Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
fevralın 13-də
…Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
fevralın 14-də
…Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl-Nahyanı qəbul etmişdir. …Belçika Krallığına işgüzar səfərə yola düşmüşdür. …Brüsseldə Avropa Xalq Partiyasının (AXP) prezidenti Uilfrid Martens ilə görüşmüşdür.
fevralın 15-da
…NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşmüşdür. …Belçika Krallığına işgüzar səfərdən qayıtmışdır.
fevralın 16-də
…Qusar rayonuna səfərə gəlmişdir. …Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir. …rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir. …şahmat mərkəzinin açılışında iştirak etmişdir. …Qubada Qırmızı qəsəbənin sakinləri ilə görüşmüşdür. …Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.
fevralın 17-də
... Şahdağ qış-yay turizm kompleksinin tikintisinin gedişi ilə tanış olub.
Elşad Miri: "Azərbaycan ailəsinin bünövrəsində yaşayan İslam prinsiplərinə əməl etməklə ailələrin möhkəmliyini təmin edə bilərik"
Son illər respublikamızda qurulan ailələrin böyük bir hissəsi dağılır. Ölkəmizdə boşanma hallarının artması artıq parlament səviyyəsində müzakirə olunub. Dövlət Statistika Komitəsindən verilən rəsmi məlumata görə, təkcə ötən il dövlət orqanları tərəfindən 89,4 min nikah qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə 2010-cu ilə nisbətən nikahların sayı 8,9-dan 9,9-a qədər artıb. Bundan başqa, ölkədə 10 801 nikahın pozulması faktı qeydə alınıb ki, bu da 2010-cu illə müqayisədə 1901 fakt artıqdır. Hər bir problemin həlli isə onu doğuran səbəblər aradan qaldırıldıqdan sonra mümkündür. Artıq respublikamızda bu istiqamətdə araşdırmalar aparılmaqdadır. Təkcə dövlət qurumları deyil, vətəndaş cəmiyyəti institutları da tarixən öyündüyümüz ailə dəyərlərinin qorunması istiqamətində tədbirlər görür. Məsələyə münasibət bildirən fəlsəfə doktoru Elnarə Akimovanın sözlərinə görə, Azərbaycan ailəsi dəyərlərinin minillik tarixi var: "Həmin dəyərlər nəsil-nəsil mühafizəkarlığını və yaşarlığını qoruyaraq öz milli mövcudluğunu zamanın sərt sınaqlarından bütöv və zədəsiz çıxara bilir. Məhz o dəyərlər Azərbaycan ailəsini bir model olaraq formalaşdırmağa və dünyaya təqdim etməyə imkan verir. Hansıdır bu dəyərlər? İlk növbədə, ailə məfhumunun özünün bizdə ciddi əhəmiyyət daşıması amili, ona nəsilartımına vəsiqə verən bir müqəddəs nəsnə kimi yanaşılması. Təbii ki, ailəni qurmaq hələ işin o qədər də mürəkkəb, çətin olmayan başlanğıcıdır. Əsas məsələ onun qorunması, möhkəmliyinə çaba göstərilməsidir. Ailənin qorunmasında, onun möhkəmlənməsində rol oynayan dəyərlər qarşılıqlı inam və hörmət hissinin mövcudluğudur. Mən bu fikirdəyəm ki, sevgi ailəyə aparan ilkin vasitədir, ailənin qurulması üçün önəmli olan əhəmiyyətli məqamdır, lakin onun qorunması, davamlılığı üçün yeganə şərt deyildir. Ailə civarında münasibətlərin harmoniyasının yaradılmasında sevgi növbənöv modifikasiyalara məruz qalır, yəni şəklini dəyişir. Başqa dəyərlər önə çıxır, başqa meyarlar dominanta çevrilir. Sevgi sanki öz rolunu oynayıb səssizcə öz sakitliyinə çəkilir. Əlbəttə, əslində bu, bir görüntüdür, o dəyərlər ki, minillik Azərbaycan ailəsi ona tapınaraq yaşayır, alt qatda olan sevgidən rişələnir. Ailənin möhkəmliyi də məhz bu məqamda, onların bu missiyanı nə dərəcədə realizə edə bilməsi ilə şərtlənir, yəni sevgi, qarşılıqlı hörmət və inam, bişməyin-ailə bütövlüyünə nail olmağın yolu bu mərhələlərdən keçir". İlahiyyatçı Elşad Mirinin yanaşmasına görə isə, milli dəyərlər bəzi hallarda öz yerini dırnaqarası dəyərlərə təslim edir: "Buna görə də bəzi hallarda Azərbaycan ailəsində müəyyən dəyişikliklərin şahidi oluruq. Bunların qarşısını almaq üçün biz keçmiş tariximizə baxmalıyıq.Yəni nənə - babalarımızın qoruyub bizə ötürdüyü həmin ailə dəyərləri necə formalaşıbsa, bu gün də o dəyərləri qoruyub saxlayıb ailələrimizin yaşamını, varlığını ona uyğun davam etdirə bilərik. Keçmişdə statistika aparılmırdı, amma ümumi müşahidələr nəticəsində görürdük ki, həmin illərdə boşanma nə qədər az olurdu, amma günümüzdə boşanmaların nə qədər sadələşdiyinin və çoxaldığının şahidi ola bilərik. Bütün bunlarda da degenerasiya, əxlaqi tənəzzül olduğu ortaya çıxır. Ona görə də biz bu təməlin qorunmasında illərin sınağından çıxan və Azərbaycan ailəsinin bünövrəsində yaşayan İslam prinsiplərinə əməl etməklə ailələrin möhkəmliyini təmin edə bilərik".
Hansı hallarda hakim mülki işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər?
Ruslan HƏSƏNLİ, Sumqayıt şəhəri.
- Mülki Prosessual Məcəllənin 19-cu maddəsinə əsasən, hakimin mülki işə baxılmasına aşağıdakı hallarda yol verilmir: o O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; o O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; o O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apelyasiya və kasasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə. Aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər: o O, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; o O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin birbaşa qohumudursa və qohumu olmuşsa, ya da qohumluq əlaqəsindədirsə; o O, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa. Bir-biri ilə qohumluq əlaqəsində olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir.