Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Adil Qeybulla: "Respublikamıza keyfiyyətsiz dərmanlar əsasən yaxın və uzaq şərq ölkələrindən gətirilir"
Pərviz Əzizbəyov: "Səhiyyə Nazirliyinin icazəsi olmadan gətirilən dərmanlar müsadirə olunaraq məhv edilir"
Son vaxtlar respublikamızda dərmandan zəhərlənmə halları artıb. Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarında respublikanın müxtəlif ərazilərində dərmandan zəhərlənmə nəticəsində vətəndaşların dünyasını dəyişməsi haqqında faktlara tez-tez rast gəlirik. Əksər xəstələrin dərmanları məhz həkim məsləhəti ilə qəbul etdiyni nəzərə alsaq, belə hadisələrdə həkimlərin də üzərinə məsuliyyət düşür. Məsələyə münasibət bildirən həkim Adil Qeybullanın qənaətinə görə, dərmandan zəhərlənmə halları reallıqda rəsmi rəqəmlərdən xeyli fərqlidir: "Azərbaycana daxil olan dərmanların böyük əksəriyyətinin keyfiyyət parametrləri xeyli aşağıdır. Səhiyyə Nazirliyində dərman maddələrinin keyfiyyətinə nəzarət etməli olan qurum fəaliyyət göstərir. Həmin qurum yaradıldıqdan sonra bu problemin qarşısı qismən alınsa da, problemi tamamilə həll etmək mümkün olmayıb. Respublikamıza keyfiyyətsiz dərmanlar əsasən yaxın və uzaq şərq ölkələrindən gətirilir. Ucuz işçi qüvvəsi hesabına işləyən şirkətlərin istehsalı olan həmin dərmanlar insan orqanizmi üçün son dərəcə ziyanlıdır". A.Qeybullanın sözlərinə görə, bəzən elə hallara da rast gəlinir ki, dərman maddələrinin tərkibində olan təsiredici maddələrin miqdarı adekvat dərəcədə olmur. Bunu kompensasiya etmək üçün dərman maddələrinin tərkibinə vurulan kənar qatqıların miqdarı artırılır. Bu amillər də zəhərlənmə hallarının artmasında müəyyən rol oynayır. Xəstələrin, dərmanları adətən həkim məsləhəti ilə qəbul etdiklərini nəzərə alsaq, baş verən zəhərlənmə hallarında onların da müəyyən məsuliyyət daşıması fikirləri ilə A.Qeybulla razılaşır: "Bu gün Azərbaycanda firma dərmanı deyilən bir anlayış geniş yayılıb. Əksər həkimlər həmin firmalar tərəfindən təqdim olunan dərmanları yazmaq məcburiyyətindədir. Çünki əksər hallarda ölkə ərazisinə gətirilən dərmanlar həmin firmaların istehsalı olur və həkimin seçim aparması üçün əlavə imkan yoxdur. Bu mənada həmin firmaların dərmanları təyin olunur. Həkimlər də dərmanları yazarkən onların göstəricilərinə və təsir imkanlarına əsaslanır. Bu dərmanlar adətən onların içliyində olan təlimatlara əsaslanaraq təyin edilir. Bu zaman əsas məsuliyyəti həmin dərmanları istehsal və təqdim edən firmalar daşıyır. Burada həkimlərin yalnız mənəvi məsuliyyətindən söhbət gedə bilər. Onlar dərmanların təyin olunmasında maksimum diqqətli olmalıdır". Həkim problemin qarşısının alınması üçün dərman maddələrinin dövlət reyestrinin yaradılmasını vacib saydı: "Bu işlə məşğul olan qurum həmin dərman maddələrinin keyfiyyətinə ciddi nəzarət etməlidir. Ölkə ərazisinə ancaq dövlət tərəfindən zəmanət verilən firmaların dərmanları gətirilməlidir. Respublikamıza dərman gətirən həmin firmalar Azərbaycan dövləti qarşısında istehsal olunan dərmanların keyfiyyətinə görə məsuliyyət daşımalıdır. Yalnız bu yolla həmin halların qarşısını tamamilə almaq mümkündür". Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə saxta dərman probleminin bütün dünyada ən ağrılı məsələ olduğunu vurğuladı: "2007-ci ilin fevralında Azərbaycanda dünyanın 26 ölkəsindən nümayəndələrin qatıldığı beynəlxalq konfrans keçirildi. Həmin konfransa qatılan gömrük xidməti generalları etiraf etdilər ki, saxta dərman istehsalçılarına uduzublar. Saxta dərmanların ayrı-ayrı ölkələrin ərazisinə keçirilməsinin qarşısının alınması mümkünsüz olub. Bu gün də dünyada saxta dərman 20 faizdən 60 faizədək dövr edir. Ötən il mən Amerikanın məşhur dərman istehsalçısı olan "Fayzer" firmasının ofisində oldum. Onlar da saxta dərman dövriyyəsinin olduğunu etiraf etdilər. Bunun da müxtəlif səbəbləri var. Əksər hallarda ölkəyə gətirilən bütün dərmanları ekspertiza etmək olmur. Bunun qarşısını almaq üçün bu istiqamətdə tədbirləri gücləndirmək lazımdır”.
"Keyfiyyət göstəriciləri aşağı olan dərmanların ölkə ərazisinə daxil olmasına icazə verilmir"
Məsələyə münasibət bildirən Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyəti şöbəsinin müdiri Pərviz Əzizbəyov isə dərmanların dövlət reyestrinin aparıldığını bildirdi: "Dərman vasitələri haqqında" qanunda nəzərdə tutulub ki, Azərbaycana gətirilən bütün dərmanlar dövlət reyestrindən keçməlidir. Hazırda qanunun bu tələbinə də riyaət edilir. 2008-ci ilin 1 martından indiyədək respublikaya gətirilən bütün dərmanlar dövlət reyestrində olan dərmanlardır. Respublikaya gətirilən dərmanların idxal seriyası Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin laboratoriyasında yoxlanılır. Həmin dərmanda yoxlanma nəticəsində heç bir nöqsan aşkar olunmursa, ona Səhiyyə Nazirliyi tərəfindən uyğunluq sertifikatı verilir. Bundan sonra həmin dərman qoruyucu nişan olan holoqramla təmin olunur və respublikada satışına icazə verilir. Əgər idxal olunan zaman həmin dərmanın dövlət qeydiyyatı yoxdursa və yaxud yoxlama zamanı hər hansı qusur aşkarlanıbsa, onun idxalına icazə verilmir". P.Əzizbəyov ölkə ərazisində satılan bütün dərman vasitələrinə nəzarət olunduğunu vurğuladı: "Bu istiqamətdə Dövlət Gömrük Komitəsi ilə birgə işlər aparılır. Sərhəddən daxil olunan bütün dərman preparatlarına gömrük xidmətinin əməkdaşları ilə birgə Səhiyyə Nazirliyi də nəzarət edir. Onların keyfiyyət göstəriciləri aşağı olsa, ölkə ərazisinə daxil olmasına icazə verilmir. Amma ola bilər ki, kənar yollarla ölkə ərazisinə dərman gətirilə bilər. Dərmanların Keyfiyyətinə Nəzarət Şöbəsi tərəfindən respublikanın bütün bölgələrində topdansatış və pərakəndə əczaçılıq müəssisələrinə nəzarət edilir. Əgər Səhiyyə Nazirliyinin icazəsi olmadan gətirilən dərmanlar olursa, müsadirə olunaraq məhv edilir". Şöbə müdiri mütəmadi olaraq belə dərmanların aşkarlandığını bildirdi. Həmin dərmanların satışına Səhiyyə Nazirliyinin əmri ilə qadağa qoyulub. Qadağan olunan bütün dərmanların rəsmi siyahısı nazirliyin internet saytında yerləşdirilib. Dərmanların dövlət reyestrində isə zaman keçdikcə dəyişikliklər olur. Yeni qeydiyyata düşən dərmanlarla yanaşı, bəzi dərmanların müddəti bitir. Buna görə də həmin dərmanların siyahısı dəyişə bilər. Əczaçılıq obyektləri həmin saytdan bu barədə məlumatı ala bilərlər". P.