Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Nabil Seyidov: "Əksər hallarda uzunmüddətli kobud rəftar və zorakılıq uşaqları intihara sürükləyir"
Azad İsazadə: "Azyaşlılar arasında isə intihar hallarının artmasında kompyuter oyunlarının və bəzi filmlərin də rolu olur"
Son aylar respublikamızda intihar halları barədə daha tez-tez məlumatlar eşidirik. Təəssüf ki, intihar edənlər arasında uşaq və yeniyetmələr çoxluq təşkil edir. Təkcə son bir ayda orta məktəblərin sonuncu sinif şagirdləri və tələbələrin özünə qəsd etməsi ilə bağlı 5 məlumat yayılıb. Maraqlıdır, respublikamızda intihar hallarının artması hansı səbəblərlə əlaqədardır və bunun qarşısını almaq üçün hansı tədbirlərin görülməsi zəruridir? Məsələyə münasibət bildirən Uşaq Hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov deyir ki, təkcə ötən il uşaqlar arasında 25 intihar faktı qeydə alınıb: "Bu ilin ötən dövründə isə təxminən 19 intihar faktı baş verib. Bu məsələ ilə bağlı tədqiqat aparmaq çox çətin olsa da, müxtəlif səbəblər müəyyənləşdirilib. Bunlardan ən başlıcası uşaqlara qarşı kobud rəftar və zorakılıq hallarıdır. Araşdırmalar göstərir ki, əksər hallarda uzunmüddətli kobud rəftar və zorakılıq uşaqları intihara sürükləyir. Televiziya və radio vasitəsilə müxtəlif zorakılıq faktları yer alan filmlərin nümayiş etdirilməsi də bu işə təsirsiz ötüşmür. Ailə daxilində olan hansısa böhran və psixoloji gərginlik də uşaqlara təsir edir və onların özünə qəsd etməsinə aparıb çıxarır. İntihar hallarının səbəblərindən biri də yuxarı sinif şagirdləri arasında olan problemlərdir. Bu, daha çox sevgi hissləri ilə bağlıdır". Psixoloq Azad İsazadənin sözlərinə görə, get-gedə intihara yuvarlananların yaş həddi azalmaqdadır: “Keçid yaş dövrü yaşayan yeniyetmələr daha çox özünəqəsdə meyilli olurlar. Qarşılıqsız sevgi çox vaxt xüsusilə qızları həyatla vidalaşmağa məcbur edir. Ailə, karyera qura bilməmək, perspektivin olmaması və digər amillər oğlanları özünəqəsdə aparır. Azyaşlılar arasında isə intihar hallarının artmasında kompyuter oyunları və bəzi filmlərin də rolu olur. Baykot, döyülmə, yetkinlik yaşında harmonal proseslərin törətdiyi dəyişikliklər, cinsi zorakılığa məruz qalma, romantik sevgi 13-16 yaş arasında olan uşaqları intihara sürükləyə bilər". Psixoloq Dəyanət Rzayevin sözlərinə görə, tənha adamlar, sağalmayan xəstəliyə mübtəla olanlar, alkoqol düşkünləri, narkomanlar daha çox intihara əl atır: “Digər səbəb isə insanların ünsiyyət imkanlarının az olmasıdır. Əvvəllər insanlar daha çox həyət evlərində yaşayırdı. Bir-biri ilə ünsiyyətdə olub problemlərini müzakirə edirdilər. İndi isə əksəriyyət hündürmərtəbəli binalarda yaşayır, hətta öz qonşularını tanımırlar. Depressiyada olan insanlar öz problemlərini bölüşməyə nəinki insan, hətta bir etimad telefonu da tapa bilmirlər. Digər tərəfdən, respublikamızda intihar faktlarının səbəblərini araşdıran mərkəzin yaradılmasına ehtiyac var". Ekspertlərin qənaətinə görə, hazırda əsas problemlərdən biri bu faktlarla bağlı statistikanın aparılmamasıdır. Dünyanın əksər ölkələrində intiharların statistikası aparılır, onların səbəbləri, yaş qrupları araşdırılır. Səbəblər tapılandan sonra isə problemin qarşısını almaq asanlaşır. Həmçinin psixi sağlamlıq institutu yaradılmalı, mütəxəssisləri ora cəlb edərək insanlara psixoloji xidmətlər göstərilməlidir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.