Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Dağlıq Qarabağa səfər edən Azərbaycanın tanınmış ziyalılarının təəssüratları ictimai rəydə müxtəlif yöndən təhlil olunmaqdadır.Artıq səfərin sülh barışığına hesablanmış "ssenarinin" cizgiləri kimi qiymətləndirənlərin sayı çoxalmaqdadır. Xalq diplomatiyası uğurla yekunlaşsa tərəflərin tətiyi çəkməyə ehtiyacı olmayacaq. İş ondadır ki, erməni məkr dolu erməniliyindən əl çəkməlidir. Ziyalı nümayəndə heyətinin görüşündə maraq doğuran detallar diqqəti çəkməyə bilmir.Yadınızdadırsa , ötən ayın ortalarında Sankt-Peterburqda hər iki ölkənin dövlət başçılarının görüşündən öncə Bakıda və İrəvanda Minsk Qrupunun həmsədrləri işğal olunmuş 7 rayonun boşaldılması və burada bərpa işlərinin vəziyyəti barədə açıqlamalar verirdilər. Ziyalıların tərkibində Şuşa şəhərinin keçmiş baş memarı İlhami Fətəliyevin yer alması Qarabağda dağıdılmış abidə və maddi sərvətlərin bərpa prosesinə tələb olunan vəsaitin məbləğinin hesablanması baxımından bu səfərin "kəşfiyyat” xarakteri daşıdığı ehtimalını da yaradır. Qarabağdakı hər tikilinin kərpicində əl izləri olan memarın qənaəti belədir: Azərbaycanın ən zəngin maddi-mənəvi abidələri , sərvətləri darmadağın edilib, yaşayış və inzibati binalar xarabazarlığa çevrilib.
180 MİN TON TAXIL ERMƏNİLƏRİN SÜFRƏSİNDƏ...
Ermənilərin Azərbaycana vurduğu zərərin dəyəri milyard dollarla ölçülür. Bunu hesablamağı ekspertlərin ixtiyarına buraxaq.Sadəcə, Qarabağ iqtisadiyyatının vəziyyəti və ermənilərin sərvətlərimizi talan etməsi barədə detallara nəzər salmaqla Azərbaycanın illik iqtisadi itkilərinin ölkənin milli məhsulunda əhəmiyyətli yer tutmasının şahidi ola bilərik. Ermənistanın işğalçılıq siyasəti nəticəsində 611,3 min köçkün aqrar islahatlardan kənarda qalıb. Azərbaycanın istehsal etdiyi üzümün nə az, nə çox - 31,5 faizi Dağlıq Qarabağ və ətraf rayonların payına düşür ki, bu da ildə 324 min ton məhsul deməkdir. Təkcə Füzuli rayonu vaxtilə ildə 100 min ton üzüm istehsal edirdi. Cəbrayıl və Zəngilandan yığılan üzüm məhsulunun həcmi isə 60 min tona yaxın idi. İşğal edilmiş rayonlar birlikdə il ərzində 180 min tona yaxın taxıl tədarük edirdi. Bu da ölkə üzrə taxıl istehsalının 14,3 faizi deməkdir. Ağdam və Füzulinin taxıl zəmiləri xüsusilə məhsuldarlığına görə seçilib. Azərbaycanın istehsal etdiyi südün 17,1 faizi hazırda ÜDM-dən kənardadır, daha doğrusu, emal müəssisələri ermənilərin nəzarəti altındadır. Ermənistan 75 min ton süd məhsullarını öz iqtisadiyyatına daxil edib. Ağdam və Laçının böyük süd kombinatları erməni vandallarının emal müəssisələrinə çevrilib. Bu siyahıya ət kombinatlarını da