Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Bildiyiniz kimi, Azərbaycan Beynəlxalq Mədən-Əməliyyat Şirkəti Gədəbəy qızıl mədənində iş aparır. Hazırda burada yüzə yaxın yerli sakin işə cəlb olunmuşdur. Bu yaxınlarda bir neçə işçi "Xidmət-İş" Hİ Federasiyasına telefonla müraciət edərək əmək müqavilələrində yaranan problemlərdən narahat olduqlarını bildirmişdilər. Müraciət edənlərin xahişini nəzərə alaraq məsələnin yerində öyrənilməsi məqsədi ilə nümayəndəmiz Gədəbəy rayonuna ezam olundu. Yerli sakinlərlə, işçilərlə görüş zamanı məlum oldu ki, həqiqətən əmək münasibətlərinin tənzimlənməsində problemlər var. İşdən azad edilmiş işçilərə verilən əmək müqavilələri də bunu aşkar şəkildə sübut edirdi. Əmək müqaviləsi iki dildə, Azərbaycan və ingilis dillərində bağlanır. İşəgötürən işçilərə neçə ildir bir ay müddətinə eyni mövzuda müqavilə imzalatdırır. İşəgötürənə xatırladıram ki, Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, "Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır". Digər tərəfdən, əmək müqavilələri Əmək Məcəlləsi ilə müəyyən olunan tələblərə uyğun tərtib edilməmişdir. Əmək Məcəlləsində qeyd olunub ki, əmək müqaviləsinin tərəflərindən biri "işəgötürən", digəri isə "işçi"dir. Ancaq təqdim olunan müqavilədə "işəgötürən" tərəfinin adı, soyadı göstərilməyib. Sadəcə, "şirkət" sözü yazılıb. Əmək Məcəlləsinin 43.2-ci maddəsinə görə, əmək müqaviləsində 9 əsas şərtin qeyd olunması mütləq sayılır. Ancaq Azərbaycan Beynəlxalq Mədən-Əməliyyat Şirkəti işçilərlə müqavilə bağlayarkən bu şərtlərin bəzilərini nəzərə almır, bəzilərini qeyd edir. Misal üçün, işçinin iş yeri, vəzifəsi (peşəsi) əmək funksiyası, əmək şəraitinin vəziyyəti və sair müqavilədə öz əksini tapmır. Müqavilənin "məzuniyyət" bölməsində məzuniyyətin şərtləri işçinin peşəsinə və stajına görə açıqlanmır. Bu bölmənin ikinci hissəsində özbaşınalıq edir və işçinin boynuna qeyri-qanuni öhdəlik qoyur: "işçinin xəstəliyə görə işə çıxmadığı günlərin həddən artıq (!?) olmadığı və işçinin bu qaydadan sui-istifadə etmədiyi təqdirdə belə günlər onun məzuniyyət vaxtından çıxılmır". Birincisi, xəstəliyin diaqnozunu həkim qoyur, işəgötürən yox. İkincisi, əgər xəstəlik uzun çəkərsə onun üçün tibbi ekspertiza komissiyası var. Və hamıya məlumdur ki, xəstəlik vərəqəsinin birinci on dörd gününün haqqını işəgötürən ödəyir. Müqavilənin əməkhaqqı bölməsi iki cəhətdən ən azı dövlətimizin qanunlarına, onun vətəndaşlarına təhqirdir. Əvvəla, müstəqil Azərbaycanın pul vahidi ola-ola hesablamaların müəyyən qismi ABŞ dolları ilə aparılır. Azərbaycan vətəndaşlarına əməkhaqqı 300 ABŞ dolları təyin edilir. Eyni işi yerinə yetirən gəlmələrə isə 800 manat verilir. Göründüyü kimi, fərq 2 dəfədən də çoxdur. Niyə? Bəlkə torpağını, varını ixtiyarına verdiyi şirkət rəhbərinin gözündə vətəndaşlarımız üçüncü, dördüncü sort insanlardır? Vətəndaşlığından asılı olmayaraq bütün işçilərə eyni iş üçün eyni miqdarda maaş verilməsi Beynəlxalq Əmək Təşkilatının konvensiyalarında da təsbit olunmuşdur. Müqavilənin pis mənada diqqətçəkən maddələrindən biri də 7.2-dir: "İşçi Azərbaycan Respublikasının tətbiq oluna bilən (?) qanunları ilə təmin olunan əməyin mühafizəsindən faydalanmaq səlahiyyətinə malikdir (!?)". 9-cu bölmədəki ilk bəndi yazıldığı kimi oxucuların nəzərinə çatdırıram: - "9.1. işçi şirkətə bir ay qabaqcadan bildiriş təqdim etməklə bu müqaviləyə və işinə könüllü olaraq xitam verə bilər". Maraqlıdır, əgər işçi işə bir aylıq qəbul edilibsə, o, işəgötürənə necə bir ay qabaqcadan xəbərdarlıq edə bilər? Yazının əvvəlində qeyd etmişdim ki, Azərbaycan Beynəlxalq Mədən-Əməliyyat Şirkəti müqavilənin ingilis mətninin altından işçilərə imza atdırır. Dövlət dilimiz Azərbaycan dilidir və bu ölkədə bütün müqavilələr dövlət dilində tərtib olunmalıdır. Müstəsna hal kimi ola bilər işçi iki dildə mətnə imza atsın. Ucqar bir rayonda, şübhəsiz, fəhlələr ingilis dili bilmirlər və təbii ki, bilməyə borclu da deyillər. Bəs niyə görə ingilis mətninə fəhlələrə qol çəkdirirlər?. Ona görə ki, nə dərəcədə təəccüblü olsa da, müqavilənin 11.4 bəndində işəgötürən yazıb: "Bu müqavilə ingilis və Azərbaycan dillərində imzalanıb. Mətnlər arasında hər hansı ziddiyyət ortaya çıxdıqda ingilis dilində olan mətnə üstünlük veriləcək". Biz tənbəllik etmədən müqavilənin ingilis və Azərbaycan mətnlərini tərcüməçi vasitəsilə yoxladıq. Mətnlərdə ilk baxışda sezilməyən çox fərqlər var. Eyni zamanda işəgötürən bilə-bilə ingilis mətninə bəzi sözləri daxil etməyib. Misal üçün, müqavilənin 9.2 bəndində yazılır: "şirkət işçiyə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tələb olunan müddətə qabaqcadan yazılı bildiriş təqdim etməklə bu müqaviləyə xitam verə bilər". İngilis mətnində "yazılı" ifadəsi yoxdur. Onu da deyim ki, işçilər öz hüquqlarını qorumağın yeganə çıxış yolunu təşkilatlanmada görürlər. Həmkarlar ittifaqı təşkilatı yaratmaq istəyirlər. Ancaq işəgötürən və onun Azərbaycan millətindən olan komandası hədə-qorxu gələrək işçiləri bu istəklərindən çəkindirməyə çalışırlar. Bilməlidirlər ki, Azərbaycan dövlətinin qoşulduğu Beynəlxalq Əmək Təşkilatının 98 və 84 nömrəli konvensiyaları işəgötürənə işçilərin həmkarlar ittifaqı təşkilatı yaradaraq istəyinə qarşı çıxmağı qəti qadağan edir.
Cəmaləddin İSMAYILOV, "Xidmət-İş" Həmkarlar İttifaqı Federasiyasının vitse-prezidenti.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.