Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Bu gün cəmiyyətimizdə Qərb ölkələri barədə formalaşmış ictimai rəydə çox qəribə daxili təzad var. Kimi dindirirsən Avropadan, Amerikadan ağızdolusu danışır, Qərb dünyasının sosial həyat tərzindən nümunələr gətirir, oradakı həyat səviyyəsinə heyranlığını qibtə hissi ilə bildirir. Etiraz yoxdur, bu, həqiqətdir. Məhz bu heyranlığın daxilindəki təzad isə ondan ibarətdir ki, biz özümüz üçün fetişləşdirdiyimiz Qərbdən nəyi isə əxz edəndə cəmiyyətin sosial gözəlliyinin fərqinə varmır, Qərbin özündə belə populyar olmayan xüsusiyyətlərə meyil edirik. Kommersiyalaşmış dəb və bayram tədbirləri, adiliyin qeyri-adi təqdimat mərasimləri, həzz və gözəlliyin reallıq yox, ona sərf olunan məbləğlə ölçülməsi kimi məsələlər bizim şüurlarda tez məskən salır. Halbuki bu kimi məsələlərin sətiraltı mənası Qərb insanlarının əksəriyyətində heç də rəğbətlə qarşılanmır. Bəs Qərb dünyasının sosial həyatının özəlliyi nədədir?
Mən ümumi həyat tərzinin yüksək səviyyəsi barədə danışıb, nümunələr gətirməyəcəyəm. Əlbəttə, həyat səviyyəsinin Qərb standartları həmişə arzuolunandır. Amma bunun üçün ölkə iqtisadiyyatının yüksək dərəcədə inkişafı və dövlət tərəfindən sosial müdafiənin təşkili əsas rol oynayır. Təbii ki, bunun üçün də müəyyən dövr tələb olunur. Ancaq sosial həyatın inkişafında ictimai şüurun, başqa sözlə, insanların özlərinin bu işdə iştirakı Qərb ölkələrində böyük əhəmiyyət daşıyır. Məsələn, indi bizlərdən çoxumuza məlumdur ki, Avropa Birliyi ölkələrində 112 nömrəsi ilə telefon-sorğu xətti fəaliyyət göstərir. Hər hansı bir şəxs-istər birlikdən kənar, istərsə də birliyə daxil olan ölkələrin vətəndaşları hər hansı yaşayış məntəqəsinə daxil olan zaman qalmağa yeri, yemək almağa vəsaiti yoxdursa, onda qarşısına çıxan ilk avtomat telefondan 112 nömrəsini müftə yığmaqla vəziyyətini izah edər və 6 aya qədər müddətdə pulsuz isti yemək və yataqla təmin olunar. Bu işin təşkilinə hökumətin qarışacağı yoxdur. Sadəcə, protestant və katolik kilsələri birlikdə "Təcili sığınacaq" adlı assosiasiya təsis edərək onun vasitəsilə bu işi həyata keçirirlər. Təbii ki, qeyri-hökumət təşkilatı kimi bu assosiasiya bir sıra layihələrini həyata keçirmək üçün hökumətdən yardım da alır. Avropanın aparıcı ölkələrindən olan Fransada minimum əməkhaqqı 1380 avrodur. Ancaq bu o demək deyildir ki, işləyən əhali ucdantutma ən azı həmin məbləğin yiyəsidir. Əməkçilər, dünyanın hər yerində olduğu kimi, iş tapmaqda çətinlik çəkirlər və yaxud çox vaxt yarımgünlük, 3, yaxud 4 günlük iş həftəsi ilə kifayətlənməli olurlar. Təbii ki, məvacibləri də iş vaxtına uyğun olaraq 600-1000 avrodan o tərəfə keçmir. Bu isə normal yaşayış üçün bəs etmir. Onda sosial yönümlü müxtəlif assosiasiyalar camaatın imdadına çatır. Belə təşkilatlardan ən məşhurları "Qəlb restoranları" ("Restaurans du Coeur") şəbəkəsi, "Xalq yardımı" ("Secour populaire"), "Katolik yardımı" ("Secour catholique") və Qırmızı xaç ("Croix rouge") təşkilatlarıdır. "Qəlb restoranları" şəbəkəsini uşaq evində böyümüş, lakin sonradan Fransanın məşhur gülüş ustası olmuş Jerar Kolüş həyatının sonlarında ömrü boyu yığdığı var-dövlətinin hesabına yaratmışdır. Bu şəbəkə bütün əyalət mərkəzlərində fəaliyyət göstərir. Onun işinin təşkilində işsiz və təqaüdçü könüllülər fəal çalışırlar. Yalnız yay mövsümündə fəaliyyətini məhdudlaşdırır. Hər gün burada kofe, çay və şirniyyatla səhər yeməyi, həftədə 3 dəfə nahar, şəhər sakinlərinə həftədə 2 dəfə, kənddə yaşayanlara isə həftədə 1 dəfə ərzaq payı verilir. Yardımın rasionuna mal əti, toyuq, balıq, düyü, makaron, vermişel, un, yarma, pendir, süd, qatıq, kərə və bitki yağı, müxtəlif növ şirniyyatlar, şampun, sabun, üzü təraş etmək üçün ləvazimat, uşaq yeməkləri və pampers, müxtəlif növ konservlər və sairə zəruri ehtiyac məmulatları daxildir. Könüllülərin əhalidən topladıqları