Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Turizmin tələbələri ölkədə kadr hazırlığından narazıdırlar
Azərbaycan turizmin inkişaf etdirilməsi üçün çox əlverişli coğrafi mövqedə yerləşsə də, bu sahədə hələ problemlər qalmaqdadır. Turizm iqtisadiyyatın çox çətin, eyni zamanda gəlir gətirən sahəsi olduğundan onu inkişaf etdirmək məqsədi ilə düzgün siyasətin qurulması vacibdir. Bunun üçün beynəlxalq standartlara cavab verən müasir mehmanxana, motel, əyləncə kompleksləri, restoran və s. obyektlər tikilməli, tarixi-memarlıq abidələrimiz bərpa olunmalı, abadlıq işləri aparılmalı, gələn turistlər yüksək səviyyədə qarşılanmalıdırlar. Bununla yanaşı, xidmətlər paketinə hüquqi və təhlükəsizlik məsələləri də daxil edilməlidir. Mövcud problemlər nəzərə alınaraq Mədəniyyət və Turizm Nazirliyi 2007-2016-cı illər üçün turizmin inkişafına dair Dövlət Proqramı layihəsini hazırlayıb. Nazirlikdən kütləvi informasiya vasitələrinə verilən məlumata əsasən, ilk mərhələdə proqram artıq bütün müvafiq nazirliklərlə razılaşdırılıb. Proqramın əsas istiqaməti turizm sahəsində çarpayıların sayının artırılmasıdır. Bu gün Azərbaycanda 24 min 700 çarpayı var. 2016-cı ilə qədər onların sayını 150 minə qədər artırılması planlaşdırılıb. Azərbaycan Turizm İnstitutunun turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalov bildirdi ki, "2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində turizmin inkşafı baxımından xeyli iş görülmüşdür. Məsələn, bu gün demək olar ki, Azərbaycanın hər bir səfalı guşəsində turistləri qəbul edə biləcək mehmanxanalar mövcuddur. Bakı şəhərini respublikamızın regionları ilə birləşdirən avtomobil yollarının yüksək standartlara uyğun yenidən qurulması da müsbət qiymətləndirilməlidir. Dosentin fikrincə, hazırda mövcud olan turizm növlərindən yalnız kosmik turizmi çıxmaq şərtilə, digərlərini Azərbaycanda inkişaf etdirmək və gəlir əldə etmək mümkündür. Hesab edirəm ki, bu növlərin içərisində ən böyük potensiala malik olanı kənd turizmidir. Ölkədə 4 min 253 kənd yaşayış məntəqəsi var ki, bunun da böyük əksəriyyəti yaşıllıqlar qoynunda və ya dağlıq ərazilərdə yerləşir. Kənd turizminin reklamı və onların təbiəti, yaşayış evləri hətta, yerli camaatın adət-ənənələri haqqında məlumatların istehlakçıya çatdırılması üçün "Kənd turizmi"adlı internet portalının yaradılması məqsədəuyğun olardı. Turistlərin asudə vaxtlarının səmərəli təşkili üçün yerli əhali tərəfindən əlavə xidmətlərin təşkili imkanları da artırılmalıdır. Otel və mehmanxanalarda mövcud prolemlərə gəlincə, o, bunların kifayət qədər olduğunu inkar etmədi: "Regionlarda fəaliyyət göstərən mehmanxanalar və istirahət mərkəzləri işlərini düzgün qurmağı bacarmırlar. Faktiki olaraq ilin müəyyən bir mövsümündə fəaliyyət göstərirlər. Buna görə də daimi işçi saxlaya bilmirlər. Hər mövsümdə yeni yəni səriştəsiz işçiləri cəlb etmək məcburiyyətində qalırlar ki, bu da xidmətlərin keyfiyyətinə mənfi təsir göstərir. İkinci bir tərəfdən, texniki peşə təhsili səviyyəsində lazımi sayda kadr hazırlanmır. Düzdür, son vaxtlar Qəbələdə "Turizm və otelçilik" Peşə Mərkəzi yaradılıb, İsmayıllıda pilot peşə məktəbinin yaradılması üçün işlər həyata keçirilir, lakin bunlar kifayət etmir. Əsas problem peşə öyrədəcək müəllimlərin çatışmamasıdır. İlk növbədə belə müəllimlər hazırlanmalıdır". Məlumat üçün bildirək ki, kadr hazırlığı məqsədi ilə ölkənin lisey və kolleclərində, eləcə də ali təhsil ocaqlarında- Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetində, daha sonra isə 2006-cı ildə əsas baza kimi təşkil olunan Azərbaycan Turizm İnstitutunda müvafiq turizm ixtisasları açıldı. Mövcud fakültələrdə oxuyan tələbələr isə problemlərinin heç də az olmadığından gileylənirlər. Apardığımız araşdırmadan məlum oldu ki, turizm ixtisasının nöqsanlarından biri də vəsait problemidi. Dərsliklərin azlığı, ölkə turizmini əks etdirən elektron saytların, gündəlik qəzet və jurnallarda bu sahəyə aid materialların kifayət qədər olmaması ixtisasın mənimsənilməsində çətinlik yaradır. Bundan başqa, ölkədə məhdud sayda olan ixtisaslı mütəxəssislər pedaqoji fəaliyyətə çox passiv şəkildə cəlb edilir. Digər bir problem isə turizm ixtisasında praktikanın ölkə üzrə aşağı səviyyədə olması, beynəlxalq təcrübədən hələ ki, minimum faydalanmadır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.