Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardımların məbləğinin artırılması barədə hazırladığı təklifləri Maliyyə Nazirliyinə təqdim edib. 2008-ci ildə yardımların məbləğinin artırılması gözlənilir. Nazirliyin yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımovun bildirdiyinə görə, əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması üçün ehtiyac meyarının yenidən işlənməsi vacibdir. Buna görə də, Nazirliyin mütəxəssisləri "Aztəminatlı ailələrin sosial reabilitasiya proqramı"nda bu məqsədləri nəzərdə tutan təkliflərə geniş yer verib. Həmin proqramın tərkib hissəsinə aid elementlərdən biri isə sosial yardımların verilməsində bir sıra təkmilləşdirmələrin aparılmasıdır. Bu məqsədlə ƏƏSMN "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanuna əlavə və dəyişikliklərin edilməsinə dair təklifləri də hökumətə təqdim etməyə hazırlaşır. N.Qasımovun sözlərinə görə, aztəminatlı ailələrin sosial reabilitasiyasının gücləndirilməsi siyasəti həm bu kateqoriyalara yardımların məbləğinin artırılmasını, həm də onlara hökumət tərəfindən verilən vəsaitlərin yaşayış minimumuna çatdırılmasını əhatə edir. Hökumətin əsas hədəfləri bundan ibarətdir ki, yardımlarla əhatə olunan vətəndaşların yaşayışını onların ehtiyacları üçün tələb olunan səviyyəyə çatdıra bilsin. Ünvanlı sosial yardımlarla bağlı dəyişikliklərə gəlincə, şöbə müdiri hələlik təsdiqlənmədiyindən konkret detallar barədə açıqlama verməyə tələsmir. Təkliflərdə nəzərdə tutulan dəyişikliklərdə yardımların verilməsində müddət amili əsas yer tutur. Belə ki, hazırda yardım alan ailələrə müddət 6 ay nəzərdə tutulub. Nazirliyin mütəxəssisləri həmin şəxslərin il ərzində gəlirlərini hesabladıqdan sonra yardım kateqoriyasına aid olunub-olunmamasını müəyyən edirlər. N.Qasımov isə bildirir ki, bu cür metodologiya dəyişməlidir. Məsələn, Fransada vətəndaşın hər ay gəlir əldə etmək imkanları araşdırılır. Əgər yardım alan şəxsin bir aydan sonra hər hansı bir gəlir sahəsi olursa, növbəti aydan sosial yardımların verilməsi dayandırılır. Azərbaycan da bu təcrübəni tətbiq etmək niyyətindədir. Sosial yardım alan şəxslərin kateqoriyalar üzrə müavinətlərinin məbləğinin də dəyişdirilməsi təkliflər sırasındadır. Şöbə müdiri hesab edir ki, müavinətin məbləğini müəyyən edərkən kasıb vətəndaşla iş qabiliyyətini tamamilə itirmiş əlil arasında fərq qoyulmalıdır. Nəzərə almaq lazımdır ki, müəyyən müddət kasıblıq həyatı keçirən şəxs bir müddətdən sonra gəlir qazana və sonradan onun yardıma ehtiyacı olmaya bilər. Amma əmək qabiliyyətini itirmiş şəxslərin nə vaxtsa gəlir əldə etmək imkanları yoxdur. Buna görə də, sosial yardımlar təyin edilərkən bu cür hallar nəzərə alınmalıdır. N.Qasımov sosial yardım almaq üçün müraciət edən şəxslərin aylıq gəlirləri barədə sosial müdafiə orqanlarına verdiyi səhv məlumatlara görə müəyyən olunan imtina hallarına da dəyişikliklər ediləcəyini xatırladıb. Yəni hər hansı bir şəxs özü haqqında yanlış informasiya verdiyinə görə yardım almaq üçün iki il müddətinə müraciət hüququndan məhrum edilir. Nazirlik həmin imtina müddətinin iki ildən bir ilə endirilməsini təklif edir. Dəyişikliklərin başlıca istiqamətlərindən biri sosial yardımlara nəzarət sisteminin gücləndirilməsi ilə əlaqədardır. N.Qasımovun sözlərinə görə, bu sahədə korporativ lokal şəbəkə yaradılıb. Həmin şəbəkə vasitəsilə nəzarət sistemi qurulub. Sistemə daxil edilmiş 140 min ailə haqqında bütün informasiyalar cəmləşdirilib. Yardımların verilməsində neqativ halların qarşısının alınması üçün aprelin 1-dən ödənişin plastik kart vasitəsilə həyata keçirildiyini nəzərə çatdıran şöbə müdiri buna baxmayaraq ƏƏSMN-in müvafiq qurumlarının ildə bir dəfə bölgələrdə yardım alan şəxslərlə bağlı araşdırmalar apardığını söyləyir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.