Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
İsti hava şəraiti iş rejiminin dayandırılmasına səbəb ola bilər...
Bu müddətdə orta aylıq temperatur 41 dərəcədən aşağı olmayacaq. Eləcə də həmin ayda yağış yağması da gözlənilmir. Yalnız bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntı ehtimalı var. Ancaq bu da havanın hərarətinə təsir etməyəcək, bir müddətlik hava dəyişkənliyi istiləşmə ilə əvəz olunacaq. Ən isti temperatur Mərkəzi Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında müşahidə olunacaq. Bu ərazilərdə temperatur 42, bəzən 45 dərəcəyə çatacaq. ETSN-in Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva deyir ki, artıq ölkəmizdə 40 dərəcə istinin müşahidə edilməsi nadir hadisə deyil. Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, isti hava şəraiti avqustun 25-nə qədər davam edəcək. Ola bilər ki, ayın ikinci yarısında da hərarət yüksək olaraq qalsın. İsti günlər ilə bağlı bir sıra müəssisələrdə işin dayandırılması da zəruri sayılır. Əmək Məcəlləsinə edilən son dəyişikliklərə görə, havanın temperaturu 40 dərəcəyə çatdıqda iş dayandırılmalıdır. Açıq şəraitli iş yerlərində çalışanlar dərhal müəssisədə aylıq tarif maaşları hesablanmaqla evlərinə buraxılmalıdır. Xatırladaq ki, havaların isti keçməsi ilə bağlı silahlı qüvvələrdə də bir sıra təlim-məşqlərin təxirə salınması gözlənilir. Belə ki, havaların bu cür davam etməsi hərbi hissələrdə xüsusi rejimin elan olunmasına səbəb ola bilər. Qeyd edək ki, Avropa dövlətlərində temperatur 41 dərəcədən artıq olduqda iş rejimi axşam saatlarına keçirilir. Yunanıstan, Bolqarıstan, Rumıniya, İtaliya, İspaniya, bəzi ərəb ölkələrində və iqlimi isti olan digər dövlətlərdə insanların sağlamlığını qorumaq üçün yay aylarında gündəlik iş qrafiki dəyişdirilir.
Azərbaycan ən yüksək istilərin qeydə alındığı ölkələrdən biridir
Qeyd edək ki, hava şəraitinin bu cür kəskin keçməsi dünyada fərqli şəkildə müşahidə olunur. Bəzi ölkələrdə havanın temperaturu kəskin şəkildə artdığı halda, bəzi dövlətlərdə yağış, sel, daşqınlar baş verir. Amma bununla belə, hidrometeoroloqların məlumatına görə, isti iqlim şəraiti Avropada da yüksək olacaq. Xüsusilə də Cənub-Şərqi Avropada rekord səviyyədə yüksək temperatur qeydə alınacaq. 2006-cı ilin yayında olduğu kimi istiləşmə hətta insan ölümləri ilə nəticələnəcək. Xatırladaq ki, üç il əvvəl bir çox dövlətlərdə havanın hərarətinin artması nəticəsində onlarla insan dünyasını dəyişmişdi. Macarıstan və Avstriyada 10-a yaxın insan ölmüşdü. İsti havalar Rumıniyada 12 nəfərin ölümünə səbəb olmuşdu. Avropanı bürümüş infraqırmızı dalğa öz öldürücü təsirini Makedoniyada da göstərmişdi və bu ölkənin ən böyük şəhəri olan Bitolada temperaturun 45 dərəcəyə çatması evlərin od tutmasına gətirib çıxarmışdı. Ən dözülməz vəziyyət Macarıstanda olmuşdu. Bu ölkədə yüksək temperatur nəticəsində iyul ayında 500-dək xəstə və yaşlı insan dünyasını dəyişmişdi. İsti hava Budapeşt yaxınlığındakı meşələrdə yanğına gətirib çıxarmışdı. Serbiyada da minlərlə hektar meşə alova bürünmüşdü. 44 dərəcəyə çatan isti hava şəraiti Yunanıstanda və İtaliyada 8 nəfərin həyatına son qoymuşdu. Bolqarıstanda isə isti hava şəraiti ilə bağlı fövqəladə vəziyyət elan edilmişdi. 2006-cı ilin iyul-avqust aylarında 43-45 dərəcəyə kimi yüksək hava temperaturunun qeydə alındığı Azərbaycanda da insan ölümü baş vermişdi. Həmin il 3 nəfər dünyasını dəyişmişdi. Eləcə də 30-dan çox insan günvurmadan xəstəxanalara yerləşdirilmişdi. Ümumiyyətlə, ölkəmizdə anormal temperatur 2000-ci ildən başlayaraq daha çox hiss olunmağa başlayıb. Son 10 il ərzində ölkəmizdə isti hava dalğaları daha ardıcıl müşahidə edilir. Bu illərdə Azərbaycanda hətta 46 dərəcə isti də qeydə alınıb.
Günvurma hallarının sayı artıb
Havalarını kəskin istiləşməsi əhali arasında günvurma hallarının sayının da artmasına səbəb olur. Bakı Şəhər Təcili Yardım Xəstəxanasından verilən məlumata görə, isti günlərdə günvurma ilə bağlı çağırışların sayı çoxalıb. Həkimlər əhalini ehtiyatlı olmağa çağırır. Xüsusilə də xəstələrə, yaşlı və uşaqlara kölgəli yerlərdə olmağı məsləhət görürlər. Həkimlərin başqa bir tövsiyəsi odur ki, bu cür havalarda maksimum çox su və maye qəbul etmək lazımdır. Əgər insan orqanizmi adi günlərdə sutka ərzində 2-2,5 litr maye ifraz edirsə, isti havalarda bu, 4 litrə çatır. Ona görə də daha çox su içmək məsləhətdir. İstilərdə ən yaxşı maye isə yaşıl çay hesab olunur. Onun tərkibindəki zəngin vitaminlər qan-damar sisteminə yaxşı təsir göstərir. Eyni zamanda yaşıl çay insanları ultra bənövşəyi şüalardan qoruyur. Gün ərzində 3-4 fincan qəbul etmək məsləhət görülür. Bundan başqa, həkimlər ayran, kefir, yoqurt, süd içməyi də məsləhət bilir. Kvas da xeyirli hesab olunur. Bu içki də ürək-damar və sinir sisteminin fəaliyyətinə kömək edir. Həkimlər günəş şüalarının aktiv saatlarında - səhər saat 11-dən axşam 18-ə kimi açıq günəş şüaları altında olmağı məsləhət görmür. Gün vuran insanı kölgəyə gətirmək, alın və döş nahiyəsini nəm mələfə ilə kompres etmək və sərin su vermək lazımdır. Günvurmanın əlamətləri özünü dərhal büruzə vermir. Bu, başağrısı, gicəllənmə, halsızlıq, bayılma halları ilə müşahidə olunur. Onu da qeyd edək ki, bəzən günvurma müalicə olunsa da, sonradan orqanizmdə müxtəlif fəsadlar törədir. Hətta ölümlə nəticələnir. Gün vuran xəstəni dərhal sərin yerdə saxlamaq, temperaturu yüksəkdirsə, bədəni yaş dəsmala bükmək lazımdır. Yay günlərinin dözülməz istisinə tab gətirmək üçün gündə 2 litr su içmək, başıaçıq gəzməmək, açıq rəngli, əsasən də ağ rəngli paltarlara üstünlük vermək lazımdır.
Qlobal istiləşmə hər il dünyada 300 min insanın həyatına son qoyur...
Havanın temperaturunun bu həddə çatması, təbii ki, atmosferdə baş verən dəyişikliklər və qlobal istiləşmə ilə bağlıdır. Artıq qlobal istiləşmə ən sərt şəkildə özünü göstərməkdədir. Belə ki, ətraf mühitin çirkləndirilməsi, meşələrin məhvi, əhali artımı və cəmiyyətdəki istehlak meylinin artması atmosferdə zərərli qazların miqdarını artırır. Alimlər qlobal istiləşmənin ildən-ilə sürətləndiyi barədə həyəcan təbili çalırlar. Axır 2-3 ildə müşahidə edilən istilər son 150 illik dövr ərzində ən isti illər olub. İstiləşmənin təsirindən artıq qütblərdəki buzlaqlar əriyir, dəniz sularının səviyyəsi yüksəlir və sahil seqmentlərdə torpaq itkiləri artır. Qlobal istiləşmənin təsirindən qasırğaların, sellərin, daşqınların gücü və sıxlığı artır. Qışda temperaturun dərəcəsi artır, yaz erkən gəlir, payız gecikir, torpaqlar səhralaşır. Qlobal istiləşmənin ortaya çıxmasının əsas səbəbi istixana effekti yaradan qatda karbon qazının və metanın miqdarının artmasına və nəticədə ultrabənövşəyi aqressiv şüaların insana mənfi təsirinə, mutasiyalara, dəri xərçənginə səbəb olur. Qlobal istiləşmə qida sektoruna da ciddi təsir göstərir. Belə ki, istiləşmə nəticəsində bitki örtüyü və bioloji müxtəliflik azalır, torpağın məhsuldarlığı kəskin aşağı düşür. Bütün bunlar sonda ərzaq qıtlığına, qida çatışmazlığına, kənd təsərrüfatının, ölkə iqtisadiyyatının və aqrar sektorun zəifləməsinə səbəb olur. Hazırda qlobal istiləşmə nəticəsində hər il dünyada 300 min adam ölür. Ölüm hallarının 90 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür. Alimlər hesab edirlər ki, 2030-cu ildə qurbanların illik sayı 500 mini keçəcək. Qlobal istiləşmə dünyanın müxtəlif bölgələrində daxili münaqişələr, iğtişaşlar və savaşlara səbəb olacaq. BMT-nin Ətraf Mühit Proqramının hazırladığı hesabatda bildirilir ki, Şimali Afrika, Saxara səhrasının cənubu və Cənubi Asiya xüsusi risk zonasıdır.Postsovet məkanına gəldikdə isə, Rusiyanın Uzaq Şərq bölgəsi, Orta Asiya və Cənubi Qafqazda qlobal istiləşmə ciddi problemlər yaradacaq. Almaniyanın İqlim Dəyişikliklərinin Tədqiqatı İnstitutunun professoru Hans Şelnhuber bildirib ki, havanın temperaturu qlobal miqyasda 5 dərəcə artarsa, yəni 50 dərəcəyə çatarsa, qlobal vətəndaş müharibəsi başlayacaq. ELBRUS.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.