Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Həyata keçirilən maliyyə əməliyyatlarının monitorinqi aparılacaq
Maliyyə Nazirliyi aprel ayından başlayaraq respublikada həyata keçirilən 15 min manatdan artıq maliyyə əməliyyatlarının monitorinqini aparacaq. Həmin məbləğdə sövdələşmələr həyata keçirən şəxslərdən maliyyə əməliyyatının məbləğini və sövdələşmələrin məzmununu əks etdirən müvafiq sənədlər tələb olunacaq. Bu, həm dövlət idarələrində və sahibkarlıq sektorunda çalışan insanların maliyyə əməliyyatları ilə yanaşı, həm də fiziki şəxslərin apardığı sövdələşmələr zamanı tətbiq ediləcək.
Nazirliyin Maliyyə Monitorinqi Xidmətindən verilən xəbərə görə, maliyyə monitorinqi əməliyyatların nağd pulla və yaxud köçürmə vasitəsilə aparılan zaman həyata keçiriləcək. Məsələn, adi bir vətəndaş hansısa mağazadan 15 min manatlıq mebel və yaxud avtosalondan avtomobil alanda ödədiyi pulun maliyyə sənədləşməsini tələb etməli olacaq. Çünki MN hər iki tərəfdən bununla bağlı müvafiq arayış tələb edəcək. Daha doğrusu, həmin malı satan mağaza sahibi maliyyə sənədləşməsi barədə məlumatları əks etdirən arayışları MN-ə təqdim edəcək. Ev-alqı satqısı zamanı real sövdələşmələrin dəyərini əks etdirən sənədləri satıcı ilə bərabər, alıcı da təqdim etməli olacaq. Yaxın vaxtlarda 15 min manatdan aşağı olan məbləğlərin də maliyyə monitorinqinin aparılması nəzərdə tutulur. Hətta 100 manat dəyərində sövdələşmənin də uçota alınması, vergi ödənişi siyahısına daxil edilməsi planlaşdırılır. Artıq dövriyyəsi 15 min manatdan 4-5 dəfə aşağı olan təşkilatlardan maliyyə sənədi tələb olunmağa başlanılıb. Bütün QHT-lərə ötən müddətdə aylıq və illik maliyyə hesablaşmaları barədə sənədləri təqdim etmək xəbərdar olunub. Məsələ burasındadır ki, ölkədə vergi uçotundan kənarda qalan vəsaitlərin dövriyyəyə cəlb edilməsi ilə bağlı ötən ay Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun missiyası hökumət qarşısında tövsiyə ilə çıxış edib. Fond iqtisadi və sosial sahələrdə xeyli məbləğdə vəsaitin uçotdan gizlədildiyini və bunun "gizli iqtisadiyyat"ın genişlənməsinə yol açdığını diqqətə çatdırıb. Bu məsələni nəzərə alan hökumət bir sıra sahələrdə qeyri-leqal həyata keçirilən əməliyyatları rəsmiləşdirmək istəyir. Məsələn, dəyəri 1000-2000, hətta 300-400 manat olan avtomobil, mənzil, qiymətli əşyalar, məişət avadanlıqları, geyim əşyaları, fərdi sənətkarlıq məmulatları və sair malların satışı zamanı satıcılardan maliyyə sənədi tələb olunacaq. Buna uyğun olaraq onlardan vergi tutulacaq. Bundan sonra evlərini kirayə verən şəxslər, repetitorluq edənlər, müxtəlif sahələr üzrə xidmətlərdə vasitəçilik edənlər (makler, relitor), icarəyə kafe və ya mağaza götürənlər, bazarlarda ticarətlə məşğul olanlar, sürücü saxlayan müəssisə rəhbərləri aylıq maliyyə əməliyyatlarının qeydiyyata alınmasına məcbur olacaqlar. Belə ki, evlərdə ali məktəblərə qəbul üçün şagirdləri test tapşırıqları üzrə hazırlayan repetitor-müəllimlər əldə etdikləri vəsaitlərin məbləğini rəsmi şəkildə bəyan etməli olacaqlar. Yaxud hər hansı sənət növü ilə, məsələn, atelyedə geyim hazırlayan, ayaqqabı tikən şəxs hər bir iş üzrə aldığı pulun məbləğini qeyd edəcək. Bütün bunlarla bağlı icra mexanizmlərinə əsas səlahiyyətləri Vergilər Nazirliyi həyata keçirəcək. Yəni vergi ödənişləri barədə bu qurum müvafiq tələbnamələr göndərəcək, həmin sahə ilə bağlı maliyyə uçotu isə Maliyyə Nazirliyi tərəfindən tənzimlənəcək. Qeyd olunan tələblərə əməl etməyənləri yaxşı aqibət də gözləmir. Onlar barəsində cərimə və müxtəlif sanksiyalarla yanaşı, Mülki Məcəllənin tələblərinə uyğun olaraq müxtəlif tədbirlərin görülməsi də nəzərdə tululur. Yeri gəlmişkən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) da müəssisələrdə işləyənlərin gəlirlərinin uçotdan gizlətməsini nəzərə alaraq Vergilər Nazirliyi ilə birgə addımlar atmaq niyyətindədir. Fonddan verilən məlumata görə, hazırda işləyənlərin yalnız 51 faizi sosial sığorta haqqının ödənişi zamanı real gəlirlərini düzgün göstərir. İşləyənlərin təxminən yarısı öz gəlirlərini gizlədirlər, bu isə milyonlarla manat vəsaitin uçotdan kənarda qalmasını göstərir. DSMF bununla bağlı müəssisə rəhbərlərinin daha çox məsuliyyət daşıdığını bildirir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.