salmaq olar. Ağdam, Laçın, Füzuli, Cəbrayıl rayonlarının ət emalı müəssisələri xarici investorlarla birlikdə bədnam qonşularımızın yeyinti sənayesinin böyük bir hissəsini təşkil edir. Ermənilər həmin rayonlardan 25 min tona yaxın ət məhsulları emal edir ki, bu da Azərbaycanın ət məhsullarının ümumi çəkisinin 15,7 faizi deməkdir. İribuynuzlu mal-qaranın 314 min başı erməni fermalarına cəlb olunub. Bu rəqəm isə ölkə iqtisadiyyatında mal-qaranın sayında 15,9 faiz yer tutur. Ermənilər Azərbaycanın yumurta istehsalında təxminən 3,6 faizlik məhsulu, yəni 15 milyon ədəd yumurtanı hər il iqtisadi sferalarına daxil etməkdədir. Kartofun ümumi çəkisi isə Azərbaycanın kartof istehsalı üzrə payında 6,3 faizə malikdir. Yunun göstəricisi 19,3 faiz təşkil edir. Yəni işğalçılar Azərbaycanın tədarük etdiyi yunun 1360 tonunu ələ keçiriblər. Baramanın 846 tonu hər il Ermənistanın yüngül sənaye müəssisələrinə yönəldilir. Bu o deməkdir ki, respublikamız il ərzində tədarük etdiyi baramanın 17 faizini itirir. Həddindən artıq ürəkağrıdıcı tendensiyadır. İşğal altında olan torpaqlarda yetişdirilən ən təmiz məhsullar ermənilərə məxsusdur. İqtisadi bölmədə zərərlər bununla bitmir. Hazırda işğalçılar Dağlıq Qarabağ iqtisadiyyatına xarici investisiyaları cəlb edərək Azərbaycana məxsus iri istehsal obyeklərini yenidən qururlar. Təbii ki, imzalanan müqavilələr xarici investorlarla "DQR" hökuməti adından təsdiq olunur. Azərbaycanın ərazilərində xarici kompaniyaların bu cür azad və sərbəst layihələr həyata keçirməsi isə an azı beynəlxalq iqtisadi qanunlara ziddir.
MARKUS RANDOLF ÇİRKLİ PULLARINI QARABAĞDA "YUYUR"…...
Ermənistanın açıq-aşkar Azərbaycanın qızıl yataqlarını istismar etməsi barədə üç ilə yaxındır ki, hökumətin müraciətləri cavabsız qalmaqdadır. Erməni işğalçıları sənaye əhəmiyyətli üç qızıl yatağını xarici şirkətlərə, daha doğrusu, Kanadanın "First Dinasty Mines" şirkətinə satıb. Kəlbəcər rayonundakı Zod, Ağdərədəki Qızılbulaq və Zəngilandakı Vecnəli yataqlarından çıxarılan qızıl ehtiyatlarının həcmi 40 min tonu ötüb. Yeri gəlmişkən, keçmiş sovetlər dönəmində Ermənistanın "Ermqızıl" İstehsalat Birliyi 1989-cu ilə kimi təkcə Zod yatağından 27,6 min ton qızıl hasil edib ki, bunun da 80 faizi Azərbaycanın ərazisində yerləşən hasilat rayonudur. Çox maraqlıdır ki, "First Dinasty Mines" şirkəti 2002-ci ildə öz planlarının çox uğurla həyata keçdiyini və hasilat ərazisindəki filizdə qızıl istehsalının 2,2 dəfə artmasını nəzərə alaraq yeni hüquqi firma təsis edib. Bu, beynəlxalq aləmdə bir növ maxinasiyaların və "çirkli pulların" yuyulmasını ört-basdır etmək üçün düşünülmüş variantlardan biridir. 