Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Sabah bütün dünya qadınları, o cümlədən Azərbaycan xanımları öz bayramlarını qeyd edəcəklər. Bu gün Azərbaycan qadınının cəmiyyətdə öz mövqeyi və öz yeri vardır. Statistik göstəricilərə nəzər salsaq görərik ki, Azərbaycan qadınının hər min nəfərindən 745-i ali təhsillidir. Təhsil sahəsində çalışanların 71 faizi, səhiyyədə fəaliyyət göstərənlərin 61 faizi, aspirant və doktorantların 28 faizi, jurnalistlərin 41 faizi, elmi işçilərin isə 50 faizi zərif cinsin nümayəndələrindən ibarətdir. Dövlət qulluqçularının isə 39 faizini qadınlar təşkil edir. Parlamentdə millətimizi təmsil edən vəkillərin də 11,2 faizi xanımlardır. Hüquq-mühafizə orqanlarında çalışan qadınlarımız da kifayət qədərdir. Məlumat üçün bildirək ki, məhkəmələrdə hakimlərin bir çoxu məhz zərif cinsin nümayəndələridir. Vaxtilə Apelyasiya, Konstitusiya və Ali məhkəmələrin sədrləri və Ədliyyə naziri vəzifəsində də çalışan qadınlarımız olub. Bu statistik göstəricilərə görə, Azərbaycan dünyanın əksər ölkələrindən, hətta bir sıra Avropa dövlətlərindən də irəlidədir. Bu sadalananlar Azərbaycan qadınlarının böyük potensiala sahib olduğundan bir daha xəbər verir. Maraqlıdır, Azərbaycan qadınının bu potensialından cəmiyyətdə necə istifadə olunur? Mədəniyyət İşçiləri Müstəqil HİRK-in sədri Cəmilə Səttarova müasir qadınların cəmiyyətdəki rolunu müəyyən etmək üçün ilk olaraq əsaslı təhlillərin aparılmasına ehtiyac olduğunu bildirdi: "Həmkarlar İttifaqları Konfederasiyasına daxil olan sahələr üzrə daim təhlillər aparılır. Qurumun qadın siyasəti ilə məşğul olan komisiyası var. Komissiya təkliflərin nəticələrinə uyğun yerlərdə lazımi tədbirlər görür”. Qadınlarımızın öz hüquqlarını bilməsi üçün böyük səy göstərdiklərini deyən RK sədri onu da etiraf etdi ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda da qadınların özünəməxsus problemləri vardır. Amma Azərbaycan qadınının probleminin bütün cəmiyyətin problemi olduğunu unutmaq lazım deyil. C.Səttarova 21-ci əsrdə yaşamağımıza baxmayaraq, hələ də gender bərabərsizilyi aktual problem olaraq qalır: "Bu hal paytaxtla müqayisədə bölgələrdə özünü daha qabarıq büruzə verir. Əlbəttə, Azərbaycan qadınının yaşadığı cəmiyyəti ideal adlandırmaq səhv olardı. Çünki müasir dövrün bir sıra fəsadları onların da həyatı üçün qaçılmaz olub. Qadına qarşı təzyiqlər qalmaqdadır. Müasir cəmiyyətin bütün kretiləri - insan alveri, zorakılıq, narkomaniya, alkoqalizm kimi mənfi hallar zərif cinsin nümayəndələri üçün fəsadsız ötüşmür. Lakin Azərbaycan xalqının qadına olan hörməti onları bu kimi fəsadların təsirindən müəyyən qədər qoruyur". "Qadınlarımız siyasət aləminə də biganəlik göstərmirlər. Onlar Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün əllərindən gələni əsirgəmir, bu məsələni istər beynəlxalq aləmdə, istərsə də Azərbaycanda daim diqqət mərkəzində saxlayırlar. Onlar bu sahədə müzakirələr aparır, təkliflərini səsləndirirlər. Qaçqın və məcburi köçkünlərin torpaqlarına qayıtması üçün səy göstərirlər", -deyə Cəmilə Səttarova bildirdi. "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova isə bu gün Azərbaycan qadınının cəmiyyətdəki rolunun təzadlı olduğunu vurğuladı: "Azərbaycan cəmiyyətində aktiv və əzilən qadınlar kateqoriyası hələ də qalmaqdadır. Balansa nəzər salsaq, əzilən qadınlar aktiv nümayəndələri üstələyir. Bu da təsir altına düşən aktiv qadınların əzilməsi təhlükəsini yaradır. Bununla yanaşı, Azərbaycan qadınının öz potensialını göstərmək üçün qarşısında olan maneələr çoxdur. Bu gün zərif cinsin nümayəndələrinin hüquqlarını pozanlar yalnız əks cinsin nümayəndələri deyil. Onlar öz həmcinsləri tərəfindən də zorakılığa məruz qalırlar". Təşkilat sədri Azərbaycan qadınının öz hüquqlarını bilməməsi və məlumatsız olması kimi fikirlərin absurd olduğunu söylədi: "Bu, heç də belə deyil. Çünki Azərbaycan qadını digər ölkələrdə yaşayan həmcinslərindən fərqli olaraq, çox gücludür. Bu tarixən də belə olub. Tarixə nəzər salsaq, kifayət qədər öz sözünü demiş qadınlarımızın olduğunu bir daha görərik. Ola bilməz ki, bu gün həmin irsin davamçıları arasında kifayət qədər yüksək səviyyəli qadınlarımız olmasın. Lakin Azərbaycan qadını öz potensialının üzə çıxması üçün bütün maneələri dəf etməyə çalışmalıdır. Çünki Azərbaycan qadını hətta bəzi inkişaf etmiş dövlətlərin qadınlarından da ağıllı və güclüdür. Sadəcə, onlara zəif yox, zərif cinsin nümayəndələri kimi münasibət göstərmək lazımdır". Hər iki müsahibim sözünün sonunda onların təbriklərini və xoş arzularını qadın oxucularımıza çatdırmağı xahiş etdi. Biz də bu təbriklərə qoşuluruq.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.