Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Gələn ay Milli Məclisin sessiyasında müzakirəyə çıxarılacağı nəzərdə tutulan dəyişikliklərin böyük bir qisminin qəbul olunacağı müəyyənləşsə də, maliyyə tutumlu sahələr üzrə düzəlişlərin qəbul edilməsi gözlənilmir. Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasının sədr müavini Musa Quliyevin sözlərinə görə, Məcəlləyə təklif olunan dəyişikliklərin əsas hissəsi yerli işçilərin sosial hüquqlarının qorunması və xarici miqrantların əmək bazarındakı qeyri-qanuni fəaliyyətinin məhdudlaşdırılması ilə bağlıdır. İşçilərlə əmək müqaviləsinin bağlanması, hərbi xidmətə qulluq etməyə gedənlərin xidmət müddəti başa çatdıqdan sonra iş yerlərinə bərpası ilə bağlı müddəalar tam həll olunub. Belə ki, hazırkı Məcəllədə işçilərə əmək müqaviləsinin bağlanmasında sərbəstlik verilirdisə, bundan sonra bu qaydalar məcburi xarakter daşıyacaq, hərbi xidmətdən qayıdan işçilərin işlə təminatı heç bir məhdudiyyət olmadan yerinə yetiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Miqrasiya İdarəsinin rəhbəri Rauf Tağıyev isə hesab edir ki, ölkəmizdə qanuni əmək miqrantlarının sayı 4369 nəfər təşkil edir. Bu gün respublikamızda sahibkarlıq fəaliyyəti və qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olan xeyli sayda əcnəbi vətəndaş mövcuddur. Onlar əmək bazarında Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasına əngəllər yaradırlar. Ölkəmizə iş dalınca üz tutan əcnəbi ilk növbədə qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçmək üçün dövlət rüsumu qaldırılaraq 1000 manata çatdırılıb. Ekspertin fikrincə, hazırda ölkəmizdə 4 milyona yaxın işləyən insan olduğu halda, onların cəmi 1 milyon nəfəri əmək müqaviləsi əsasında çalışır. İşəgötürənlərin yerli işçini kənarda saxlayıb xarici vətəndaşı işə cəlb etməsi 35 min manat cərimə ilə nəticələnəcək. Öz mütəxəssislərimiz hansısa işdə çalışmaq istəmirsə, yalnız o halda xarici vətəndaşlar işə cəlb olunacaq. Musa Quliyevin bildirdiyinə görə, ötən illər ərzində Azərbaycan xeyli inkişaf edib, öz kadrlarımız peşəkar idarəetmə qabiliyyətinə malikdir. Ona görə də ən yaxşı və yüksək maaşlı işlərdə Azərbaycan vətəndaşları çalışmalıdır. Dəyişikliklərdə qəbul olunacaq bəndlər ölkədə keçirilən bütün səsvermə günlərinin iş günü hesab edilməməsi, işçilərin əsas əmək məzuniyyətinin 30 günə qədər uzadılması, vətəndaşın iki yerdə işləməsinə icazə, mövsümi işlərdə çalışan işçilərə məzuniyyətin verilməsi, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara ödənişli məzuniyyətin vaxtının artırılması, əmək məzuniyyətlərinin verilməsində növbəlilik, yaxın qohumların toy və dəfn mərasimlərində iştirak etmək üçün işçilərə 5 təqvim gününədək məzuniyyətin verilməsi ilə bağlıdır. Həmçinin hər bir işçi özünün məişət və sosial xarakterli problemlərini təxirə salmadan həll etmək üçün işdən 14 təqvim günü müddətində ödənişsiz məzuniyyət götürə biləcək. M.Quliyev bir çox təkliflərin isə qəbul olunmayacağını xatırladır. Maliyyə Nazirliyi sosial xarakterli təkliflərin maliyyə tutumlu olmasını əsas gətirərək qəbul olunmasına narazılığını bildirib. Həmkarlar İttifaqları Konfederasiyasının katibi - aparat rəhbəri Həsən Cəfərov da Məcəlləyə düzəlişlərdə bir sıra nüansların nəzərə alınmamasını söyləyib. Belə ki, işçilərin əsas əmək məzuniyyətinin 30 günə qədər artırılması, bayram, ümumxalq hüzn, referendum və qeyri-iş günlərində işləyən vətəndaşlara həmin gün üçün ikiqat əməkhaqqının verilməsi, eləcə də dənizdə işləyənlərə bayram günlərində ikiqat əməkhaqqının ödənilməsi ilə bağlı müddəalar MN tərəfindən məqbul hesab edilmir. Nazirlik, bundan başqa, analıq məzuniyyəti müddətinin 126 gündən 250 günə çatdırılmasına razılıq vermir və bunu maliyyə tutumlu məsələ hesab edir. Buna görə də MN-in təklifinə əsasən, qadınların analıq məzuniyyətində orta aylıq əməkhaqqının saxlanmasının 6 ay müddətinə uzadılması deyil, 140 gün müəyyən edilməsi qərara alınıb. ELTAC.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.