Əzizbəyov qadağan olunan dərmanların satışı ilə məşğul olan əczaçılıq obyektlərinə qarşı cərimələr tətbiq olunduğunu bildirdi: "İnzibati Xətalar Məcəlləsinin 68.4 -cü maddəsinə görə, belə dərmanların satışına görə cərimələr tətbiq olunur. Bundan başqa, Cinayət Məcəlləsinin 200-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulub. Bu dərmanların satışı, saxlanması və satışını həyata keçirənlərə qarşı cəza tədbirləri görülür. Bu il nöqsanlar aşkarlanın 42 aptekin fəaliyyəti dayandırılıb". Dərmanların tərkibində müxtəlif qatqıların olmasına gəldikdə isə, şöbə müdiri bu iradlarla razılaşmadı: "Əgər hər hansı dərmanın tərkibində qatqıların olub-olmadığını müəyyənləşdirmək üçün gərək dərmanın analizi aparılsın. Çünki dərman maddəsində qatqıları öyrənmək üçün laborator müayinələr aparılmalıdır. Amma hazırda keçmiş postsovet məkanında ən müasir avadanlıqlarla təchiz olunan laboratoriya Azərbaycan Səhiyyə Nazirliyinin balansındadır. Əgər həmin qatqılar bu laboratoriyada aşkar edilmirsə, başqa halda aşkarlana bilməz". Dərmanların içlik vərəqəsinin tərcüməsinə gəldikdə isə P.Əzizbəyov bu istiqamətdə iş aparıldığını bildirdi: "Dərmanların içlik vərəqəsinin tərcüməsi sadəcə hərfi tərcümə deyil. Əgər olsa idi, bu iş çoxdan başa çatdırılardı. Tərcümə zamanı dərman pereparatlarının içlik vərəqəsində olan məlumatlar dəqiqliklə yoxlanılır. Bu işi həyata keçirmək üçün Səhiyyə Nazirliyinin nəzdində Formakoloji Ekspert Şurası var. Həmin şura tibb elmi ilə məşğul olan alimlərdən ibarət bir qurumdur. Dövlət qeydiyyatından keçirilən hər bir dərmanın istehsalçısı tərəfindən verilən içlik vərəqəsi həmin ekspert şurası tərəfindən yoxlanılır. İnformasiyalar dəqiq olduğu üzə çıxdıqdan sonra tərcümə edilərək istehsalçı tərəfindən içlk vərəqəsinə yerləşdirilir. Bu mənada dərmanların içlik vərəqəsinin tərcüməsi bir qədər vaxt aparır və məsuliyyətli işdir. Yəni hər bir dərmanın içlik vərəqəsi elmi cəhətdən yoxlanılmalıdır. Amma hazırda ölkə ərazisinə gətirilən qeydiyyatdan keçən 4000-ə yaxın dərman preparatlarının böyük bir hissəsinin içlik vərəqəsi tərcümə olunub. Qalanlar isə hazırda öyrənilir və yaxın vaxtlarda tərcümə edilərək içlik vərəqəsinə daxil ediləcək". Beləliklə, rəsmi qurumlar ölkə ərazisində satılan dərmanların böyük bir hissəsinin yoxlanıldığını və insan həyatı üçün təhlükəsiz olduğunu bildirir. Amma reallıqda dərmandan zəhərlənmə halları da qalmaqdadır. Odur ki, sağlamlığımızı özümüz qorumalıyıq.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.