Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
İşsiz statusu alan şəxslərin dövlət tərəfindən müavinətlə təmin olunduğunu bildirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin rəis müavini Ş.Xələfov onlara iki dəfə iş təklif edildiyini vurğulayır: "Həmin vətəndaşlara münasib iki iş təklif olunur. Əgər vətəndaş həmin iş yerlərində işləmək istəmirsə, onun statusu ləğv olunur. Amma işsiz kimi rəsmi status alan vətəndaş işlə təmin olunmursa, 4 aydan 6-ayadək müavinət alır. Bu müddətdə isə vətəndaş hər ay məşğulluq şöbəsində qeydiyyatdan keçməlidir. Hazırda 5500-dən artıq vətəndaş işsizliyə görə müavinət alır. Ötən il işsizlərə ödənilən müavinətin məbləği 24 manatdan 55 manata qaldırılıb.
Müavinətlərin minimum məbləği 55 manat, maksimum məbləği isə orta aylıq əməkhaqqından yüksək olmamalıdır. Məbləğin minimum əmək haqqına çatdırılması düzgün deyil. Çünki bu halda işləməyə maraq azala bilər. Üstəlik, müavinətlər 6 ay nəzərdə tutulsa da, yaxşı olar ki, işsiz vətəndaş bu müddətdə işlə təmin olunsun və müavinətin verilməsi dayandırılsın". Ş.Xələfov may ayından başlayaraq respublika ərazisində əmək yarmarkalarının keçiriləcəyini bildirib: "Hazırda əmək bazarının vəziyyəti öyrənilir. Boş iş yerləri barədə məlumatlar toplanılır. May ayından başlayaraq həm bölgələrdə, həm də paytaxtda əmək yarmarkalarının keçirilməsinə başlanılacaq. 2009-cu ildə respublikanın şəhər və rayonlarında keçirilən 56 əmək yarmarkasında 3022 müəssisə 24190 boş iş yerinə işçi axtarıb. Əmək yarmarkaları nəticəsində 8132 nəfər işaxtaran münasib işlə təmin olunub. Bu yarmarkalar vasitəsilə 866 nəfər peşə hazırlığı kurslarına, 419 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib. İndi müəssisələrdə peşə ixtisası üzrə kadrlara ehtiyac olsa da, belə işçilər tapmaq çətindir. Əvəzində ali təhsilli vətəndaşlar arasında iş axtaranlar daha çoxdur". Nazirlik rəsmisinin sözlərinə görə, "İşçi tələb olunmur" tipli elanlar işsizlərin sayının artmasının göstəricisi deyil: "Sadəcə, işəgötürənlər peşəkarların işə cəlb olunmasına çalışır. Yəqin ki, həmin şirkətlərin özlərinin də artıq kifayət qədər işçisi var. Ötən il bu məqsədlə təxminən 15 000 müəssisəni əhatə edən təhlil aparılıb. 8 000 müəssisədən verilən məlumata əsasən, gözlənilən ixtisarlar 0,2 faiz ola bilər. Bu da göstərir ki, maliyyə böhranının təsirindən işsizlərin sayının artması olmayıb". Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyindən bildirdilər ki, tikinti şirkətləri hazırda peşəkarların işə cəlb edilməsinə maraq göstərir: "Hazırda tikinti sahəsinə peşəkarların cəlb edilməsi istiqamətində işlər aparılır. Sovet dövründə peşə məktəbləri fəaliyyət göstərirdi. Buna görə də bütün sahələr üzrə ən azı peşə təhsilli şəxslər çalışırdı. Amma müstəqillik əldə etdikdən sonra vətəndaşlar hansı sahədə iş tapsa, orada işləməyə üstünlük verir. Hazırda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Baş Məşğulluq İdarəsi tərəfindən yeni ixtisas kursları təşkil edilib. Orada daha çox tələbat olan sahələr üzrə ixtisaslı işçilər hazırlanır. Bundan başqa, Əmək Problemləri İnstitutunda kurslar təşkil edilir. Orada da tikinti sahəsi üçün işçilər hazırlanmasına üstünlük verilir. Lakin işçinin işə götürülməsi hüququ işəgötürənə verilib. İşə qəbul edilən işçinin peşəkarlığı həmin şəxslər tərəfindən yoxlanılmalıdır". Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin işlə təminatı üçün müxtəlif tədbirlər üzərində işləyir. Belə bir tədbir hazırlanır ki, kiçik biznesi təşkil etmək üçün işsizə 6 aylıq müavinət qədər, yəni 330 manat pul verilsin. Bunun üçün, məsələn, paltar tikmək və sair kimi evdə fəaliyyət göstərə bilər. İşsiz adam bu xidmətlə məşğulluğunu təmin edə bilər. Bununla yanaşı, nazirlik təklif edir ki, hərbi xidməti başa vurmuş vətəndaşları işə götürmək üçün bəzi müəssisələrə dotasiyalar verilsin. Bu halda işçinin 1 il müddətində əməkhaqqının yarısını sahibkar, yarısını isə dövlət maliyyələşdirəcək. İl başa çatdıqda sahibkarlar həmin şəxsləri işə götürə bilərlər.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.