geyilmiş paltarları da seçib götürmək mümkündür. Katolik yardımı təşkilatı da təxminən eyni üslubda fəaliyyət göstərir. "Xalq yardımı" və "Qırmızı xaç" təşkilatları isə nisbətən fərqli mahiyyət daşıyır. Burada əhalidən alınan mallarla yanaşı, nisbətən təzə məhsullar və ya istifadə vaxtının tükənməsinə az müddət qalmış ərzaqlar öz qiymətindən dəfələrlə ucuz satılır. Əldə olunan gəlir isə idarə heyətinin qərarı ilə son dərəcə imkansız ailənin ehtiyacına, məsələn, ailədəki tələbənin təhsil xərcini ödəməyə sərf olunur. Bir məsələni də diqqətə çatdırım ki, assosiasiyaların imkanından ilk olaraq bir neçə dəfə zəmanətsiz faydalanmaq mümkün olsa da, daimi istifadə üçün mütləq sosialyönümlü idarələrdən sənəd (işsizlik, maaşın azlığı, ailə tərkibi haqda və s.) təqdim edilməlidir. İnkişaf etmiş ölkələrdə belə assosiasiyalar şəbəkəsi o dərəcədə işlək təşkil olunub ki, biz buna yalnız həsəd apara bilərik. Halbuki bizim cəmiyyətdə də belə yardım formasının təşkili imkanı genişdir və həm də bu, çox vacibdir. Gördüyünüz bu şəkli təxminən bir il əvvəl Bakıda fəaliyyət göstərən əlüstü nahar hazırlayan sex-mağazalardan birinin arxa qapısının ağzında çəkmişəm. Diqqət edin: plastik zibil qutusu düz qapının ağzındadır. Sexin işçiləri hər gün ətdən ayrılmış sümükləri bu qutuya atırlar. Bunun təxmini vaxtını bilən bir neçə imkansız şəxs qapının həndəvərində gözləyir. Sümük qutuya atılan kimi dərhal başlayır onu eşələyib lazım olanı götürməyə. Zibil qutusunu insanlarla yanaşı it və pişiklər də eşələyir. Lakin zibili atan şəxs bunun fərqinə varmır və əslində bu hərəkətilə özünü sığortalayır. Yəni sonradan hər hansı hadisə baş versə, məsələn, yeməkdən zəhərlənmə hadisəsi və sairə, o buna cavabdeh olmayacaqdır. Şəhərdə heç də nadir olmayan bu mənzərənin digər mənfi cəhəti isə insanın şəxsiyyətinin mənən alçaldılmasıdır. Adətən kənardan bunu müşahidə edənlərin ilk reaksiyası sex işçisini qınamaq olur: "Bəyəm, o sümükləri bir torbaya yığıb vermək olmaz?" Ancaq, prinsipcə, işçi düz hərəkət edir, "ağrımayan başına niyə dəsmal bağlasın", işin tələblərini yerinə yetirir. Bu cür mənzərələrdən xeyli misal çəkmək, işçini o ki var qınamaq olar. Amma bu, məsələnin həllinə kömək etməz. Bəs, nə etməli? Cavab çox sadədir:qərbin təcrübəsindən faydalanmalı. İctimai təşkilatların, imkanlı şəxslərin, ictimai fəaliyyətə bağlı fəal insanların bu işə başlamalarına ehtiyac var. Yalnız birləşib müvafiq məqsədə xidmət edən qeyri-hökumət təşkilatları yaratmaq lazımdır, onda resurslar üzə cıxacaq. Son vaxtlar istehlakçıların hüquqlarını qoruyan ictimai təşkilatlar və patent və standartlaşdırma üzrə dövlət müfəttişliyi fəaliyyətini xeyli dərəcədə gücləndirib. Tez-tez mağazalardan vaxtı keçmiş ərzaq məhsulları aşkar olunaraq dövriyyədən çıxarılıb məhv olunur. Bu məsələ təklif olunan iş üçün zəngin resursdur. İş düzgün təşkil olunsa, həmin mallar vaxtının bitməsinə az qalmış satışdan götürülərək müvafiq assosiasiyada 10:1-ə nisbətində kasıblar tərəfindən sürətlə realizə olunar. Təbii ki, mal sahibinin də bunda marağı olacaq. Çünki, birincisi, malın məhv edilməsi xərcindən qurtulacaq, ikincisi, malın, yaxud mağazasının adı mənfi imic qazanmaqdan yan keçəcək, üçüncüsü, köhnə malı yenisi ilə əvəz etmək şansı qazanaraq müştəriləri daha sürətlə cəlb etməyə nail olacaq və s. Belə bir təşəbbüsün həyata keçirilməsi ümumilikdə cəmiyyətdə ictimai şüurun yüksəlməsinə, sosial fəallığın artmasına, əhalinin sosial müdafiəsinin təşkilində ictimai nəzarətin güclənməsinə təkan verə bilər. Eyni zamanda dövlət və ictimai təşkilatların birgə fəaliyyətində də inteqrasiya artacaqdır. Çünki formalaşmış assosiasiya şəbəkəsi hökumətdən yardım almaq hüququna malik olacaqdır ki, bu da başlanmış işin davam etdirilməsində təminatçı rolunu oynayacaqdır. Novruz İbrahimoğlu.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.