2002-ci ildən "Sterlite Gold LTD" kimi fəaliyyətə başlayan şirkət Ermənistan hökuməti ilə dəyəri 63,3 milyon dollar olan yeni müqavilə imzalayıb. Xatırladaq ki, baş qərargahı London şəhərində yerləşən və səhmləri Toronto Fond Bircasında yatırılan bu şirkətin sahibi tanınmış iş adamı Markus Randolfdur. Bununla da Azərbaycan ərazisinin mineral ehtiyatlarının vəhşicəsinə istismar edilməsi geniş vüsət alıb. Kanada şirkəti 2002-ci ildə 1,8 ton (Zod yatağından), 2003-cü ildə 3,2 ton, 2004-cü ildə 4,5 ton, 2005-ci ildə isə təxminən 5 min tona yaxın qızıl hasil edib. Yeri gəlmişkən, bu günlərdə "Sterlite Gold LTD" şirkətinin 72 milyon dollar vergidən yayınma faktı ilə əlaqədar Ermənistanın prokurorluq və vergi orqanlarında cinayət işinin başlandığı bildirilir. Erməni hökuməti Kanada şirkətinin kütləvi şəkildə maxinasiyalara yol verdiyini əsas tutaraq onun barəsində ölçü götürülməsini tələb edir. Bəzi ehtimallara görə, ermənilər bu sahəyə başqa bir şirkəti - "Beyz Metlz" kompaniyasını dəvət etmək istəyirlər. Bundan əlavə, Kanada şirkəti tullantılardan təkrar qızıl emal etmək üçün "Kilborn" kompaniyası ilə müqavilə bağlayıb. Nəticədə Ermənistan hökuməti daha 12 milyon dollar investisiya əldə edə bilib. Ölkəmizin qızıl yataqlarının istismar olunması bir yana, bu sənaye sahəsində məhsulun emalından sonra yaranan zəhərli tullantılar və insan həyatı üçün təhlükə törədən elementlər su ilə qatışdırılaraq Araz çayına axıdılır. Erməni hiyləgərliyinin başqa bir nümunəsi Ermənistanla Dağlıq Qarabağı iqtisadi cəhətdən birləşdirən sənaye zonasının yaradılması ilə bağlıdır. Belə ki, Zod yatağından ermənilərin Drambon adlandırdıqları Ağdərədəki Qızılbulaq yatağına nəqliyyat marşrutunun çəkilməsi üçün xarici şirkətlərlə danışıqlar aparılır. Məqsəd ondan ibarətdir ki, 13,5 min tona yaxın qızıl ehtiyatları olan Qızılbulağa Ermənistandan dəmir yolu və magistral avtomobil yolu çəkilsin. Təbii ki, burada geniş infrastrukturun yaradılması və fabrikin tikilməsi də nəzərdə tutulub.
YAŞIL SOYQIRIM VƏ AMERİKA CANFƏŞANLIĞI...
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında tarixi abidələrin dağıdılması, ekoloji mühitə vurulan zərər, ətraf mühitin vəhşicəsinə istismar olunması, meşə və bitki örtüyünün məhv edilməsi, Azərbaycan iqtisadiyyatında xüsusi çəkiyə malik həmin ərazilərdə xarici şirkətlərin təbii sərvətləri talan etməsi barədə hesabat hazırlamışıq. Sənəd beynəlxalq təşkilatlara, BMT-yə, Avropa Şurasına, Avropa İttifaqına və digər qurumlara təqdim olunacaq. Ermənistanın "yaşıl soyqırım" siyasətinin bütün detalları bu hesabat sənədində öz əksini tapacaq.
