Sənayedə sakitlik
Volfqanq fon Rixthofen risklərin qiymətləndirilməsi üzrə Avropa yanaşmasının necə aparıldığını göstərdi. Azərbaycanda iş yerinin attestasiyası anlayışı vardır və mən bu qısa nitqimdə hər iki yanaşmanı müqayisə etmək və onları necə birləşdirmək haqqında bəzi ideyaları təklif etmək istəyirəm. İş yerinin attestasiyasının əsas məqsədi təhlükəli və zərərli sənaye amillərinin işçilərin təhlükəsizliyinə mənfi təsirini azaltmaq və ya aradan qaldırmaqdır. Bu mənada iş yerinin attestasiyası, həmçinin ən azı qismən olsa da, risklərin qiymətləndirilməsidir İş yerinin attestasiyası işçilərin müdafiəsi, həmçinin qanunun yerinə yetirilməsi üçün vacib addımdır. O, işəgötürənlərə imkan verir ki, onlar əsas diqqəti iş yerində real zərər törətmək potensialı olan risklərə yönəltsinlər. Təhlükəsiz və sağlam əmək şəraiti adətən bütün səviyyələrdə (milli, sektorlar və müəssisə) sosial dialoq üçün yaxşı başlanğıc nöqtəsidir. Azərbaycannın TSƏŞ üzrə yeni Şurası bu istiqamətdə vacib platforma olacaq və bu səbəbdən ona gələcək işində uğurlar arzu edirəm. Konfransın ikinci hissəsində işəgötürənlərin və əməyin mühafizəsi üzrə mütəxəssislərin çıxışları da dinlənildi. Ə.İBADOV.
Hansı hallarda hakim mülki işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər?
Ruslan HƏSƏNLİ, Sumqayıt şəhəri.
- Mülki Prosessual Məcəllənin 19-cu maddəsinə əsasən, hakimin mülki işə baxılmasına aşağıdakı hallarda yol verilmir: o O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; o O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; o O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apelyasiya və kasasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə. Aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər: o O, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; o O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin birbaşa qohumudursa və qohumu olmuşsa, ya da qohumluq əlaqəsindədirsə; o O, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa. Bir-biri ilə qohumluq əlaqəsində olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir.