Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
"Dövlət Sosial Müdafiə Fondunun ötənilki gəlirləri 1 milyard 600 milyon manat olub. Bu göstərici 2008-ci illə müqayisədə 205 milyon manat artıb. Sosial sığorta haqları üzrə daxilolmalar isə 8,3 faiz artaraq 1 milyard 37 milyon manata çatıb. Bunun da 56 faizi qeyri-büdcə təşkilatlarının payına düşür. Hesabat dövrü ərzində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanların, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi də gücləndirilib. Nəticədə fiziki şəxslərdən sosial sığorta haqları üzrə daxilolmalar 25 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 23 faiz artıb". Bunu fond sədri Səlim Müslümov prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirib. Qurum səlahiyyətlisi qeyd edib ki, ötən il üzrə maliyyələşmə proseslərinə bütünlüklə yekun vurulub: "Ötən ilin əvvəlinə fondun hesabında olan 91 milyon manat sərbəst qalıq, həmçinin büdcə təşkilatlarından ilin son günlərində daxil olacaq sosial sığorta haqlarının qarşılıqlı əvəzləşdirilməsi hesabına dövlət büdcəsindən əlavə ayrılan 40 milyon manat vəsait pensiyaların ödənişinə yönəldilib. Fondun xərclərinə gəlincə, ötən il bu rəqəm 1 milyard 675 milyon manat təşkil edib. Bu vəsaitin 96,6 faizi və ya 1 milyard 618 milyon manatı əhaliyə ödənişlərə yönəldilib. Bu da 2008-ci ilə nisbətən 20,8 faiz və ya 278 milyon manat çoxdur. Bütün xərclərin 94 faizini pensiya ödəmələri təşkil edib. Bundan əlavə, 2009-cu ildə əhaliyə 46,4 milyon manat və ya əvvəlki ilə nisbətən 24,6 faiz çox müavinət verilib. Xərclərin bu artımları inflyasiyanın yalnız 1,5 faiz olduğu şəraitdə baş verib və əhalinin bilavasitə real gəlirlərini artırıb. Əgər 2008-ci ildə əhalinin pul gəlirlərində fondun ödəmələri 6,7 faiz olubsa, 2009-cu ildə bu göstərici 7,2 faizədək yüksəlib. Başqa sözlə, pensiya ödənişlərinin artım sürəti əhalinin pul gəlirlərinin ümumi artımını 9,1 bənd üstələyib". Fond rəhbəri 2009-cu ilin islahatların yeni mərhələsinin başlanğıc ili olduğunu da vurğulayıb. Bu mərhələ "2009-2015-ci illərdə Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" ilə müəyyən edilib: "Xüsusilə insanların 2006-cı ildən əvvəlki dövrdə qazanmış olduqları pensiya hüquqlarının yeni sistemə vahid prinsip əsasında transformasiyası bütövlükdə sığorta-pensiya sisteminin inkişafında yeni bir mərhələnin başlanğıcını qoyub. Artıq biz pensiya təyinatının avtomatlaşdırılması, bu sahədəki daxili nəzarətin ictimai nəzarətlə əvəz olunması və insan amilinin rolunun minimuma endirilməsi proseslərinin reallaşdırılması mərhələsindəyik. Fikrimcə, 2010-cu il ərzində bu məsələ gerçəkləşdiriləcək". S.Müslümov qeyd edib ki, bu mərhələ nəticəsində sığorta-pensiya sisteminin ümumi iqtisadiyyatla əlaqəli inkişafının tam təmin olunması mexanizmi ortaya qoyulub: "Yəni hər bir şəxsin əmək fəaliyyətinə başladığı dövrdən etibarən öz fərdi hesabında gələcək pensiyası üçün nə qədər vəsait topladığı onun daimi nəzarətinə verilir. Başqa sözlə, fondda qeydiyyatda olan hər bir şəxs fondun internetdəki veb-saytında sosial sığorta nömrəsini daxil edərək, fərdi hesabında toplanmış məbləği və bu məbləğin hansı mənbələrdən formalaşdığını görə biləcək. Həmin məbləğin 144-ə bölünməsi və alınan nəticəyə ölkə üzrə baza pensiyasının əlavə edilməsi şəxsin pensiyasının məbləğini göstərəcək". S.Müslümov pensiya xərclərinin tərkibində sığorta hissəsinin xüsusi çəkisinin ilbəil artmasını da vurğulayıb. Onun sözlərinə görə, bu göstərici yeni sistemə keçildiyi 2006-cı ildəki 20,8 faizdən 2009-cu ildə 28,7 faizədək yüksəlib. 2010-cu ildə isə onun 30,3 faizədək artacağı nəzərdə tutulur: "Sığorta-pensiya sisteminin mühüm göstəricilərindən olan əmək pensiyaçılarının sayı il ərzində ilkin məlumatlara görə, 27 min nəfər artıb. Bu rəqəm ilin sonuna 1 milyon 302 min nəfər təşkil edib. Bu artımın 59 faizi yaşa görə, 35 faizi əlilliyə görə, 6 faizi isə ailə başçısını itirməyə görə pensiyaya çıxanların payına düşür". Sədr qeyd edib ki, əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı sərəncama əsasən, pensiyaçıların 60 faizinin, yəni 765 min nəfərin pensiyasının sığorta hissəsinə 20,8 faizlik artım tətbiq olunub: "Digər bir mühüm göstəricinin - əvəzetmə əmsalının, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqına nisbətinin də 2009-cu ildə sabit saxlanması təmin edilib. İlin sonuna ölkə üzrə orta aylıq pensiyanın məbləği 100,4 manat olub və əvəzetmə əmsalı 34 faiz təşkil edib". Fond rəhbəri sığorta olunanların fərdi uçotu sisteminin qurulması istiqamətində davam etdirilən tədbirlər barədə də məlumat verib. Bildirib ki, fond ilə Vergilər Nazirliyinin birgə fəaliyyəti, inzibati tədbirlər, təbliğat və maarifləndirmə işləri nəticəsində hesabat dövründə fərdi uçota alınanların sayı 154 min nəfər artaraq 1 milyon 640 min nəfərə çatıb. Hazırda fondun mərkəzi məlumat bazasında ölkə əhalisinin üçdə biri, yəni 1 milyon 302 min nəfər pensiyaçı və 1 milyon 640 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanıb: "Lakin bununla belə, özəl sektorda çalışanların tam qeydiyyatı və əməkhaqlarının leqallaşdırılması bu prosesə birbaşa təsir edən əsas vəzifələr kimi qalmaqda davam edir. 2010-cu ildə bu vəzifələrin yerinə yetirilməsi xüsusi diqqət mərkəzində saxlanacaq". S.Müslümovun sözlərinə görə, 2010-cu ildə kənd yerlərində bankomatların sayının artırılması, eləcə də plastik kartların pensiyaçılara bilavasitə bank filialları tərəfindən verilməsi barədə müvafiq banklar qarşısında məsələ qaldırılıb. DSMF sədri bildirib ki, hesabat dövründə pensiyaların bankomatlarla ödənişi sferası da genişləndirilib. Belə ki, kənddə yaşayan və plastik kartlarla pensiya alanların xüsusi çəkisi 94,4 faizə çatdırılıb. Hazırda ölkə üzrə bütün ödəniş aparılan pensiyaçıların 97,3 faizi pensiyasını plastik kartla alır. Bu məqsədlə 465 bankomat quraşdırılıb ki, bunun da 85-i kənd yerlərinin payına düşür.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.