İSA ƏLİYEV - EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNİN ŞÖBƏ MÜDİRİ
İşğal olunmuş Azərbaycan ərazilərində təbii sərvətlərin istismar edilməsi sahəsində xarici ölkələrə məxsus şirkətlərin iştirakı da gizli deyil. Avropa və Amerikanın tanınmış firmalarının açıq-aşkar Azərbaycanın zəbt olunmuş rayonlarında işləməsi göz qabağındadır Ölkəmizin ən zəngin qızıl yataqlarında çalışan firmalar arasında Kanada şirkətləri üstünlük təşkil edir. Ümumilikdə, Dağlıq Qarabağa investisiya qoyan ölkələr sırasında ABŞ, Kanada, Fransa, Avstraliya, İsveçrə, Yunanıstan, Livan, Rusiya şirkətlərini göstərmək olar. Təkcə 2001-ci ildən indiyədək qondarma Dağlıq Qarabağ Respublikasına 40 milyon dollara yaxın investisiya yönəldilib. Bu şirkətlər içərisində ABŞ-ın "ATA-Vank-Les Ko" şirkəti Azərbaycanın işğal altında olan ərazilərində parket materiallarının hazırlanması üçün 1,5 milyon dollar investisiya qoyub. Respublikamızın ən nadir və qiymətli ağac növlərinin vəhşicəsinə qırılması beynəlxalq qurumların nəinki diqqətindən kənarda qalır, hətta bu təşkilatlarda mötəbər mövqeyə malik dövlətlərin investorları bu prosesdə iştirak edirlər. İsveçrənin "Andranik Şpon-Ko", "Sirkap Armenia Ko" və "Heik Vaç ənd Cevelri Ko" şirkətləri "ağac sənayesinin" "inkişafı" üçün iki milyon dollardan çox pul xərcləyib. Həmin şirkətlər təkcə Azərbaycanın zəngin meşə ehtiyatlarını doğramaqla kifayətlənməyərək, ən nadir bitki örtüyünü də "soyqırıma" məruz qoyub. Dağlıq Qarabağda kiçik SES-lərin tikilməsi, üzümçülüyün inkişaf etdirilməsi və su təminatının bərpa edilməsində yuxarıda adları çəkilən ölkələrin şirkətləri xüsusi canfəşanlıq göstərir. Hazırda Azərbaycanın mineral ehtiyatlarının istismar olunması üçün ermənilərlə başqa bir şirkət arasında dəyəri 15 milyon dollar olan investisiya müqaviləsi imzalanıb. Yaxın vaxtlarda digər mineral sərvətlərimizin də talan ediləcəyi istisna olunmur.
XALQ DİPLOMATİYASI SİYASƏTDƏ XAL TOPLAYIR
Qarabağın azad edilməsi həm də iqtisadi potensialdan səmərəli istifadə olunması deməkdir. Zəngin iqtisadi resurslarla yanaşı, turizm sənayesinin , azad iqtisadi zonaların təşkili Azərbaycanın yeni layihələrə , sərmayə proqramlarına investor cəlb etməsi , ildə bir neçə milyard dollar gəlir əldə etməsi üçün stimul verir. İş ondadır ki, bu, ermənilərin sosial-iqtisadi rifahı, gələcək təminatı üçün də əhəmiyyət daşıyır. " DQR"-in separatçı rejim olması səbəbindən əcnəbi investorlar iri maliyyə tutumlu və uzunmüddətli sərmayə proqramları həyata keçirmək istəmirlər. Beynəlxalq statusu olmadığından Qarabağdakı müəssisələrin məhsulları beynəlxalq bazarlara çıxa bilmir. İran, Ermənistan və Rusiyanın bəzi vilayətlərində satılır. Təbii ki, qapalı rejimin inkişafı mümkün deyil və beynəlxalq aləmdən , region ölkələrindən təcrid olunmuş vəziyyətdə əhalinin artan tələbatını ödəmək gərəkdir. Qukasyan və Koçaryan ermənilərə sanki Robinzon Kruzo həyatı yaşadır. Bu amillər Dağlıq Qarabağda dərinləşib və çıxış yolu regiondakı proseslərə inteqrasiyadır.Regionda bütün marşrutlar isə Azərbaycandan keçir. Azərbaycanın razılığı olmadan nə regional iqtisadi layihələri həyata keçirmək mümkündür, nə də ki, proseslərin iştirakçısına çevrilmək. Və Azərbaycan ziyalılarının səfərinin mahiyyəti , diplomatik manevrləri siyasi nomenklaturaya yox, məhz erməni ziyalısına bunları başa salmaqdan ibarət idi.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.